Bütün yaradıcılığı boyu həyatda gördüklərini, duyğu və düşüncələrində, təxəyyülündə canlandırdığı mövzuları realizm ənənələrinə sadiq qalaraq rənglərdə ifadə edən istedadlı rəssam Rüstəm Məmmədov, əslində, həm də bununla dünyamızı real-gerçəkçi cizgi və rənglərlə ifadə etmək imkanlarının nəhayətsiz olduğunu nümayiş etdirir. Onun düşündürücü, məna-məzmunla zəngin olan süjetli tabloları (“Ömrün qürub çağı”, “Səssizliyin harayı”, “Kamanın Habil zirvəsi”, “Yüksəliş”, “Füzuli ömrü”, “Səmazən”, “Zəriflik” və s.), İmaddəddin Nəsimi, Məhəmməd Füzuli, Əmir Teymur, Aşıq Veysəl, Həsən bəy Zərdabi və Fəxrəddin Paşa kimi görkəmli şəxsiyyətləri əks etdirən portretləri, insanı duyğulandıran mənzərələri ( “Qürub”, “Şamaxıda “Yeddi günbəz” məzarlığı”, “Gün batarkən”, “Tənha ağac”, “Bakı gecələri” və s.), eləcə də müxtəlif təbii sərvət və nemətlərin gözəlliyini əyaniləşdirən natürmortları dediklərimizi təsdiqləyən bədii nümunələrdir. Rəssamın zəngin mənəvi dünyasının və təxəyyülünün rənglərlə təzahürü, tablolardakı təbiiliyin və səmimiyyətin tamaşaçı baxışlarını ovsunlaya bilməsində müəllifin zamanın axarında püxtələşən dəst-xəttinin də rolu böyükdür.