Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında iştirak ediblər.
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq aqroparkların yaradılması geniş vüsət alıb. “Ulu Aqro” MMC-nin Qax Aqroparkının yaradılması da bunun bariz nümunəsidir. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq etmək və bununla da nəinki yerləşdikləri bölgələrin, ümumilikdə, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixracyönümlü məhsulların sayının çoxaldılması ilə ixrac potensialımızın artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli rol oynayır. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışı bütünlükdə bu zənciri özündə birləşdirir. Bu zəncir kənd təsərrüfatı məhsullarının tarladan istehlakçının süfrəsinədək bütün mərhələlərini özündə əks etdirir. Bu isə kənd təsərrüfatı məhsullarının istehsalına çəkilən xərclərin, eləcə də onların maya dəyərinin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə imkan verir. Nəticədə istehlakçıya yüksək keyfiyyətli və daha ucuz qiymətə kənd təsərrüfatı məhsulu çatdırmaq mümkün olur. Bu cür layihələrin icrası daha bir mühüm məqamı özündə ehtiva edir: Aqroparkların məşğulluğun artırılmasına, yeni iş yerlərinin yaradılmasına töhfəsi böyükdür.
AZƏRTAC xəbər verir ki, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Qax Aqroparkında görülən meliorativ tədbirlər, həmçinin Əyriçay su anbarı magistral kanallarının planı barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, Qax rayonunun “Ağyazı” qışlaq otlağının ərazisində yerləşən aqroparkın yaradılması üçün meliorativ tədbirlərə 9 milyon manat, elektrik təminatına 4,7 milyon manat olmaqla, ümumilikdə 13,7 milyon manat dövlət əsaslı investisiya qoyulub. Aqroparkın ümumi ərazisi 2094 hektardır. Suvarılan sahə 1268 hektarı əhatə edir. Ərazinin 863 hektarında 28 pivot qurğusu qurulub, 405 hektarında isə “damcılama” sistemi yaradılıb. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatı üçün Aqroparka dövlət investisiyaları hesabına 4,6 kilometr uzunluğunda su xətti çəkilib, tutumu 50 min kubmetr olan beton su hovuzu tikilib, bütün zəruri meliorativ tədbirlər görülüb. Buraya dövlət vəsaiti hesabına 15 kilometr məsafədən 10 kV-luq elektrik xətti çəkilib, transformatorlar quraşdırılıb. Aqroparka yaxın ərazidən keçən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunda əsaslı təmir işləri aparılıb.
Qeyd edək ki, ölkəmizdə hazırda 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1,4 milyard manatdan çox olan 45 aqropark və iri fermer təsərrüfatlarının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Aqroparkların təşkili üçün dövlət vəsaiti hesabına infrastrukturun yaradılmasına, ümumilikdə 219 milyon manat investisiya qoyulub. İndiyədək investisiya dəyəri 469 milyon manatdan çox olan 17 aqroparkın yaradılmasına 111 milyon manat güzəştli kredit ayrılıb və 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. İlin sonunadək daha 13 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına və birinci xanıma İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə Şəki-Zaqatala iqtisadi rayonunda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr, həmçinin tütün, fındıq, bal, quru meyvə istehsalı üzrə respublika, o cümlədən bu iqtisadi rayondakı ötən ilin statistik göstəriciləri barədə məlumat verdi.
