Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.
Doqquz kəndi Gərnibasar mahalının düzənlik hissəsində, Qəmərli rayonunun mərkəzi olan Qəmərli qəsəbəsindən 6 kilometr şimalda, Gərni çayının sol kənarında yerləşir. XIX əsrin əvvəllərinə qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar. XIX əsrin əvvəllərində kənddə cəmi 2 erməni ailəsi qeydə alınıb, 1828-1829-cu illərdə isə kənddə İrandan gəlmə xeyli erməni qaçqını yerləşdirilib və həmin vaxtdan 1948-ci ilə qədər kənd azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kənd olub. 1949-cu ildə kəndin bütün türk-müsəlman əhalisi Azərbaycana deportasiya olunub, kənd tamamilə erməniləşdirilib.
“İrəvan əyalətinin müfəssəl dəftəri“ndə (1590) və “İrəvan əyalətinin icmal dəftəri“ndə (1728) Gərni nahiyəsinin Doqquz kəndi kimi qeydə alınıb, ikinci mənbədə kəndin başqa adının Qahablı olduğıı və kənddə Əhməd adlı şəxsin adına olan timardan (Qabaqlı Gərdəkdərə məzrəsi ilə birlikdə) dövlətin müxtəlif vergilər şəklində ildə 7 min ağça gəlir götürdüyü göstərilib. Yeri gəlmişkən, həmin icmal dəftərində Abaran nahiyəsində də Qahablı adlı kənd qeydə alınıb.
İ.Şopendə (1832) və bütün sonrakı mənbələrdə kəndin adı Doqquz şəklindədir. Toponimin Qıpçaq türklərinin Tokuzoba (Qaraqalpaqlarda Tokuz) tayfasının adından yarandığı ehtimal olunur (B.Budaqov, Q.Qeybullayev). Lakin xatırladırıq ki, Oğuz türklərinin tayfa birləşmələrindən biri də Doqquz Oğuzlardır. Gərnibasar mahalı isə İç Oğuzun mərkəzində yerləşən bölgələrdəndir. XV əsrdə Anadolunun Maraş əyalətində yaşayan Dul-Qədirli tayfasının qollarından biri elə Doqquz adlanıb. Maraqlıdır ki, Dul-Qədirli tayfasının qolları sırasında Bişanlı, Karkın tirələri mövcud olub və həmin tirə adları ilə bölgədəki Başnalı//Başnəli (Qəmərli rayonu) və Qarxun (Üçkilsə rayonu) kəndləri mövcuddur. XVII yüzilə aid ermənicə mənbədə Doxs kimi yazıya alınan bu toponimə hələ 1500-cü ildə Şah İsmayılla bağlı mənbələrdə rast gəlirik. Belə ki, həmin ildə Şah İsmayıl Çuxur-Səddən keçərək Doqquz-Ulana gəlib. Zaqatala rayonu ərazisində isə Doqquz-Ul dağı mövcuddur.
1831-ci ildə Gərnibasar mahalının Doqquz kəndində 27 təsərrüfatda 127 (65 kişi, 62 qadın) azərbaycanlı, 2 təsərrüfatda 8 (6 kişi, 2 qadın) “yerli“, yəni 1828-ci ilə qədər burada yaşayan erməni və 38 təsərrüfatda 180 nəfər (92 kişi, 88 qadın) 1828-1829-cu illərdə İrandan köçürülüb gətirilmiş erməni siyahıya alınıb.
Bölgə Rusiya tərəfindən işğal olunduqdan sonra dövlətin xeyrinə müsadirə olunan bağlar sırasında İ.Şopen Gərnibasar mahalı ərazisində Doqquz bağının da adını çəkir. 1873-cü ildə kənddə 27 təsərrüfatda 159 (89 kişi, 70 qadın) azərbaycanlı, 41 təsərrüfatda 390 (205 kişi, 185 qadın) erməni yaşayıb.
1886-cı ildə azərbaycanlıların sayı 26 təsərrüfatda 178 nəfərə (81 kişi, 96 qadın), ermənilərin sayı 45 təsərrüfatda 262 nəfərə (146 kişi, 116 qadın) çatıb.
1886-cı ilə dair mənbədə Doqquz kəndi yaxınlığında 60 desyatin ərazini əhatə edən Quzey-ağıl adlı otlaq yerindən də bəhs olunur.
1997-ci ildə kənddə 161, 1905-ci ildə 191, 1914-cü ildə 182 azərbaycanlı yaşayıb. Kənddəki ermənilərin sayı isə sürətlə artmaqda idi.
1918-ci ilin əvvəllərində kəndin 36 təsərrüfatında 210 nəfər azərbaycanlı vəhşicəsinə qovulub, əhali bir neçə il Cənubi Azərbaycan ərazisinə sığınıb.
Bölgədə erməni daşnak hərbi qruplaşmaları məhv edildikdən sonra kənd camaatı öz doğma yurduna qayıdıb, 1922-ci ildə onların sayı 75 nəfər, 1931-ci ildə 97 nəfər olub.
Lakin 1930-cu illərin repressiyasından və İkinci Dünya müharibəsindən sağ çıxanlar 1949-cu ildə kütləvi şəkildə (bu vaxt kənddə cəmi 22 təsərrüfatda azərbaycanlı yaşayırdı) Azərbaycana – indiki Şəmkir rayonunun Çinarlı kəndinə deportasiya olunub və Doqquz kəndinin erməniləşdirilməsi prosesi başa çatdırılıb.
Keçmişdə Doqquz kəndində səkkiz dəyirman olub, onlar kəndin içində və kənarlarında yerləşib. Həmin dəyirmanlardan yalnız birinin – Həsənağanın dəyirmanının adı yaddaşlarda qalıb. Dəyirmanın qabağında “Həsənağanın bulağı” adlı bulaq, kəndin torpaq sahələrində “Həsənağanın qozluğu” deyilən qozluq da yerləşirdi.
1945-ci il avqustun 20-də Doqquz kəndinin adı dəyişdirilərək Kanaçut qoyulub.