
Qərbi Azərbaycanın Yaycı kəndi Zəngəzur regionunda yerləşir. Yaycı kəndi keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının, Gorus rayonu ərazisində yalnız türklərin yaşadıqları inzibati yaşayış məntəqəsi olub. Yaycı kəndi, Vilayət mərkəzi Qafan şəhərindən 79 kilometr şimalda, dəniz səviyyəsindən 1730 metr hündürlükdə yerləşir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il 3 iyul tarixli fərmanı ilə Yaycı kəndinin adı dəyişdirilərək “Harjis” qoyulub. 1995-ci il noyabrın 7-də qəbul edilmiş “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” Qərara əsasən, mərkəzi Qafan şəhəri olmaqla, Gorus, Mehri, Qarakilsə, Kacaran, Aqarak və Dəstkert şəhərlərini əhatə edən Qərbi Zəngəzur bölgəsi bütövlükdə Sünik vilayətinin inzibati ərazisinə daxildir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.
O bildirib ki, Yaycı adlı kəndlər Qərbi Azərbaycanın Dərələyəz, Dərəçiçək, Sürməli, Zəngəzur, Ağcaqala eləcə də Naxçıvan Muxtar Respublikasında üç Yaycı kənd, Türkiyənin İğdır ərazisində Yaycı adlı yaşayış məntəqəsi hazırda mövcuddur. Toponim yaycı Türk tayfasının adı əsasında yaranıb. Türkiyəli alim Nihat Çətinkaya İğdırdakı Yaycı kənd adının etimologiyasına toxunaraq “İğdır tarixi” adlı əsərində yazır ki, yaz vaxtı heyvanlarla yaylağa köçən, yayılan, yaylaqçı türklərə “yaycı” deyilib. Firudin Rzayev qeyd edir ki, Yaycı sözü yay-çı kimi qəbul etsək, müasir dilimizin “hazırlayan” və ya “yay düzəltməklə məşğul olan” anlamı üzərində dayanmalıyıq. Qədim Türk şamanlarda – qamlarda irəlini görmək üçün icra olunan ayinlərdə yaydan müqəddəs bir əşya kimi istifadə olunurdu və bu işlə məşğul olanlara, yəni irəlini görənlərə, olacağı xəbər verənlərə “yaycı” deyirdilər. Elmi qaynaqlarda bir daha qeyd olunduğu kimi, Yaycılar mənşəcə oğuz tayfalarından hesab olunurlar. Onların bir qismi XII-XIII əsrlərdə Azərbaycana gəliblər. Yaycı kənd adları eyniadlı tayfa adından yarandığı üçün etnooykonimdir. Beləliklə, Yaycı haqqında birmənalı olmayan fikir formalaşıb.
F.İsmayılov qeyd edib ki, Yaycı kəndinin IX-XII əsirlərdə yarandığı təxmin edilsə də, kəndin ərazisindəki qəbirüstü abidələr, bədii daş nümunələri və memarlıq qurğuları kəndin IV-VIII əsrlərdən mövcud olduğu ehtimalını yaradır. Kəndin əzəli sakinləri yalnız türkdilli etnoslar olub. XX əsrin əvvəllərində Çar Rusiyasının təşəbbüsü ilə bu ərazidə məskunlaşdırılan ermənilər, kənddən Türk əhalinin zorla çıxarılmasına nail olublar. Ermənilər tərəfindən onların əmlakları zorla əllərindən alınıb, evləri sökülərək kəndləri xarabalığa çevrildi. Hazırda bu yaşayış evlərinin xarabalıqları, tarix və mədəniyyət abidələrinin qalıqları turistik baxımdan indiki Ermənistan Respublikasına böyük gəlir gətirir. 100 ildən çox sahibsiz qalan bu kəndin ərazisindəki tarix və mədəniyyət abidələri, yaşayış evləri, inzibati binalar öz unikallığı ilə xüsusi olaraq seçilir. Yaycı kəndinin mərkəzində alban memarlıq üslubunda inşa edilmiş, üçnefli, tavan tağlı bir bazilika yerləşir. Arxeoloji və memarlıq xüsusiyyətlərinə əsasən, bu dini tikilinin XII-XIII əsrlərdə Səlcuqlar tərəfindən kəndin sosial problemlərinin həllinə xidmət məqsədilə inşa edildiyi ehtimal olunur. Binanın plan quruluşu və memarlıq detalları bu fikri dəstəkləyir. Təəssüf ki, uzun illər baxımsız qaldığı üçün bazilika hazırda yararsız vəziyyətə düşüb.
AMEA-nın əməkdaşı qeyd edib ki, Yaycı kəndinin yerləşdiyi Bazarçay dərəsi, Tatev monastırından başlayaraq, orta əsrlərə aid körpü, ibadətgahlar, karvansara, at, qoç fiqurları və ermənilər tərəfindən etnik təmizləməyə məruz qalaraq xarabalığa çevrilən və öz xarabalığı ilə də göz oxşayan yaşayış evləri var. Yaycı kəndi ərazisində hələ tədqiq edilməmiş Azərbaycanın xeyli sayda tarix və mədəniyyət abidələri mövcuddur. Bu abidələrdən biri kəndindən iki kilometr cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşən türbədir. Binanın memarlıq quruluşu öz unikallığı ilə xüsusi diqqət çəkir. Abidə yerli bazalt daşlar və əhəng məhlulu ilə düzbucaqlı planda, damı tağlı, ikikameralı unikal binadır. Dəfn yeri hündür bir təpənin üstündə tikilib. Binanın Şərq tərəfi dərin uçurumla əhatələnib, Cənub divarında kiçik pəncərə var.

O deyib ki, dəfn yerinin əsas kamerasının tağla tamamlanan iki giriş qapısı var. Digər kameranın girişi Şimal tərəfə açılır. Hər kamerada bir məzar var. Hər iki məzarın daşları Oğuz-Türk elementləri ilə bəzədilib. Kameranın divarlarının alban xaçlarının klassik nümunələri ilə bəzədilməsi binaya hüznlü bir görkəm verir. Hələ tədqiq olunmadığından, bu maraqlı abidə haqqında heç bir rəsmi məlumat yoxdur. Bu dəfn yerinin kimlər tərəfindən tikildiyi, orada kimin dəfn edildiyi barədə elmə heç nə məlum deyil.

“Qərbi Azərbaycan (indiki Ermənistan) ərazilərində haqqında heç bir məlumat olmayan belə abidələrin çoxluğu ermənilərin bu sahədə manipulyasiya etmələrinə şərait yaradır. Ərazidən azərbaycanlıların tarixi izlərini silmək, əsl həqiqətləri gizləmək üçün şayiələr, rəvayətlər uydurur, bu torpaqların əzəli sakinlərinin həmin ərazilərdə yaşamalarına şübhələr yaratmağa çalışırlar. Bu dəfn yeri haqqında da erməni mənbələri belə bir yalan informasiya yayırlar ki, guya burada dəfn olunan şəxs Alaniya Kralıdır. O zaman belə bir sual yaranır, Alaniya Kralının bu qədər uzaq məsafədən Zəngəzurun gediş-gəliş üçün çətin olan ucqar bir kəndinə gətirilib dəfn edilməsinə səbəb nə olub? Bu sualın izahı erməni yalanını açıq-aşkar ifşa edir. Belə ki, Alaniyanın tarixdə məlum olan ilk adı Coracesiumdur. Eramızdan əvvəl IV əsrdə farslar tərəfindən işğal edildikdən sonra dəniz quldurları üçün sığınacağa çevrildi. Eramızdan əvvəl 139-cu ildə Selevkilər imperiyası şəhəri işğal etdi. Ancaq bundan sonra da şəhər dəniz quldurları üçün sığınacaq olmaqdan xilas ola bilmədi. Şəhər eramızdan əvvəl 65-ci ildə Roma sərkərdəsi Qney Pompei Maqnus tərəfindən Roma İmperatorluğuna birləşdirildi. Xaçlı orduları 1204-cü ildə İstanbulda Latın İmperatorluğunu qurduqdan sonra Anadoluda hakimiyyət boşluğu yarandı. Şəhər 1221-ci ildə Anadolu Səlcuqlu Sultanı Əlaəddin Keykubat tərəfindən ələ keçirildi. Sultan Əlaəddin Keykubat öz feodal ağası Kır Vartın qızı ilə evləndi, şəhəri abadlaşdıraraq qış paytaxtı elan etdi. O, şəhərin adını Alaiye qoydu. 1300-cü ildə Anadolu Səlcuqlarının parçalanmasından sonra şəhər Qaramanlılar bəyliyinin hakimiyyəti altına keçdi. Konyada yerləşən Qaramanlılar 1427-ci ildə şəhəri 5 min qızıl sikkəyə Misir Məmlük Sultanlığına satdılar. Nəhayət, Anadoluda birliyin qurulması və Osmanlı Bəyliyinin yüksəlişi ilə Alaiye 1471-ci ildə Fateh Sultan Mehmetin sərkərdələrindən Gedik Əhməd Paşa tərəfindən Osmanlı İmperatorluğuna birləşdirildi. Osmanlı İmperatorluğu dövründə Alaiye əvvəlcə 1571-ci ildə Kipr vilayətinə, 1864-cü ildə Konya vilayətinə, 1868-ci ildə Antalya sancağına və nəhayət 1871-ci ildə Antalyanın bir mahalına çevrildi. Bu səbəbdən Alaniya xəyali kralının Yaycı kəndində dəfn edilməsi yalan və iftiradan başqa bir şey deyildir. Məlum olduğu kimi, Yaycı böyük tarixi əhəmiyyətə malik qədim Azərbaycan kəndidir. Kənd Qoris-İrəvan magistral yolunun altı kilometr qərbində yerləşir. Yaycı kəndi Şərqdən, Şimaldan və Qərbdən vulkanik təpələr və dağlarla əhatə olunub. Cənubdan Bazarçay dərəsinə enən keçilməz şaquli qayalıqla əhatə edilib”, – deyə F.İsmayılov vurğulayıb.
Onun sözlərinə görə, Yaycı kəndinin yalnız azərbaycanlılardan ibarət olan sakinləri maldarlıq və əkinçiliklə məşğul olurdular. Onlar Naxçıvan, Qarabağ və digər regionların yaşayış məntəqələri ilə ticarət əlaqələri saxlayıblar və bu fəaliyyətlərini Yaycı yolunda tikilmiş karvansara vasitəsilə həyata keçiriblər. Karvansaralar Asiya, Şimali Afrika və Cənub-Şərqi Avropanı, xüsusilə də İpək Yolu ərazisini əhatə edən ticarət yolları şəbəkəsi üzrə ticarət, məlumat və insanların hərəkətini təmin edən infrastruktur idi. Çox vaxt kənd yerlərində, kənd yolları boyunca yerləşən karvansaraların şəhər variantları da tarixən Qərbi Azərbaycan ərazilərində olduğu kimi İslam dünyasının bütün şəhərlərində yayılıb və çox vaxt xanəgah, qonaq evi və başqa adlarla da adlandırılıb.

