Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında Sərəncam imzalayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sərəncama əsasən, xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılması, nəsildən-nəslə ötürülməsi işinə töhfə vermək məqsədilə parlamentin inzibati binasındakı görüş otaqlarına və iclas salonlarına aşağıdakı adlar verilib. İclas salonları müvafiq olaraq “İstiqlal”, “Respublika”, “Qarabağ”, “Xəzər” və “Xarı bülbül” bağı, görüş otaqları isə “İpək yolu” və “Odlar yurdu” adlandırılıb.
Bununla yanaşı, bildirmək istəyirik ki, Milli Məclisin inzibati binasında deputatların fəaliyyəti üçün müasir texnologiyaların nailiyyətlərindən istifadə etməyə imkan verən plenar iclas zalı və müstəqil Azərbaycanın memarı olan ümummilli liderin adını daşıyan, müxtəlif eksponatlara və nəşrlərə malik Heydər Əliyev xatirə zalı fəaliyyət göstərir.