1905.az portalının suallarını “İnsan hüquqları XXI əsr” fondunun rəhbəri Şahin Camalov cavablandırır.
Şahin müəllim, Beynəlxalq insan hüquqları günü ərəfəsində görüşmüşük. Və ilk sualımız belə olacaq. Adi adam insan hüquqları ilə bağlı nəyi bilir və nəyi bilməlidir?
Həqiqətən də Beynəlxalq insan hüquqları günü çox əhəmiyyətli tarixdir. Heç olmazsa, həmin tarix ərəfəsində insan hüquqları ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. Hesab edirəm ki, yeni müstəqillik qazanmış, demokratiya yolunu seçmiş və bu yolla addımlayan dövlətlərin qarşısında duran əsas problemlərdən biri hüquqi cəhətdən savadlı cəmiyyət yaratmaqdır. Bu istiqamətdə biz mütəmadi olaraq maarifləndirmə işləri aparırıq, təlimlər, seminarlar, həm yerli, həm də beynəlxalq konfranslar keçirmişik. Hüquqi cəhətdən savadlı cəmiyyətdə insanlar həm öz hüquqlarını, həm də başqalarının hüquqlarını bilir və buna hörmətlə yanaşırlar. Sadəcə öz hüquqlarını bilmək işin yalnız bir tərəfidir. Bu gün təəssüf ki, cəmiyyətmizdə bir çox insanlar oz hüquqlarını bilir, lakin başqalarının hüquqlarına hörmət etmirlər. Mən bu sahədə uzun illər çalışan insan kimi deyirəm ki, bu, bizim çox yaralı yerlərimizdən biridir. Məsələn, hər kəs yol hərəkəti qaydalarını bilir, amma yol hərəkəti qaydalarını pozduqda, digər insanların hüquqlarını da pozmuş olduqlarını anlamırlar və ya bunu ciddiyə almırlar. Dünyanın hər yerində qaydaları ən yaxşı bilənlər cinayətkarlardır, amma onlar həm də qaydaları ən çox pozan şəxslərdir.
Buradan başqa bir sual yaranır. Mən öz hüququmu bilirəm, amma hüququmu qoruya bilmirəmsə, bu, mənim üçün lazımsız bilgilər yığınına çevrilir. Məsələn, bizim təhlükəsiz mühitdə yaşamaq hüququmuz var. Amma müvafiq qurumlar vaxtında quru ağacı kəsmədiyindən şiddətli külək ağacı sındıraraq vətəndaşın maşınının üstünə aşırıb. İnsanlar belə zərərlərdən necə yayınmalıdır?
Biz yenidən birinci sualın cavabına qayıdırıq. İnsanların rahat və sağlam ətraf mühitdə yaşamaq, təhlükəsiz mühitdə yaşamaq hüququ var. Bu konstitusiyada da təsbit olunub. Avtomobillərin icbari sığortası haqqında qanun var, hər kəs öz avtomobilini sığorta etdirməlidir. Bir də təbii hadisələrdən qoruyan kasko sığorta var. İnsanlar sığortanın əhəmiyyətini və sığorta etdirmədikləri halda nə baş verə biləcəyini də bilirlər. Əgər sığorta edilibsə, avtomobilə dəyən zərəri sığorta hesabına qarşılaya bilər. Bunu muxtəlif hadisələrə münasibətdə də demək olar. İnsanlar hüquqlarını bilirlər, amma bu hüquqları reallaşdırmaq üçün lazımi addımlar atmırlar və yaxud bu, onların marağına uyğun olmur. Çünki sığorta üçün əlavə xərc çəkmək tələb olunur. Bu isə gələcəkdə onların hadisə baş verə biləcəyi təqdirdə heç bir imtiyaz əldə edə bilməməsi ilə nəticələnir. Ona görə də hüququ bilməklə iş bitmir. Biz hüququn qarşımızda qoyduğu vəzifə və öhdəlikləri də bilməliyik. Vəzifə və öhdəliklərə riayət etmiriksə, deməli, hüquqdan da yararlana bilməyəcəyik.
