Dekabrın 5-də Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada təşkil olunmuş görüşü çərçivəsində baş tutan danışıqlarda Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda mövcud vəziyyət müzakirə edilib.
Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.
Nazir vurğulayıb ki, görüş çərçivəsində bir sıra ikitərəfli layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparmaq imkanı olacaq. O, danışıqlarda regional təhlükəsizlik, o cümlədən postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, eləcə də “3+3” formatında əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçiriləcək.
Sergey Lavrov Azərbaycan ilə Rusiya arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda münasibətlərin inkişafından danışıb. O, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. S.Lavrov iki ölkənin iqtisadi sahədə qarşılıqlı fəaliyyətlə əlaqədar bir sıra iri layihələr, o cümlədən “Şimal-Cənub” beynəlxalq dəhlizi çərçivəsində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Rusiyanın xarici siyasət idarəsinin rəhbəri, eyni zamanda, görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair məsələlərin də müzakirə olunacağını vurğulayıb. Rusiyalı nazir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “3+3” platformasının perspektivli olduğunu qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva