Bu il Şuşada 1 nömrəli məktəbin açılması ilə yanaşı, Xocalı, Xankəndi və Cəbrayıl şəhərlərində, habelə Sus kəndində məktəblərimiz fəaliyyətə başlayacaq. Bununla da 10-a yaxın məktəbimizin fəaliyyəti təmin ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, Suqovuşan və Kəlbəcərdə tikilən məktəblərdə tədris köç prosesinin vaxtına uyğun olmaqla oktyabr və noyabr aylarında başlayacaq: “2025, 2026, 2027-ci illərdə daha çox məktəbin fəaliyyətə başlaması nəzərdə tutulur. Çünki onların tikintisi hazırda davam etdirilir”.