Deməli, kasko sığortası olan avtomobil sahibləri təbii hadisələr zamanı onlara dəyən zərəri ödəyə biləcəklər. Başqa misala baxaq. Vətəndaş istifadə etdiyi işıq pulunu vaxtlı-vaxtında ödəyir. Amma bir neçə gün ərzində işıqsız qalıb.
Dünyanın hər yerində fövqəladə hallar, təbiət hadisələri zamanı baş verən məhdudiyyətlər mövcuddur. Bu Azərbaycan üçün də, ABŞ üçün də keçərlidir. Burada artıq söhbət qəzadan gedir. Burada vətəndaşın hüququ o zaman pozulur ki, dövlət öz vəzifəsini yerinə yetirmir. Qəza baş verib, dövlət qurumları isə onu aradan qaldırmağa tələsmir. Bu artıq dövlət qurumunu vətəndaşların hüququnu pozmasıdır.
Ali məktəb müəllimisiniz, tələbələrlə ünsiyyətdə olursunuz. İnsan hüquqları üzrə ixtisaslaşan QHT rəhbəri kimi əlbəttə, başqa yaş qruplarından olan insanlarla da ünsiyyətiniz olur. Orta statistik tələbənin öz hüquqları ilə bağlı məlumatlılığı necədir?
Çox maraqlı mövzuya toxundunuz. Çox təəssüf ki, tələbələrimizin, gənclərimizin insan hüquqları barəsində münasibətlərində fərqli yanaşma mövcuddur. Onların əksəriyyəti insan hüquqları dedikdə, yalnız öz hüquqlarını nəzərdə tutur, digər insanlar haqqında isə düşünmürlər. İnsanlar bilməlidir ki, demokratiya başqalarının hüquqlarının başladığı yerdə sənin hüquqlarının bitməsidir. Biz az qala sonsuz demokratiya, sonsuz hüquqlar istəyirik, buna meylliyik. Auditoriyada tələbəyə demokratiya verən kimi, az müddət sonra bunun artıq anarxiyaya çevrildiyinin şahidi olursan. İnsanlar öz hüquqlarından düzgün istifadə etməyi də bilmirlər. Xüsusilə bu, gənclərimizə aiddir. Sonsuz demokratiya, sonsuz hüquqlar istəyərkən dərk etmirlər ki, bu hüquqlar onların çiyinlərinə həm də vəzifələr qoyur. Hər kəsin sərbəst fikrini söyləmək hüququ var. Amma bunu geniş meydandan çatdırmaq istəyirsinizsə, aidiyyatı orqanlardan icazə almalısınız. Hər kəsin sərbəst toplaşmaq hüququ var. Amma sərbəst toplaşdığımız yer, saat, məkan uyğun deyilsə bunu etmək olmaz. Çünki başqalarının hüquqlarını pozacaq, nəqliyyatın hərəkətini iflis edəcəksiniz. Başqalarının hüquqlarının başlandığı yerdə sizin hüquqlarınız bitməlidir. Müvafiq qurumlar buna icazə verdikdə isə bir sıra məqamları nəzərə almalıdır.
Bu yaxınlarda Nardaran olayları baş verdi. İnsan hüquqları kontekstində bu hadisələri necə dəyərləndirirsiniz?
Azərbaycan elə vacib coğrafi məkanda yerləşir ki, burada sabitliyi pozmaqda marağı olan bir çox qüvvələr var. Şəxsən mənim fikrim belədir ki, ölkəmizdəki sabitlik bütün qanunlardan yuxarıda olmalıdır. Nardaranda baş verən hadisələr də qeyd etdiyim qüvvələrin sabitliyi pozmaq cəhdidir. Nardaranda vəziyyət xeyli müddət idi ki, nəzarətdən çıxmışdı. Kənardan yönləndirilən insanlar qəsəbədə özlərinə uyğun qaydalar qurmuşdular. Əlbəttə, bir sıra dövlət qurumlarının da bu məsələdə məsuliyyəti var. Bu sayaq hadisələr artıq Nardaranda növbəti dəfə baş verirdi. Din ekstremizmə doğru gedəndə təhlükə mənbəyinə çevrilir. Nardaranda baş verənlər dini ekstremizmin bariz nümunəsi idi. Nardaranda azyaşlı uşaqların dini ekstremizmlə şüurlarını pozurlar, video çarxlarda biz bunun şahidi olduq Azyaşlıların bu cür tərbiyə edilməsini ancaq təəssüflənmək olar. Təhsil Nazirliyi bu məsələyə müdaxilə etməli, ictimaiyyətin diqqəti buna yönəldilməli, III sektor da bu məsələlərin həllinə cəlb olunmalıdır.
