(1917 -20) – erməni-daşnak silahlı dəstələrinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri kütləvi soyqırımlarından biri.
Rusiyada çarizmin devrilməsi ermənilərin Azərbaycanda həyata keçirdikləri türk-müsəlman soyqırımlarının yeni dalğasının başlanmasına təkan verdi. 1917-ci ilin əvvəllərindən 1918-ci ilin martınadək təkcə İrəvan quberniyasında 197 Azərbaycan kəndi erməni silahlı qüvvələri tərəfindən dağıdıldı və boşaldıldı. Onların da müəyyən hissəsi həmin quberniyaya daxil olan Naxçıvan qəzasına və digər qonşu qəzalara aid idi. Zaqafqaziya seyminin Azərbaycandan olan təmsilçiləri bütün bu vəhşilik və zorakılıq hərəkətlərinə ciddi etiraz etmişdilər.
S.Şaumyanın vasitəçiliyi ilə sovet Rusiyasının himayə və yardımına nail olan ermənilər, xüsusilə də Andronikin silahlı quldur dəstəsi 1918-ci ilin iyun-avqust aylarında Naxçıvan mahalının dinc türk-müsəlman əhalisinə heç bir çərçivəyə sığmayan vəhşiliklə divan tutdular. Andronikin yürüşü zamanı ermənilər Yaycı kəndinin əhalisinin ciddi müqavimətilə üzləşsələr də, oranı viran qoymuşdular. Onlar Culfada Araz çayı üzərindəki körpünü yandırmış və Ordubadda 2000 türk-müsəlmanı qətlə yetirmişdilər. 300-ə qədər adam Arazı keçərkən boğulmuşdu. Yaycı kəndində ermənilər tarixdə bənzəri olmayan vəhşiliklər törətmişdilər (insanların kürəyinə qaynar samovar bağlanması, hamilə qadınların qarınlarının xəncərlə yırtılması və s.).
Digər bir erməni silahlı dəstəsi 1918-ci ildə “Yaqon” ləqəbli quldurun başçılığı ilə Naxçıvan şəhərindən 40 km şimalda yerləşən Almalı yaşayış məntəqəsinin əhalisini qıraraq, öz tarixi yurdlarından didərgin salmışdı. Təxminən 2000 kişi öldürülmüş, xeyli gənc qadın əsir aparılmışdı. Osmanlı ordu hissələrinin Kazım Qarabəkir paşanın komandanlığı ilə Naxçıvan bölgəsinə gəlişi mahalın əhalisini daha irimiqyaslı qırğınlardan xilas etdi. 1919-cu ilin əvvəlində erməni polkovniki Doluxanovun başçılıq etdiyi silahlı qüvvələr Şərur-Sədərək ərazilərində onları duz-çörəklə qarşılayan dinc əhaliyə qarşı zorakılıqlar törətdilər. Müsəlmanlar yaşayan 8 kənd mühasirəyə alındı, Dəmirçi kəndi dağıdıldı və qarət olundu, 60 nəfər həbs edilərək İrəvana göndərildi, 200 nəfər Arazı keçmək istərkən çayda boğuldu. Yerli əhali ilə toqquşmada ağır itkilər verən erməni hərbi hissəsi geri çəkilməyə məcbur oldu.
1919-cu ilin 1-ci yarısında Naxçıvan mahalında həyata keçirilən ingilis və erməni idarəçiliyi zamanı da mahalın azərbaycanlı əhalisinə qarşı ağlasığmaz zorakılıqlar edildi. Təxminən iki aylıq “erməni idarəçiliyi” (1919, may -iyul) müddətində yalnız Naxçıvan şəhərində 330-adək axtarış aparılmış, 500-600 nəfər həbs olunmuş, 100-150 nəfərə isə dəhşətli işgəncələr verilmişdi. Bölgənin yerli əhalisinin “erməni idarəçiliyi”nə qarşı bir həftəlik üsyanının (19-25 iyul) uğurla nəticələnməsi, yəni daşnak silahlı dəstələrinin mahaldan çıxarılması yeni soy-qırımların qarşısını aldı.
Ermənilərin yürütdükləri “yandırılmış torpaq” – etnik təmizləmə siyasəti nəticəsində Naxçıvan mahalı 1918-20-ci illərdə böyük qaçqınlar ordusu problemi ilə də üz-üzə qaldı. Bir tərəfdən, ermənilərin İrəvan ətrafından və Zəngəzurdan qovduqları türk-müsəlman əhali Naxçıvana pənah gətirmiş, digər tərəfdən isə, Andronikin yürüşü və “erməni idarəçiliyi” zamanı bölgənin xeyli yerli sakini Cənubi Azərbaycana üz tutmuşdu. Erməni hərbi hissələrinin Ordubad mahalına 1920-ci ilin martındakı hücumları da çoxsaylı dinc əhalinin qırılması ilə nəticələnmişdi.
Naxçıvan mahalının türk-müsəlman əhalisi Şimali Azərbaycan Rusiya tərəfındən yenidən işğal olunduqdan sonra, sovet hakimiyyətinin ilk çağlarında da ermənilərin törətdikləri soyqırımlarına məruz qalmışdır. Belə dəhşətli qırğınlardan biri 1920-ci ilin yay aylarında həyata keçirilmişdi. Erməni silahlı qüvvələrinin Zəngibasar-Vedibasar-Şahtaxtı-Şərur istiqamətindəki qanlı yürüşü zamanı həmin ərazilərin dinc əhalisinə qarşı törədilən vəhşilik və zorakılıqlara dair rəsmi araşdırma-təhqiqatlar aşağıdakı dəhşətli faciələri üzə çıxarmışdı:
Zəngibasarda 48 kənd tamamilə yandırılmış, 18 qız və gənc qadın əsir aparılmış, 400-dən çox uşaq, 150 qoca kişi və qadın öldürülmüş, 100 xəstə yandırılmış, 816 qaçqın Arazda boğulmuş, 160 min nəfər isə Cənubi Azərbaycana keçərək, orada evsiz-eşiksiz qalmışdı; Vedibasarda 118 kənd yandırılmış, 900 nəfər artilleriya atəşlərilə öldürülmüş, 6 qadın əsir aparılmış, 300-dən artıq uşaq və qoca qətlə yetirilmişdi; Dərələyəzdə 74, Şərur və Şahtaxtıda isə 76 kənd yandırılmışdı. Şərurda 810 xəstə yatağındaca qətlə yetirilmiş, 144 qadm əsir götürülmüş, 72 nəfər top atəşilə məhv edilmiş, 150 qoca və qadın öldürülmüşdü. Şahtaxtıda isə 3 qadın əsir aparılmış, 35 uşaq, 14 qoca kişi, 8 qadın və 9 xəstə qətlə yetirilmişdi.
Bütövlükdə, 1918-21-ci illərdə erməni quldur dəstələri Naxçıvan bölgəsində 73727 nəfər türk-müsəlman əhalisini vəhşicəsinə qətlə yetirmişdilər.
Bütün bu mahallardan 50000 iri və xırda buynuzlu mal-qara aparılmışdı. Onların 500 min nəfərlik əhalisi tamamilə yoxsul vəziyyətə düşmüşdü. Kütləvi qırğın və talanlardan Cənubi Azərbaycana qaçanların 45 mindən çoxu aclıqdan və xəstəliklərd n tələf olmuşdu. Qaçqınların 70 mini Cənubi Azərbaycanda, 400 min nəfəri isə Naxçıvanda, onun ətrafındakı ərazilərdə yurdsuz-yuvasız qalmışdı.
1921-ci ilin yanvarında Naxçıvan əhalisinin referendum əsasında Azərbaycanın tərkibində qalmaq arzusunu qəti şəkildə bildirməsi, Moskva və Qars müqavilələri (1921) ilə diyara Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsi və Naxçıvan Muxtar Respublikasının yaradılması (1924) ilə bölgədə türk-müsəlmanların soyqırımına qismən son qoyuldu. Lakin “Böyük Ermənistan” yaratmaq kimi sərsəm xülyalarla yaşayan erməni şovinistləri sonralar da bu siyasətdən əl çəkməmiş, zaman-zaman bütün 20 əsr boyu açıq və gizli şəkildə davam etdirmişlər (30-cu illərin qanlı repressiyaları, 40-50-ci və 80-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Qərbi Azərbaycandan kütləvi surətdə deportasiyası və s.). 1990-93-cü illərdə Ermənistanın Naxçıvan Muxtar Respublikasına silahlı təcavüzü nəticəsində muxtar respublikanın Şərur-Sədərək bölgəsində qanlı döyüşlər getmiş, bu döyüşlərdə 108 vətənpərvər şəhid olmuş, 500-ə yaxını yaralanmış, 500-ə yaxın yaşayış evi, ictimai-inzibati bina, sosial obyektlər dağıdılmışdır. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanında erməni millətçilərinin Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da xalqımıza qarşı dəhşətli soyqırımları törətdikləri qeyd olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, II cild, Bakı, 2005, s.246-248
09.01.2018