Martın 27-də Fransanın “Le Figaro” qəzetində Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində yaratmış olduğu və tarixin zibil qutusuna atılmış qanunsuz rejimin tör-töküntüləri ilə müsahibə dərc edilib.
Azərbaycanın xalqlar arasında nifaqı geridə qoymağa xidmət edən, anlaşmaya, barışığa əsaslanan, humanist siyasəti sayəsində sərbəst qalmış bu şəxs indi yenidən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd etmək fikrinə düşüb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda, həmçinin diqqətə çatdırılıb ki, sözügedən şəxs separatçı strukturların Ermənistan ərazisində fəaliyyətini davam etdirdiyini bildirib, Fransa başda olmaqla, xarici gücləri regionun məsələlərinə müdaxilə etməyə çağırıb və Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına qarşı çıxıb. Həmin separatist ünsürlər özlərini “mühacir hökumət”, “prezident”, “nazir” kimi təqdim edir, Ermənistan hökuməti isə faktiki olaraq buna göz yumur.
Qeyd edək ki, müsahibənin məhz Fransanın mətbuat orqanlarının birində dərc olunması təsadüfi deyil. Fransa başda olmaqla, öz mənfur geosiyasi niyyətləri ilə regiona daxil olmağa çalışan bəzi qüvvələr regionda sülhün əldə edilməsinə yol vermək istəmirlər və bunun üçün bütün vasitələrlə gərginliyi artırmağa çalışırlar. Ermənistanın hərbiləşdirilməsinə yardımlar, bu müsahibə, aprelin 5-də keçiriləcək Ermənistan-ABŞ-Avropa İttifaqı sammiti – bunların hamısı eyni xəttə xidmət edən vahid kampaniyanın tərkib hissələridir.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq Fransanın oyunlarına getməməyə çağırır. Ermənistan anlamalıdır ki, öz ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd edən ünsürlərin fəaliyyətinə şərait yaratması yolverilməzdir.
Qərbi Azərbaycan İcması Ermənistandan revanşist və militarist siyasətinə son qoymağı, Azərbaycanla sülh əldə etmək yolunu tutmağı və Qərbi azərbaycanlıların öz evlərinə qayıtmalarına şərait yaratmağı tələb edir.