Cənubi Qafqazda zubrların son nəsli 1937-ci ildə kəsilib. Nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Avropanın müxtəlif ölkələrindən zubrlar gətirilərək Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə təbiətə buraxılır. Hazırda Şahdağ Milli Parkında zubrların sayı 29 başdır. Onların 20 ədədi Şahdağ Milli Parkının ərazisinə buraxılıb. Ən son olaraq noyabr ayında 9 baş zubr gətirilib. Onlar təbiətə uyğunlaşması üçün milli parkın ərazisində volyer şəraitdə saxlanılır. Daha sonra həmin zubrlar da digər fərdlər kimi Şahdağ Milli Parkının ərazisinə buraxılacaq. 2019-cu ildən bu yana milli parkda beş bala dünyaya gəlib. Balalar sağlamdır və təbiətə tam uyğunlaşıb.
AZƏRTAC xəbər verir ki, bunu Şahdağ Milli Parkının direktor müavini Cəlil Rzazadə deyib.
C.Rzazadənin sözlərinə görə, qışda yem bazası olmadığına görə zubrlar quru ot, yem, ağac qabığı, meyvə qalıqları, digər fəsillərdə isə əsasən təbii ot örtüyü ilə qidalanırlar. Onların qidaları yoxlanışdan keçəndən sonra verilir.
“İsveçrə, Almaniya və Rusiyadan həkimlər gələrək monitorinq aparıb, zubrların təbiətə uyğunlaşıb-uyğunlaşmadığını öyrəniblər. Azərbaycanda bu sahə üzrə mütəxəssis yoxdur. Onları müayinə və müalicə etmək üçün tez-tez xaricdən həkimlər gətirilir. Həmçinin WWF-in ölkəmizdəki nümayəndəliyinin əməkdaşları mütəmadi monitorinq keçirirlər. Yoxlanışlar nəticəsində zubrların bizim təbiətə uyğunlaşdığı məlum olub. Zubrlar çox nadir hallarda balalayırlar. Yer və yemlənmə yaxşı olmayanda bala vermirlər. Hazırda təkrar balalama ehtimalı olan fərdlər var”, – deyə C.Rzazadə qeyd edib.