Bildirildi ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 109 milyon manat güzəştli kredit verilib və bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə ümumi dəyəri 74 milyon manat olan 20 sahibkarlıq subyektinə 24 investisiya təşviqi sənədi verilib və bu sənədlər əsasında 6 milyon manat vəsaitə qənaət olunub. Bu iqtisadi rayon üzrə müasir texnologiyaların tətbiqi ilə güzəştli kreditlərdən istifadə etməklə Şəki və Qax rayonlarında 1400 hektar ərazidə yeni fındıq bağları salınır. Həmçinin Şəki rayonunda 30 tütünqurutma kamerası, “Made in Azerbaijan” brendi ilə xarici bazara məhsulun çıxarılmasına imkan verən, Qax rayonunda balın sənaye üsulu ilə emalı və qablaşdırılması, Balakən rayonunda meyvəqurutma, sərinləşdirici içkilərin istehsalı və qablaşdırması müəssisələri qurulur.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış edərək bu aqroparkın açılışının əhəmiyyətini vurğuladı, kənd təsərrüfatının inkişafına dövlət qayğısından danışdı, hazırda ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edildiyini bildirdi. Son illərdə Qaxda çoxlu infrastruktur layihələrinin icra olunduğunu qeyd edən Prezident İlham Əliyev bu işlərin gələcəkdə də davam etdiriləcəyini bildirdi.
Sonra Prezident İlham Əliyev aqroparkın suvarma sisteminin işə salınmasını bildirən düyməni basdı və əkin sahəsinə baxdı.
Məlumat verildi ki, aqroparkda 1200 hektar sahədə buğda, 169 hektarda qarğıdalı və 65 hektarda soya əkilib. Bundan başqa, 217 hektar badam, 50 hektar qoz, 32 hektar şaftalı, 30 hektar alma, 23 hektar gavalı, 12 hektar ərik və 11 hektar gilas bağları salınıb. Bu aqroparkın yaradılmasına dövlət tərəfindən 2 milyon manat güzəştli kredit verilib. Buraya verilən investisiya təşviqi sənədi sayəsində 183 min manat vəsaitə qənaət olunub. “Ulu Aqro” MMC-nin Qax Aqroparkının illik istehsal gücü 3 min ton meyvə, o cümlədən alma, armud, gilas, ərik, şaftalı və gavalıdır. Bundan başqa, burada il ərzində 0,5 min ton badam, 0,4 min ton qoz, 5,2 min ton taxıl, 2,4 min ton qarğıdalının istehsalı nəzərdə tutulub. Ümumilikdə, burada illik 15,2 milyon manatlıq məhsulun istehsalı gözlənilir. Bu aqropark kənd təsərrüfatının inkişafına təkan verməklə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı, ölkəmizdə rəqabətqabiliyyətli məhsulların sayının və çeşidinin artırılması, ixrac potensialımızın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Aqropark yeni iş yerlərinin yaradılmasına da töhfəsini verir. Belə ki, burada 90 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
Aqroparkın müasir logistika mərkəzi də var. Burada yaradılan idarəetmə mərkəzində iclas və brifinq zalları, kənd təsərrüfatı mütəxəssislərinin qalması üçün on nəfərlik yataq otaqları yaradılıb. Layihənin icrası zamanı aqroparkın logistika mərkəzində informasiya-kommunikasiya texnologiyalarının son yenilikləri tətbiq edilib. Tutumu 4,5 min ton olan taxıl anbarı, sahəsi 5,4 min kvadratmetr olan bina tipli 4 anbar, ofis və yardımçı binalar tikilib. Logistik mərkəzdə, eyni zamanda, 7 yataqxana binası, maşınyuma məntəqəsi inşa olunub, elektron tərəzi, transformator yarımstansiyası, generator quraşdırılıb. Aqroparkda istifadə üçün 13-dən çox adda 54 ədəd texnika və aqreqat alınıb. Gələcəkdə aqroparkın fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur.
Aqroparkın bütün ərazisindəki fəaliyyətə burada yaradılan müasir logistik mərkəzdən nəzarət olunur. Aqroparkın əhatə etdiyi sahədə ən müasir avadanlıq tətbiq edilir. Burada xüsusi meteoroloji stansiyalar da quraşdırılıb. Bu stansiyalar aqroparkın hava durumu, torpağın hərarəti, rütubət kimi amillər barədə logistik mərkəzə məlumatlar ötürür.