Suallarımızı SSRİ-nin fəxri neftkimyaçısı Rəcəbəli Sultanov cavablandırdı.
– Rəcəbəli müəllim, necə oldu ki, neftçi olmaq qərarına gəldiniz?
– Mən hələ rayonda ikən Mehdi Hüseynin “Abşeron” romanını oxumuşdum. Usta Ramazan, Tahir, Lətif və digər obrazlar məni neftçi olmağa ruhlandırmışdı. Ona görə də 7-ci sinfi bitirəndən sonra Bakıya gəldim və o zaman Montinin adını daşıyan qəsəbədəki 2 saylı peşə məktəbinə girdim. Hələ peşə məktəbində oxuyarkən YBNZ zavoduna (hazırda H.Əliyev adına Neftayırma Zavodu) gedir, Stalin adına (sonralar Partiyanın XXII qurultayı adına idi, daha sonra isə “Azərneftyağ”), YBNZ-də, Ə.Qarayev adına zavodda istehsalat praktikasında olurduq. Texniki peşə məktəbini bitirdikdən sonra isə Ə.Qarayev adına neftayırma zavodunda işləməyə başladım. Hərbi xidmətimi başa vurduqdan sonra yenidən bu zavoda qayıdıb, işlədim. Həm də düşünürəm ki, yaxşı işləyirdim. Hər il mükafatlar, döş nişanları ilə təltif olunurdum. 1976-cı ildə isə III dərəcəli “Əmək şöhrəti” ordeninə layiq görülmüşəm. Bir müddət sonra isə “SSRİ-nin fəxri neftkimyası” adını aldım. Zavodda həm də hami-tərbiyəçi kimi çalışırdım. Bildiklərimi öyrətmək üçün yanıma müxtəlif cavan kadrlar göndərilirdi.
– Neçənci ilə kimi Ə.Qarayev adına zavodda çalışdınız?
– Ümumilikdə 53 il zavodda çalışdım. 2008-ci ilin son gününə kimi işlədim. Sonra isə yaşımla bağlı təqaüdə çıxdım.
– Yarım əsrdən çox neft sənayesində çalışmısınız. O dövrdə bu sahədə həyata keçirilən bütün işlər gözönüzün qarşısında, bəziləri isə hətta iştirakınızla baş verib. Həmin dövrdə baş verən hansı hadisələri Azərbaycan neftyırma sənayesinin yaddaqalan hadisələri sayırsınız?
– Çalışdığım dövrdə mənim işlədiyim qurğu nefttəmizləmə qurğusu idi. Bizim istehsal etiyimiz T-1 markalı kerosin çox lazımlı yanacaq idi və reaktiv təyyarələrdə istifadə olunurdu. Həmin qurğu 1880-ci illərin axırlarında, neft sahibkarı Nobelin dövründə tikilmişdi. 1969-cu ildə yeni elektrik ayırıcısı qurğusu istifadəyə verildi və biz artıq gördüyümüz işi bu qurğu vasitəsilə həyata keçirməyə başladıq. Böyük ehtiyat çəninə 20000 volt sabit cərəyan verməklə, neftin tərkibindəki qatışıqlar aşağı çökdürülürdü. İstehsal etdiyimiz məhsul keçmiş SSRİ-nin bütün şəhərlərinə göndərilirdi. Sevinirəm ki, bu işdə mənim də əməyim olub.
– ELOU-AVT qurğusunun açılışı da Sizin dövrünüzə düşüb.
– 1971-ci ildə Bakıda neft çıxarılmasının 100 illik bayramı qeyd olunurdu. Əvvəlcə Opera və Balet Tettrında təntəli mərasim oldu. Ulu öndər Heydər Əliyev də mərasimdə iştirak edirdi. Elə həmin mərasimdəcə Heydər Əliyev bildirdi ki, bizdə ELOU-AVT qurğusu tikiləcək. Qurğunun maketi də mərasimdə nümayiş etdirilirdi. Qurğuların birinin bizim zavodda, digərinin də YBNZ-də tikilməsi nəzərdə tutulmuşdu. Birinci qurğu əvvəlcə YBNZ-də tikildi, bizim də zavoddan 20 nəfər qabaqcıl işçini, o cümlədən də məni tikinti yeri ilə tanış olmağa aparmışdılar. Elə oradaca bu hadisə ilə bağlı sənədli film də çəkildi. Filmin adı “İri addımlarla irəliləyirik” idi. Sonralar film televiziyada nümayiş etdiriləndə tədbirin iştirakçılarını, elə özümü də ekranda görmüşdüm. Tikintinin açılış mərasiminə SSRİ-nin o vaxtkı rəhbəri L.Brejnev də gəlmişdi. Teleoperator L.Brejnev gələndən sonra vaxt tapıb tamaşaçıları çəkə bilməyəcəyini nəzərə alıb, açılış mərasiminin iştirakçılarını əvvəlcədən lentə almışdı. Bu yaxınlarda zavoda yolum düşəndə gördüm ki, maket yenə də əvvəlki yerindədir. Qurğunun ikildiyi 1970-71-ci illəri xatırladım.
