Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını yeni il bayramı – Roş ha-Şana münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, təbrikdə etnomədəni rəngarəngliyi ilə seçilən ölkəmizdə yüz illərdir məskunlaşan və Azərbaycanı özünə doğma vətən bilən yəhudi icması sülh, əmin-amanlıq şəraitində yaşayaraq heç vaxt antisemitizmə, ayrı-seçkiliyə məruz qalmadığı, cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabərhüquqlu üzvünə çevrildiyi vurğulanır. Qeyd edilir ki, yəhudi əsilli vətəndaşlarımız respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edir, ümumi evimiz olan Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəmirlər.
Təbrikdə daha sonra deyilir: “Dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda tarixən olduğu kimi, bu gün də yüksək birgəyaşayış mədəniyyəti, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür. Müasir demokratik prinsiplər əsasında insan hüquq və azadlıqlarının təminatı, etnik azlıqların dil və mədəniyyətinin qorunub-saxlanılması, multikultural dəyərlərin və tolerantlıq ənənələrinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindəndir”.
Roş ha-Şananın yeniliyi, mənəvi saflığı, xeyirxahlıq və həmrəylik duyğularını təcəssüm etdirdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycanın yəhudi icmasına ən səmimi arzularını çatdırıb: “Qoy, bu nurlu bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin”.