Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırmalar aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” seriyasından növbəti yazısını təqdim edir.
Ağhəmzəli kəndi Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 6 kilometr cənub-şərqdə, İrəvan-Naxçıvan-Culfa avtomobil yolunun üstündə, Cəbəçili kəndi yaxınlığında yerləşir.
1830-cu ilə qədər kənddə ancaq azərbaycanlılar yaşayıb. Həmin tarixdən 1948-ci ilə qədər azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olub, daha sonra kənd tamamilə erməniləşdirilib.
“İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Gərni nahiyəsi Molla Polad kəndi kimi qeydə alınıb. “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Gərni nahiyəsi Molla Qulad kəndi kimi qeyd olunub. İcmal dəftərini çapa hazırlayanların kəndin adını düzgün oxuya bilməyərək Molla Qulad adından sonra sual (?) işarəsi qoyması, kəndin ikinci adının Həmzəkənd olması və nəhayət, kəndin Cəbəçili kəndi yaxınlığında yerləşdiyinin göstərilməsi söhbətin Ağhəmzəli (el arasında sadəcə Həmzəli) kəndindən getməsini söyləməyə əsas verir. Kəndin Süleyman Abdulla oğlunun timarı olduğu, 1728-ci ildə bu timarın zeamətə (aşağı rütbəli dövlət məmurlarına verilən dirlik torpaq sahəsi) çevrildiyi də həmin icmal dəftərində qeyd edilib.
İvan Şopendə (1832) və bütün sonrakı mənbələrdə kəndin adı Ağhəmzəli (yerli tələffüzdə Ağhamzalı//Ağamzalı) şəklində qeydə alınıb. Elmi ədəbiyyatda toponimin etnonim səciyyə daşıması, “əxi” sözündən və qızılbaşların həmzəli tayfasının adından yaranması fikri (B.Budaqov, Q.Qeybullayev) mövcud olsa da, adın (ümumiyyətlə, bu tipli toponimlərin) birinci komponentinin ağ (kiçik) və ağa (titul) mənalarını da nəzərdən qaçırmamağı vacib bilirik. Konkret olaraq Zəngibasar mahalının Ağhəmzəli kənd adına gəldikdə isə, biz onun kiçik anlamında ağ sözündən və Həmzəli etnonimindən yaranması qənaətindəyik. Bunu bölgədəki Qarahəmzəli oykoniminin mövcudluğu da təsdiq edir. Yaddan çıxarmayaq ki, türk təfəkkür sistemində ağ-qara bölgüsünə kiçik-böyük, yuxarı-aşağı, sağ- sol və s. ayırmaları şəklində tez-tez rast gəlirik.
Həmzəli tayfasının Qərbi Azərbaycanda geniş yayılmış Ağqoyunlu tayfalarından olduğu, Ağqoyunlu hökmdarı Uzun Həsənin əmisi Sultan Həmzədən başladığı güman edilir. Çox ehtimal ki, həmzəlilər Uzun Həsənin vaxtında İrəvan çuxuruna köçüb burada məskunlaşmışlar.
İvan Şopenin (1832) məlumatında İrəvan əyalətinin Gərnibasar mahalı tərkibində qeydə alınan bu kənddə 332 nəfərdən (118 kişi, 114 qadın) ibarət türk-müsəlman əhalinin, 203 nəfər (101 kişi, 102 qadın) İrandan yenicə köçürülüb gətirilmiş erməninin yaşadığı göstərilib. Kəndin Mehdi bəyin tiyul kəndi olduğu da həmin mənbədə qeyd olunub.
1873-cü ilin statistikasında isə İrəvan quberniyasının İrəvan qəzası tərkibində qeydə alınan Ağhəmzəli kəndinin Norakovit su kəmərinin kənarında, İrəvan-Naxçıvan poçt yolunun üstündə, İrəvandan 14 verstlik məsafədə yerləşməsi barədə əlavə məlumat verilib, kənddə 301 (153 kişi, 148 qadın) azərbaycanlının, 317 (170 kişi, 147 qadın) erməninin yaşadığı göstərilib.
1886-cı ilin statistik məlumatlarında İrəvan qəzasının Hacı Eylas nahiyəsi tərkibində siyahıya alınan kənd əhalisinin nisbəti 273 (120 kişi, 153 qadın) azərbaycanlı və 311 (175 kişi, 136 qadın) erməni şəklində dəyişib.
Ağhəmzəli kəndinin Yeni Bayazid qəzasının Əyricə yaylağında, kənddən 50 verst aralıda 100 desyatin ərazini əhatə edən Daşlıyurd adlı yaylaq yeri olub.
Bundan əlavə, 1886-cı ilə dair mənbədə Gərnibasar mahalının Qaradağlı kəndinin mülkədarı Hacı Mahmud Mirzə oğlunun Ağhəmzəli kəndinin ərazisində Qorux yeri adlı 6,33 desyatin əkin sahəsini hər il üçün 340,20 rubl olmaqla 1884-cü ildən etibarən 3 illiyinə istifadəyə götürdüyü də qeyd olunub.
1897-ci ildə kənddə 376 nəfər azərbaycanlı, 404 nəfər erməni yaşayıb, 1905-ci ildə azərbaycanlıların sayı 457 nəfərə, 1914-ci ildə 740 nəfərə çatıb.
1918-ci ildə erməni daşnaklarının hücumları nəticəsində kəndin bütün azərbaycanlı əhalisi – 843 nəfər soyqırımına məruz qalıb, camaatın bir hissəsi qəddarcasına qətlə yetirilib, sağ qalanlar Türkiyəyə pənah aparıblar.
Sovet hakimiyyətinin ilk illərində ağhəmzəlilərin çox az bir qismi doğma kəndə qayıda bilib. 1922-ci ildə kənddə 369 erməniyə qarşı cəmi 93 nəfər, 1926-ci ildə 543 erməniyə qarşı cəmi 98 azərbaycanlı siyahıya alınıb. Göründüyü kimi, qısa vaxtda (1922-1926) kəndə xeyli gəlmə erməni yerləşdirilib, azərbaycanlıların sayı isə, demək olar ki, dəyişməyib.
1931-ci ildə kənddə 517 nəfər erməni, 207 nəfər azərbaycanlı yaşayıb.
1948-ci ildə kəndin bütün türk-müsəlman əhalisi Azərbaycana deportasiya edilib və daha bir qədim türk yurdu erməniləşdirilib. Kənddə azərbaycanlılara məxsus bütün şəxsi və ictimai əmlak ermənilərə qalıb.
1967-ci il mayın 25-də kəndin Ağhəmzəli adı dəyişdirilərək Marmaraşen qoyulub.
Görkəmli ədəbiyyatşünas alim Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev) əslən bu kənddən idi.
23.11.2023, AZƏRTAC