– Ailənizdən Sizin yolunuzu davam etdirən varmı?
– Bəli, kiçik oğlum Qiyas mənim işimi davam etdirir. Mənim çalışdığım zavodda əvvəlcə yağtəmizləmə qurğularında işləyib, indi də distillə edilmiş su qurğusunda işləyir.
– 2008-ci ildən neftyırma sahəsində artıq çalışmırsınız, amma hadisələri izləmək imkanına malik olmusunuz. 2008-2016-cı illər ərzində neft, neftyırma ilə bağlı hansı hadisələr diqqətinizi çəkib?
– Bu yaxınlarda “Günəşli” yatağında baş verən hadisələr məni sarsıtdı. Hadisələri ürək ağrısı ilə izləyirdim. Bizim neftçilərin həlak olması, 1957-ci ildə dənizdə baş verən fəlakəti də yadıma saldı. Onda da “Neft Daşları”nda belə bir hadisə baş vermişdi, 23 nəfər həlak olmuşdu. Onlardan birini, Mustafa adlı gənc neftçini şəxsən tanıyırdım. Neft bizim sərvətimizdir. Həm də nə qədər əziyyət bahasına hasil edilən məhsulumuzdur. Ona görə də belə hadisələr çalışmalıyıq ki, olmasın.
– Neftçilərin sosial müdafiəsi ilə bağlı çox danışılır. Onlara mənzillər verilir, ayrıca “Neftçilər” xəstəxanası var və s. Siz SSRİ dövründə fəxri ad almısınız. Bu qayğını Siz də hiss edirsinizmi?
– Bizim zavodda belə bir qayda var ki, kim işləyirsə, pulsuz müalicə olunur, təqaüdə çıxanlar isə məbləğin 10 faizini ödəməklə. İki il öncə bu güzəştdən yararlandım, gözlərimdən birini əməliyyat etdirdim.
– Fəxri adınız olduğuna görə təqaüdünüzün məbləği digərlərindən seçilirmi?
– Xeyr, bu fəxri ad döşümə sanca biləcəyim quru metal parçasından başqa bir şey deyil. Əgər SSRİ dövründə təqaüdə çıxsaydım bu ada görə 170 manat təqaüd alacaqdım. Hər il SSRİ-nin bir şəhərinə pulsuz gedib-qayıda biləcəkdim. Kommunal xərclərin də yarısını ödəməli idim. Bununla bağlı müxtəlif orqanlara müraciətlər də ünvanlamışam, lakin cavab veriblər ki, SSRİ-nin dağılması ilə bu imtiyazlar da ləğv edilib.
– 53 il bir igidin ömrüdür. Siz bu ömrü neft sənayesinə həsr etmisiniz. İşinizə də məsuliyyət və intizamla yanaşmısınız. Amma bildiyimə görə, həm də bədii yaradıcılıqla məşğul olmusunuz. Bununla bağlı nə deyə bilərsiniz?
– Uşaqlıqdan bir qədər yazıb-pozmuşam. Amma neft işinə başlayandan sonra bunlar bir qədər arxa plana keçdi. 20 Yanvar hadisələrindən sonra şeir yazmağa başladım. Bir neçə şeirim “Oxu məni”qəzetində dərc edilib. Zəlimxan Yaquba həsr etdiyimi şeiri isə qəzetə götürməmişdilər. Bildirmişdilər ki, vəzifəli şəxslər haqqında şeir dərc etmirlər.
– İndi neftin qiyməti xeyli düşüb. Hətta bəzən deyirlər ki, neft dövrü geridə qaldı. Siz gələcəkdən nəz gözləyirsiniz?
– Bilirsiniz, mənim bir şüarım var. Yaxşı düşünməliyik ki, yaxşı da nəticə olsun. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az