Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə baş verən iğtişaşlar nəticəsində insan tələfatı ilə əlaqədar yanvarın 10-nu ümummilli matəm günü elan edib.
AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Berik Uali bildirib.
“Prezident Kasım-Jomart Tokayev ölkənin bir sıra regionlarında faciəvi hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı 2022-ci il yanvarın 10-nu ümummilli matəm günü elan etməyi qərara alıb”, – mətbuat katibi öz feysbuk səhifəsində belə yazıb.
İğtişaşların gedişində nə qədər insanın həlak olduğu hələlik dəqiq bilinmir. Son məlumata görə, saxlanılan etirazçıların sayı 4,4 min nəfəri ötüb.
Bir müddət öncə Qazaxıstanın Baş prokurorluğu ölkədə kütləvi iğtişaşlarla bağlı cinayət işinə başlayıb. İğtişaşlarda iştirak edənləri vətəndaşlıqdan məhrum olunmaqla 8 ildən başlayaraq ömürlük həbsə qədər cəza gözləyir.