Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Gənclər Parkı Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər İli” elan edilməsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə yaradılıb. Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin idmana olan marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə regionlarda müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində Şamaxı şəhərindəki park da yenidən qurulub, yaşıllıq və gəzinti sahələri yaradılıb, sakinlərin və qonaqların istirahəti üçün infrastruktur qurulub. Açıq havada idmanla məşğul olmaq üçün müxtəlif idman qurğuları quraşdırılıb. Qeyd edək ki, belə idman qurğuları şəhərin müxtəlif yerlərində də quraşdırılaraq sakinlərin ixtiyarına verilib. Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması, sağlam həyat tərzinin, o cümlədən idmanın təbliği üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi də xüsusi diqqət yetirir. Bununla əlaqədar İctimai Birlik Bakıda, eləcə də regionlarda yeni yaşıllıq zonalarının salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə bir sıra layihələr icra edir.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına və birinci xanıma rayonda həyata keçirilən layihələr barədə məlumat verdi. Bildirdi ki, açıq hökumətin təşviqinə dair fəaliyyət planına uyğun olaraq Şamaxı rayonunda da bir sıra işlər görülüb, rəqəmsallaşma ilə bağlı bir neçə layihə həyata keçirilib. Onların arasında elektron müraciət portalı xüsusi ilə fərqlənir.
Tahir Məmmədov: Vətəndaşların dövlət qurumları ilə daha rahat təmasda olmaları, birbaşa, heç bir maneəsiz müraciətləri üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə belə bir portal yaradıldı və 2020-ci ilin sentyabrından vətəndaşların ixtiyarındadır. Vətəndaşlar istənilən dövlət qurumuna birbaşa müraciət ünvanlayırlar və ilkin müraciət zamanı onların fərdi elektron kabineti formalaşır ki, onlar öz müraciətlərinin statusu barədə istənilən məlumatı ala bilsinlər. Eyni zamanda, bu portalın üstünlüklərindən biri də odur ki, yerli və mərkəzi icra hakimiyyəti orqanları istədikləri vaxt müvafiq quruma ünvanlanan müraciəti izləyə bilirlər.
X X X
Qeyd olundu ki, Ümumdünya Telekommunikasiya İttifaqının keçirdiyi müsabiqədə bu layihə elektron hökumət nominasiyasında qalib elan edilib. Azərbaycanda elektron hökumətlə bağlı yaradılan ekosistemin bir göstəricisi olan bu layihə çərçivəsində toplanan məlumatlar daha sonra təhlil edilir.
Tahir Məmmədov: Cənab Prezident, bu məqamda deməliyəm ki, Şamaxıda baş verən zəlzələdən sonra Sizin birbaşa tapşırığınızla təmir, bərpa və tikinti işləri tam olaraq dövlət vəsaiti hesabına həyata keçirilir. Şamaxıda 4 minə yaxın ev yenilənib və hələ bu layihə davam edir. Bu yaxınlarda Sizin tapşırıqlarınıza uyğun olaraq yenə də vəsait ayrıldı və o evlərin hamısı bərpa ediləcək, o ailələr bu qayğı ilə əhatə olunacaq. Buna görə də əhalimiz adından dərin təşəkkürümüzü bildiririk.
X X X
Daha bir layihə coğrafi informasiya sisteminin ilkin elementi olaraq həyata keçirilib. Şamaxıya aid məlumatlar toplanaraq data şəklində 3D xəritəsinə yerləşdirilib. Buraya, həmçinin rayon üzrə kənd təsərrüfatı, təhsil, səhiyyə məlumatları da daxil edilib. Bu isə iqtisadi təhlillər zamanı daha obyektiv qərarların verilməsinə imkan yaradır.
Tahir Məmmədov: Cənab Prezident, bu gün bizim həyata keçirdiyimiz cari layihələrdən biri də ictimai nəqliyyatdakı yeni ödəniş modelinin Şamaxıda tətbiqidir. Qeyd etməliyəm ki, bu pilot layihələrdən biri kimi ilk dəfə olaraq Sizin rayonumuza hədiyyə etdiyiniz ictimai nəqliyyat vasitələrində tətbiq olunubdur. Əhalimiz çox məmnundur, çox müasir avtobuslardır.