Biz dünyəvi dövlətdə yaşayırıq. Din dövlətdən, siyasətdən ayrıdır. İnternet saytlarından birində gördüm ki, Nardaran sakini onlar üçün din və siyasətin eynilik təşkil etdiyini deyir. Məlumatsız oxucu və tamaşaçı düşünə bilər ki, bu da həmin şəxsin hüququdur. Həmin şəxslərə bunun belə olmadığını necə izah edə bilərik?
Azərbaycanın bütün ərazisində, hətta cəzaçəkmə müəssisələrində də dini ibadət üçün heç bir məhdudiyyət yoxdur. Teokratik dövlətlərdə din və dövlət eynidir. Amma Azərbaycan Respublikasının Konstitusiyasında birmənalı olaraq göstərilib ki, din dövlətdən ayrıdır, dinlə dövləti eyniləşdirməyə çalışan şəxslər dövlətçiliyə qarşı çıxmış olurlar. Ona görə də hüquqi savadlı cəmiyyət yetişdirmək lazımdır. Bu olmayanda səhv yönləndirmələr cəmiyyətə yanlış təsir göstərir.
İl artıq sona çatmaq üzrədir. Adam istər-istəməz keçilən yola nəzər salır. “İnsan hüquqları XXI əsr” fondu 2015-ci ildə hansı işləri gördü və 2016-cı ildəki planlarınız?
2015-ci ildə valideyn himayəsindən məhrum olunmuş usaqlarla seminarlar, tədbirlər keçirdik. Qarabağ müharibəsində itkin düşmüş insanların ailələrilə işləyirik. Müharibədə itkin düşmüş insanların xatirəsini abidələşdirmək məqsədilə Sabunçu rayonu ərazisində hörmətli millət vəkilimiz Elxan Süleymanovun dəstəyi ilə abidə ucaldılmış və açılışı olmuşdur. 2016-cı ildə bu istiqamətdə rayonlarımızda tədbirlər görəcəyik. Sabahın əsgəri əmin olmalıdır ki, onun ailəsinə mənəvi, psixoloji dəstək verən insanlar, təşkilatlar var.
İşğal altında olan ərazilərimizdəki Sərsəng su bəndi ilə bağlı 6 rayonda təlimlərimiz oldu, insanları maarifləndirdik.
İlin əsas hadisələri sırasında bizim fondun da daxil olduğu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili Elxan Süleymanovun müəllifliyi ilə hazırlanmış “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” və “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamələrin noyabr ayında AŞPA-nın Siyasi Məsələlər və Sosial Məsələlər Komitələrində qəbul edilməsi xüsusi yer tutur.
2016-cı ildə biz təhsil sektorunda insan hüquqları və dövlətçilik baxımından gənclərin yetişdirilməsi məsələsinə baxaq. İnanıram ki, 2016-cı ildə 2015-ci ildəki uğurlarımız davam edəcək.
Hüquq müdafiəçisi kimi adi vətəndaşa nə tövsiyə edərdiniz?
Bir neçə il öncə bir yazı oxumuşdum. Qısa məzmunu belə idi ki, hər kəs Avropaya gedib, orada yaşamaq istəyir, amma burada da Avropadadakı kimi yaşamaq olar. Sadəcə olaraq həyatımızda, məişətimizdə adi qaydalara riayət etmək lazımdır. Ətrafdakılara hörmətlə yanaşmaq, onların hüquqlarını pozmamaq gərəkdir. Bu qaydalara riayət edə bilsək, onun nəticəsi zəncirvari surətdə özümüzə də qayıdacaq. Nəticə etibari ilə demokratik, öz hüquqlarını bilən bir mühitdə özümüzü daha rahat hiss edəcəyik.
Sağ olun.
Fuad Babayev, Gündüz Nəsibov,
1905.az