Nəsimi rayonunda yerləşən “Zabitlər bağı”nda Qurban bayramı münasibətilə şəhid ailələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə əlilləri və rayon ictimaiyyəti iştirak edib.
Görüşdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov görüş iştirakçılarını Qurban bayramı münasibətilə təbrik edib, ölkəmizdə sabitliyin, inkişafın, birliyin, vicdan azadlığının və tolerantlığın təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirilib ki, dövlətimizin başçısının yürütdüyü siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələri daha da möhkəmlənib, bir çox məscid və dini ibadət yerləri əsaslı təmir olunub. Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Müqəddəs Qurban bayramı ərəfəsində Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sosial aksiya da keçirilib.
Aksiya zamanı rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon təşkilatının üzvlərinə, Vətən müharibəsi, 20 Yanvar və Çernobıl əlillərinə, rayon ərazisində fəaliyyət göstərən digər ictimai birliklərin üzvlərinə, sosial qayğıya ehtiyacı olan rayon sakinlərinə, bütövlükdə 2000-dən artıq ailəyə qurban payları və maddi yardımlar təqdim olunub.
Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına, müqəddəs Qurban bayramı ərəfəsində onlara göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.