Sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Əvvəlcə sazişlərin mübadiləsi oldu.
“İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Luiss Guido Carli Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino mübadilə etdilər.
“İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Romanın Sapienza Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Romanın Sapienza Universitetinin rektoru professor xanım Antonella Polimeni mübadilə etdilər.
“İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Turin Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Turin Politexnik Universitetinin rektoru, professor Guido Saraçço mübadilə etdilər.
“İtaliya-Azərbaycan Universiteti ilə bağlı ADA Universiteti və Alma Mater Bolonya Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Alma Mater Bolonya Universitetinin İcraçı prorektoru professor xanım Simona Tondelli mübadilə etdilər.
“ADA Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Milan Politexnik Universitetinin Dizayn Departamentinin direktoru professor Alessandro Deserti mübadilə etdilər.
Sənədlərin mübadiləsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:
– Hörmətli xanımlar və cənablar, əziz dostlar.
Mən sizi səmimiyyətlə salamlayıram.
Azərbaycan səfirliyinə xoş gəlmisiniz.
Bugünkü mərasim Azərbaycan səfirliyinin yeni binasında keçirilir. Onu da deməliyəm ki, bu, yeni binada keçirilən ilk tədbirdir. Romanın tarixi məhəlləsində yerləşən bu tarixi bina bu gün öz qapılarını açır və eyni zamanda, bu binada Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək.
Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq.
Bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri cənab Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyuldu. İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Roma Sapienza Universiteti – bu adlar İtaliyanın kənarında da məşhurdur. Onu da bildirməliyəm ki, İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut – Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək.
İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb.
Bugünkü mərasim isə onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq. Bir sözlə, mən hesab edirəm ki, bu gün biz tarixi hadisənin şahidiyik. Bu gün mənim İtaliyaya işgüzar səfərimin birinci günüdür və birinci tədbiridir. Əminəm ki, İtaliya rəhbərləri ilə keçiriləcək görüşlər bizim dostluğumuzu, tərəfdaşlığımızı daha da möhkəmləndirəcək.
Bir daha hamınızı bu gözəl tarixi hadisə münasibətilə təbrik edirəm.
x x x
İtaliya Respublikası Ekoloji Keçid Nazirliyinin dövlət katibi xanım Vannia Qava çıxış edərək dedi:
– Hörmətli cənab Prezident.
Hörmətli nazirlər.
Hörmətli sədrlər və hörmətli rektorlar.
Xanım nazir Maria Kristina Messanı əvəz edərək bu mərasimdə iştirak etməkdən iftixar və şərəf hissi duyuram. Əfsuslar olsun ki, xanım nazir bu gün Nazirlər Şurasında olan təcili və təxirəsalınmaz işlər səbəbindən bu tədbirdə iştirak edə bilmədi.
Ümumiyyətlə, apardığım fəaliyyətin əsas hissəsinə gəldikdə, qeyd etmək istəyirəm ki, bu, hər iki tərəf üçün strateji əhəmiyyət daşıyan, energetika sahəsində olan münasibətlərimizdir və bu münasibətlə mən son bir neçə ay ərzində Bakıya səfərlər etmişəm. Səfərlər zamanı məhz Dayanıqlı İnkişaf çərçivəsində ikitərəfli mühüm Memoranduma imza atmışam. Eyni zamanda, münasibətlərimizə gəldikdə, mən xüsusi olaraq bir daha onların strateji mahiyyətini burada qeyd edərək bildirmək istəyirəm ki, bu gün onlar bir çox sahələri əhatə edir – enerjidən tutmuş mədəniyyətə qədər. O cümlədən insanlarımız arasında qarşılıqlı münasibətləri də əhatə edir və əslində, bu, məhz Prezident Əliyevin 2020-ci ilin fevral ayında səfəri çərçivəsində bir daha özünü büruzə verdi. Eyni zamanda, bu, aprel ayında Bakıda xarici işlər nazirləri səviyyəsində aparılmış strateji dialoqun ilk iclasında özünü göstərdi.
Bu gün isə mən digər bir mərasimdəyəm və bizim İtaliyanın universitetləri ilə Azərbaycan universiteti arasında həm mədəniyyət, həm elmi-tədqiqatlar, həm də ümumiyyətlə, təhsil sahəsində növbəti əməkdaşlığın şahidiyik. Bunun əsasında bizim münasibətlərin miqyası genişlənir. Bu çərçivədə İtaliya ilə Azərbaycan arasında məhz bu sahədəki əməkdaşlığın yeni istiqaməti mədəniyyət, elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Sazişin 2006-cı ildə qüvvəyə minməsindən sonra baş tutdu. Nəticə etibarilə 2015-ci ildə biz mədəniyyət sahəsində əməkdaşlıq haqqında niyyət memorandumu imzaladıq və 2021-ci ildə elm sahəsində əməkdaşlığa dair protokola imza atdıq.
Bu baxımdan mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi, gücləndirilməsi, o cümlədən güclü ikitərəfli münasibətlərin növbəti səviyyəyə qaldırılması məqsədilə İtaliya vacib hesab etdi ki, ölkələrimiz arasında, həmçinin elmi-tədqiqatlarla məşğul olan elmi işçilərin də mübadiləsi baş tutsun. Onlar ikitərəfli tədqiqat layihələri çərçivəsində səfərləri mübadilə etmişlər. Onlar məhz təbii elmlər, tibb elmi, tətbiqi texnologiyalar və mədəni irsin qorunması sahələrində birgə işləmişlər.
Nüfuzlu universitetlər və nüfuzlu elmi-tədqiqat mərkəzləri tərəfindən təqdim edilmiş layihələrə gəldikdə, məmnuniyyətlə aşağıdakıları qeyd etmək istəyirəm: Paskale Fondu, Pavia Onkoloji İnstitutu, Kalabriya Universiteti, Elmi-Tədqiqatlar üzrə Milli Şura ilə aparılan layihələr. Qeyd etdiyim bütün bu təşkilatlar Azərbaycanda müvafiq qurumlarla güclü əlaqələrin qurulmasına müvəffəq olmuşlar.
Əslində, qeyd etdiyimiz bu istiqamətə gəldikdə, o, bu gün İtaliyanın beş nüfuzlu universiteti ilə ADA Universiteti arasında yaradılmış tərəfdaşlığa tam uyğundur. Mən burada xüsusilə aşağıdakı tədris ocaqlarına istinad etmək istəyərdim: Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Milanın Politexnik Universiteti, Bolonya Universiteti, Turinin Politexnik Universiteti və digərləri. Qeyd edilən bu universitetlər İtaliya ilə Azərbaycan arasında münasibətlərin daha güclü, daha əhəmiyyətli şəkildə inkişaf etdirilməsinə öz razılıqlarını vermişlər. Bu münasibətlə, həmçinin mən İtaliyanın universitetləri və ADA Universiteti tərəfindən aparılmış bu işin həm öz tərəfimdən, həm xanım nazir Messa tərəfindən yüksək dəyərləndirildiyini, həmçinin burada – Romada Azərbaycanın Mədəniyyət Mərkəzinin açılışını xüsusilə qeyd etmək istəyirəm. Həmin mərkəz vasitəsilə mədəniyyət sahəsində olan əməkdaşlığımızın dəyəri daha da yüksək səviyyəyə qaldırılacaqdır və əməkdaşlıq güclənəcəkdir.
Xalqlarımız arasında təşəkkül tapmış və inkişaf etmiş bu cür səmimi dostluğu qeyd edərək bildirmək istəyirəm ki, bunun sayəsində münasibətlərimizin daha da dərinləşməsi üçün digər istiqamətlər açılır və bu sahələrdə biz öz işimizi davam etdirmək və tədqiqat işlərimizi bir yerdə aparmaq istərdik. Hesab edirəm ki, biz bu gün mühüm bir anı birlikdə qeyd edirik və bu, bizim strateji münasibətlərimizin xüsusi mərhələsi olacaqdır. Ən vacibi isə odur ki, biz bunu gələcəkdə birgə yazacağımız səhifələrin perspektivinin başlanğıc nöqtəsi kimi görürük.
x x x
İtaliya-Azərbaycan Universiteti üçün tərəfdaş italyan universitetləri adından Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino çıxış edərək dedi:
– Hörmətli Prezident.
Hörmətli səfirlər, rektorlar, hökumət üzvləri.
