Molla Pənah Vaqifin muzey məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və E.İ Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılmışdır. Kompleksin açılışı 1982-ci ilin yanvar ayında baş tutmuşdur. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdir. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan səksənə yaxın eksponatda sərgilənirdi.
Kompleksin inşası dörd ilə yaxın davam etmiş və DQMV -nın erməni rəhbərliyinin hər hansı maneələrinə baxmayaraq yanvar ayının 14-də açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP MK-nın Siyasi bürosuna üzvlüyə namizəd Heydər Əliyev, Azərbaycanın tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak etmişdilər. Tədbirdə Heydər Əliyev geniş nitqlə çıxış etmiş bu mərasimin böyük əhəmiyyətindən danışmışdır. Mərasimdə xalq yazıçısı Mirzə İbrahimov və xalq şairi Süleyman Rüstəm, habelə Şuşa Rayon Partiya Komitəsinin birinci katibi Niyaz Hacıyev və digər natiqlər çıxış etmişdilər.
Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarsa eksponat məhv edilmiş və aparılması mümkün olanları isə daşınmışdır.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru