– Elə sənət adamları var ki, öz reklamlarına həvəslə vaxt da, enerji də, pul da ayırırlar. Sizdə isə bunun tam əksinədir…
Bu gün Tarverdi Quliyev 30-40 il əvvəl, yeni-yeni bu sənətə yiyələndiyi dövrlə müqayisədə yaradıcılıq baxımından planlarını reallaşdıra bilibmi?
– 1980-ci illərin axırında Leninqradda, sonra bu şəhərin adı oldu Sankt-Peterburq, mən özümü daha çox rəssam kimi hiss edirdim. Oradakı mühit, şərait, məni əhatə edən insanlar məni çox həyəcanlandırır, düşündürür, işləməyə sövq edirdi. Lakin Bakıya qayıtdıqdan sonra, ailə qayğıları ön plana çıxdı. Elə buna görə də bir növ sanki ailə problemləri mənim bir az önə çıxmağımı, yaradıcılıq planlarımı əngəllədi.
AXTARDIĞIMA, İSTƏDİYİMƏ HƏLƏ GƏLİB ÇATMAMIŞAM
– Bu sənətlə məşğul olmağa başlayanda insanın müəyyən hədəfləri olur. Bax, həmin hədəflərin nə qədərinə siz nail olmusunuz?
– Özünü tapma mənasında danışsam, deməliyəm ki, bu gün də axtarışdayam. Düzdür, bəzi işlərimdə qarşıda qoyulan hədəfə nail ola bilmişəm. Amma sözün həqiqi mənasında rəssamam, deməyə hələ də qorxuram. Çünki rəssam işlərini ortaya çıxarmalıdır. Mənsə işlərimin çoxu ilə razı deyiləm. Axtardığıma, istədiyimə hələ gəlib çatmamışam.
– Yaradıcılığın toxunulması mümkün olan parametrləri də var. Məsələn, rəssamsansa fəxri adların, fərdi sərgilərin, ardıcılların olmalıdır, əsərlərin muzeylərdə, qalereyalarda, şəxsi kolleksiyalarda saxlanılmalıdır və s. Bunlardan hər hansısa Sizdə varmı?
– Fəxri adım və ya ardıcıllarım yoxdur. İllərdən bəridir ki, fərdi sərgi keçirməyə hazırlaşıram, amma hələ ki, əsərlərimi bir yerə yığıb, ortaya çıxara bilməmişəm. Amma Fransada, İngiltərədə, İsraildə şəxsi kolleksiyalarda həm rəngkarlıq, həm də heykəltəraşlıq işlərim var.
…ÖZ YOLUMU AXTARIRAM
– Amma bunların olmasını planlaşdırırsınızmı?
– Əlbəttə. Amma hələlik bayaq dediyim kimi, öz yolumu axtarıram. Bəlkə də başqaları indi mənim getdiyim yolda özünü daha rahat hiss edərdi. Mən isə hesab edirəm ki, hələlik getdiyim yol məni qane etmir.
– Onda belə demək olarmı ki, Tarverdi Quliyev uğursuz rəssamdır?
– Bəli, belə də demək olar. Hərçənd içimdən bir səs bu fikirlə razılaşmır.
– Həqiqətən fəxr etdiyiniz və razı qaldığınız işləriniz varmı?
– “Xalqlar dostluğu” metrostansiyasındakı və Bakıdakı katolik kilsəsindəki işlərimdən razıyam. Hər ikisi müştərək işdir. Həmin işlərdə bayağılıq, kiməsə özünü oxşatmaq və ya göstərmək cəhdi yoxdur. Orada yalnız müasirlik, sənətə münasibət, sadəlik və gözəllik var. Hərçənd orada da bəzi problemlər var.
QARABAĞ MƏNİ DÜŞÜNDÜRƏN MÖVZULARDANDIR
– Tarverdi müəllim, Qarabağ dərdi, Qarabağ müharibəsi hər birimizin içində qövr edən yaradır. Bu mövzuya neçə dəfə müraciət etmisiniz?
– Qarabağ mövzusu hələ 1980-ci illərin sonundan məni düşündürən mövzulardandır. “Qarabağ motivi”, “Xocalı faciəsi” mövzusunda heykəltəraşlıq əsərlərim var. Hətta dəfələrlə satın almaq istəsələr də satmağa əlim gəlməyib. Şotlandiyada keçirilən sərgidə Qarabağ mövzusunda bir neçə əsərlə iştirak etmişəm.
– Uğurlar.
1905.az