Belə mühüm sazişlərin imzalanmasında universitetlərimizdən ibarət konsorsiumun bu işə bu qədər iftixar hissi ilə, bu qədər həvəslə yanaşdığına görə mən çox məmnun olduğumu bildirmək istərdim. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, mən indi bir neçə il bundan əvvəl Sizin ölkənizə, gözəl paytaxtınız Bakı şəhərinə etdiyim səfərləri xatırlayıram. Hörmətli rektor Hafiz Paşayevlə apardığımız danışıqlar mənim yaxşı xatirimdədir. Qeyd etmək istəyirəm ki, Sizin gözəl paytaxt şəhəriniz o vaxt mənə böyük təəssürat bağışladı. Çünki Sizin paytaxtınız bir tərəfdən öz xüsusi, hətta orta əsrlər və ondan əvvəlki tarixi dövrlərə gedib çıxan mədəni irsi ilə məhz fəxr edir. Digər tərəfdən, mən Bakıda müasirliyin, məhz göydələnlərdən ibarət olan o gözəlliyi sanki bizim ürəklərimizdə alovlanan bir alov kimi qəbul edirəm. Ona görə təşəkkür edirəm.
Elə həmin gündən etibarən biz böyük həvəslə sizinlə işləməyə başladıq. Əslində, öz aramızda mədəniyyət sahəsində əlaqələrin belə mühüm məqamlarına diqqət yetirdikdə, biz belə bir qərara gəldik bu, elə bir layihədir ki, onun mahiyyəti o qədər böyükdür ki, nəinki ADA Universiteti və Luiss Guido Carli Universiteti arasında, o cümlədən biz, həmçinin bu əlaqələrə digər italyan universitetlərini də qoşmalıyıq. Məhz bu səbəbdən biz istədik ki, ən vacib İtaliya universitetləri bizimlə birgə olsun, Roma Sapienza Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti və Bolonya Universiteti. Buna görə də mən çox şad oldum ki, digər tədris ocaqları da bu mühüm layihədə iştirak etdi. Əslində, bu addım İtaliya ilə Azərbaycan arasında nəinki mədəniyyət sahəsində olan, o cümlədən digər sahələrdə də əməkdaşlığın daha da genişləndirilməsinə böyük vüsət verəcək. Bu işə qoşulmuş universitetlərin adından burada mənə çıxış etməyi həvalə etdikləri üçün onların da nümayəndələrinə təşəkkürümü bildirirəm.
Əslində, iki il əvvəl cənab Prezident Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində həmin universitetlərin nümayəndələri ilə də görüşlər keçirildi, vacib sazişlər imzalandı. Məhz bu addımdan sonra biz İtaliya ilə Azərbaycan arasında belə bir çoxtərəfli, çoxölçülü layihənin hazırlanması və onun həyata keçirilməsi qərarına gəldik. Bu da özlüyündə çox böyük əhəmiyyət daşıyır. Bu gün isə biz artıq Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti haqqında danışırıq. Bilirik ki, əslində, o universitetin də təməli bu il bizim xarici işlər naziri Luici Di Maionun və Azərbaycanın müvafiq hakimiyyət orqanlarının iştirakı ilə qoyulmuşdur. Layihə beş İtaliya Universiteti ilə ADA Universiteti arasında həyata keçiriləcək. Onun əsas məqsədi həm təhsil, həm laboratoriya işləri, həm kadrların hazırlanması, o cümlədən dövlət və özəl sektorun nümayəndələri üçün müxtəlif tədbirlərin keçirilməsi məqsədini daşıyacaq.
