Azərbaycan və Slovakiya coğrafi baxımdan yaxın ölkələr olmasalar da, bu, qarşılıqlı əlaqələrin inkişafına maneə yaratmır. Azərbaycanda səfirliyimizin açılması ölkənizlə qarşılıqlı münasibətlərə verdiyimiz dəyərin əyani göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiya Respublikasının xarici və Avropa işləri naziri İvan Korçok Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə martın 17-də baş tutan görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan Avropa İttifaqının vacib enerji tərəfdaşıdır. “Slovakiya üçün ərazi bütövlüyü məsələsi olduqca vacib prioritetdir. Bu baxımdan Qarabağ probleminin həll olunmasının xüsusi əhəmiyyətə malik olduğunu düşünürük. Slovakiya beynəlxalq sferada Azərbaycana dəstəyini bundan sonra davam etdirəcək”, – deyə qonaq vurğulayıb.