Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən dünən iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumları nəticəsində 2 mülki şəxs – Şuşa şəhərində mənzil-kommunal və təmir xidməti mühəndisi işləyən 1967-ci il təvəllüdlü Vidadi Fərhadov adlı şəxs qətlə yetirilib, Ağdam rayonunda isə ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin ekskavator operatoru 1992-ci il təvəllüdlü mülki şəxs Mehman Həsənovun çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov sentyabrın 20-də keçirilən brifinqdə söyləyib.
“Bütün bunlar onu göstərir ki, qanunsuz erməni silahlı birləşmələri yenə də əvvəlki dövrdə olduğu kimi mülki şəxslərə qarşı terror cinayətlərini törətməkdə davam edir. Baş vermiş hər bir faktla bağlı cinayət işləri başlanmaqla istintaq aparılır, hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətləri aparılır, həmçinin mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Təəssüflər olsun ki, dünəndən bəri bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən əhalinin həssas olduğu mövzulara dair, xüsusilə yalandan çoxlu sayda şəhidlərimizin olması barədə süni ajiotaja səbəb olan, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş informasiyalar ictimailəşdirilir.
Nəzərə çatdırılır ki, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması məsuliyyətə səbəb olur”,- K.Zeynalov vurğulayıb.
O bildirib ki, hüquq-mühafizə orqanları hazırda koordinasiyalı fəaliyyət göstərir və bu tipli istənilən qanunsuz hərəkətin qarşısı alınacaq: “Qanunsuz hərəkətə yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaq.
Əminliklə bildiririk ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, yenə də vətəndaş-dövlət birliyini nümayiş etdirəcək və qanunsuz əməllərə yol verilməyəcək”.