Mən əminəm ki, istər sizin universitet təhsil sisteminizi götürsək, istərsə də İtaliyanın bu sistemini götürsək, biz birgə çalışaraq, əslində, innovasiyaya, işlərin daha da təkmilləşdirilməsinə, müxtəlif layihələrin hibridləşdirilməsinə yönəlmiş bir təkan yaranacaqdır ki, bu da, əslində, aramızdakı qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək. Əhatə olunan sahələrə gəldikdə, biznes sahəsi, aqronomiya, dizayn, mühəndislik, memarlıq sahələri onların arasındadır. Bildiyiniz kimi, biz bunu ADA Universiteti ilə birgə müzakirə edərək razılaşdırmışdıq. İtaliya-Azərbaycan Universiteti orta və uzun perspektivdə ikitərəfli əməkdaşlığın inkişafı üçün mərkəzi platforma kimi xidmət edəcək. Bununla biz birgə səylər göstərərək, həm tələbələrimizə təhsil verərək, həm tədqiqatçılarımız üçün imkanlar yaradaraq, hər iki ölkənin iqtisadiyyatının ahəngdar inkişafına töhfə verəcəyik. Bu gün beynəlxalq səviyyədə yaşanılan çətinliklər dövründə Prezident Əliyev öz qətiyyətini, öz uzaqgörənliyini nümayiş etdirərək iki ölkə arasında əməkdaşlıq və dostluq münasibətlərinin daha güclü təməlini məhz burada qoydu. Biz burada məhz onun çox yüksək dəyərə malik olan liderlik keyfiyyətlərinin şahidiyik.
Cənab Prezident Əliyev, bu gün səhər bizimlə bu tədbirdə iştirak etdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkürümüzü bildiririk.
x x x
ADA Universitetinin rektoru professor Hafiz Paşayev çıxış edərək dedi:
– Möhtərəm cənab Prezident.
Hörmətli dövlət xadimləri, universitetlərin nümayəndələri.
Mənim hisslərimi, yəqin ki, siz yaxşı başa düşürsünüz. Çox həyəcanlıyam və bu günü mən bir tarixi gün kimi öz yaddaşıma yazıram. Hörmətli cənab Prezidentin dediyi kimi, bu, əsl tarixi bir gündür – həm İtaliya üçün, həm Azərbaycan üçün. Çünki təhsil məhz o sahədir ki, bizim ikitərəfli münasibətləri də genişləndirəcək və daha da yüksəkliyə qaldıracaq.
Cənab Prezident, Sizin iki il öncə irəli sürdüyünüz təşəbbüs bu gün öz nəticələrini verir. Mənim yaxşı yadımdadır ki, Sizin o təşəbbüsdən sonra ilk memoranduma qol çəkildi və professor Paula Severino ilə biz ilk sənədə o zaman qol çəkdik. Sizə açığını deyim, mən gözləməzdim ki, qısa bir zamanda biz bu səviyyədə indi o müqavilələrə qol çəkdik. Artıq demək olar ki, İtaliya-Azərbaycan Universiteti iki ölkə arasındakı münasibətlərin böyük bir hissəsidir. Təbii ki, mən öz tərəfimdən çalışacağam ki, bu, uğurlu olsun və Azərbaycan-İtaliya münasibətlərinə böyük töhfə versin.
Bu gələcək universitetin – bu gün, necə deyərlər, inauqurasiyasını etdiyimiz universitetin proqramı üzrə iki il ərzində COVID zamanı biz iş apardıq. O ki qaldı, onun infrastrukturuna, həmin bu universitetlərin nümayəndəliyinin iştirakı ilə biz laboratoriyaların, ümumən dərs sisteminin qurulmasına çox böyük diqqət yetirdik. Bunun nəticəsidir ki, bu gün imzaladığımız və mübadilə etdiyimiz sənədlərdə çox ciddi və ətraflı proqram tərtib olunmuşdur.
Mən bizim həmkarlarımıza, universitetlərin nümayəndələrinə böyük təşəkkürümü bildirmək istəyirəm. Mən bu işdə fəal iştirak etmiş bizim səfirliyi xüsusi qeyd etmək istəyirəm.
Cənab Prezident, mən Sizə söz verirəm ki, bu universitetin uğurunu birlikdə görəcəyik və İnşallah, Azərbaycanın iqtisadiyyatına lazım olan bütün sahələr üzrə mütəxəssislər yetişdirəcəyik. Çox sağ olun.
x x x
Sonda xatirə şəkli çəkdirildi.
x x x
Qeyd edək ki, bu il İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun ölkəmizə səfəri çərçivəsində aprelin 2-də Bakıda ADA Universitetinin kampusunda təməli qoyulan İtaliya-Azərbaycan Universiteti Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı əldə olunub.
Bu ali təhsil ocağında tədris olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet, eyni zamanda, kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, həmçinin şəhərsalma və landşaft memarlığı, dizayn, sosial elmlər, biznesin idarə olunması, italiyaşünaslıq və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq ediləcəyi elm və bilik ocağı olacaq.