Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü Gürcüstanın Marneuli şəhərindəki “Azərbaycan Evi”ndə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir “Azərbaycanın Evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə keçirilib.
28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü ərəfəsində keçirilən tədbirdə Marneuli bələdiyyə məclisinin üzvləri, Türkiyənin “MAARİF Okulları”nın Gürcüstan nümayəndəliyinin rəhbəri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Əvvəlcə M.Ə.Rəsulzadənin və AXC-nin digər qurucularının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ildə M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalayıb. “Azərbaycan Evi” bu sərəncamı rəhbər tutaraq belə bir tədbir təşkil edib.
M.İmanov müsəlman Şərqində ilk dəfə Azərbaycanda respublikanın yaradılması, AXC-nin qısa bir vaxt ərzində qazandığı uğurlar barədə ətraflı məlumat verib. Bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bir çox təzyiq və repressiyalara məruz qalsa da, çox şərəfli ömür sürmüşdür.
Azərbaycan 1990-cı illərinin əvvəllərində müstəqilliyini bərpa etdikdən sonra da çox çətinliklərlə üzləşib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan dövləti parçalanmaqdan xilas olub və inkişaf yoluna qədəm qoyub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində Azərbaycan suverenliyini və bütövlüyünü tam təmin edib.
Sonra ictimai-siyasi xadim, Gürcüstan Parlamentinin keçmiş deputatı Mahir Dərziyev çıxış edərək, M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalamasına görə Prezident İlham Əliyevə minnətdarlıq edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman AXC qurucuları dərin hörmət və ehtiramla yad edilib, yubiley tədbirləri keçirilib. M.Ə.Rəsulzadə və onun silahdaşları cümhuriyyəti paytaxt Tbilisidə elan ediblər. Ona görə də Gürcüstan və paytaxt Tbilisi Azərbaycan xalqı üçün tarixi məkandır.
Daha sonra “MAARİF Okulları”nın Tbilisi nümayəndəliyinin rəhbəri Ali Sedat Aslan, parlamentin keçmiş deputatı Hidayət Hüseynov, Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Əliyeva, ziyalı Səyyad Xəlilov, yazıçı Əli Abbas və digərləri AXC və M.Ə.Rəsulzadə haqqında fikirlərini bölüşüblər.
Tədbirin ikinci hissəsində Azərbaycanın milli musiqiləri səslənib, qonaqlar milli mətbəximizin təamlarından dadıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi