Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı söyləyib.
Rize-Artvin Hava Limanının açılışının Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürü olduğunu bildirən dövlətimizin başçısı deyib: “Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır”.
Türkiyənin bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə, söz sahibinə çevrildiyini, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadir olduğunu vurğulayan dövlətimizin başçısı bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd edərək bildirib: “Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır”.