X X X
Diqqətə çatdırıldı ki, müasir texnologiyanın verdiyi imkanlar sayəsində əməkhaqqı, pensiya kredit kartları, hətta həmin kartların bağlandığı mobil telefon, mobil saat, smart saat və digər qurğular vasitəsilə nəqliyyatda ödəniş edilə bilər.
Bildirildi ki, son illərdə Şamaxıda təhsil sahəsində də xeyli iş görülüb, rayonda 70 məktəbdən 49-u yenilənib.
Tahir Məmmədov: Bu, birbaşa Sizin təhsilə olan diqqət və qayğınızın göstəricisidir və görülən bütün bu işlər ona hesablanıb ki, təhsildə keyfiyyət yüksəlsin. Göstərici kimi deyə bilərik ki, respublika üzrə 76 təhsil subyekti arasında Şamaxı 66-cı yerdən 49-cu yerə irəliləyib. Yaradılmış bu şəraitə görə də həm şagirdlər, həm müəllimlər çox məmnundurlar. Hazırda layihələr davam edir. Qeyd etməliyəm ki, Heydər Əliyev Fondu bu işdə bizə çox yüksək səviyyədə kömək edir. Rayonumuzda tikilən məktəblərin əksəriyyətində Heydər Əliyev Fondunun həm təşəbbüsü, həm birbaşa həyata keçirdiyi layihələr var. Buna görə hörmətli Birinci vitse-prezident Mehriban xanım Sizə hər zaman öz təşəkkürümüzü bildiririk ki, həm bu sahədə, həm də digər bütün sahələrdə rayonumuza böyük diqqət və qayğı göstərirsiniz.
X X X
Qeyd edildi ki, Şamaxıda digər prioritet istiqamət səhiyyə sektorudur. Hazırda pilot layihə olaraq Ümumdünya Səhiyyə Təşkilatı Heydər Əliyev Fondu ilə birlikdə ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində böyük layihə həyata keçirir.
Tahir Məmmədov: Hazırda ilkin olaraq mobil klinikalar fəaliyyət göstərir. Kəndlərdə Heydər Əliyev Fondu tərəfindən tikilmiş tibb məntəqələri fəaliyyət göstərir. Ümumilikdə modelin əsas istiqaməti ailə sağlamlıq mərkəzlərinin formalaşdırılmasıdır ki, əhali yalnız xüsusi zərurət olanda mərkəzi xəstəxanalara müraciət etsin. Onlar gündəlik səhiyyə xidmətini orada rahat ala bilsinlər.
O da qeyd olundu ki, Şamaxıda abadlıq işləri geniş vüsət alıb, turizm sahəsinin inkişafı ilə bağlı işlər davam etdirilir.
Tahir Məmmədov: Rayonumuzda mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün Mədəniyyət Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən quruldu, tam əsaslı təmir olundu, müasir standartlara uyğun mədəniyyət evi formalaşdı. Təbii ki, turizm rayonunda nəqliyyatın təhlükəsiz hərəkəti ən vacib məsələdir. Bununla bağlı hazırda dairəvi yol ötürücüləri və sair inşa olunmaqdadır. Bu məsələdə Avtomobil Federasiyasının xarici ekspertləri cəlb etməsi təbii ki, işimizi daha da asanlaşdırır və səmərəliliyi artırır.
X X X
Dövlətimizin başçısına məlumat verildi ki, hazırda şəhərin daxili küçələri də yenidən qurulur. Bu isə əhalinin böyük məmnunluğuna səbəb olub, onların rahat hərəkətinə şərait yaradıb. İşıqlandırma ilə bağlı da xeyli iş görülüb.
Prezident İlham Əliyev: Artıq o xarici şirkət enerjiyə qənaət edən dirəkləri quraşdırmağa başlayıbdır. Mən yol boyunca gördüm.
Tahir Məmmədov: Bəli, cənab Prezident, bu layihə Sizin birbaşa bizim rayonumuza olan böyük hədiyyənizdir. Bu cür ən müasir standartda işıqların qurulması Şamaxı kimi yeddi ay güclü dumanlı olan bir ərazidə həm nəqliyyat vasitələrinin, həm piyadaların hərəkətinə yaxşı şərait yaradır. Həm də çox müsbət bir aurası var, gözəl işıqlardır.
Prezident İlham Əliyev: Bir də ki, bu, enerjiyə böyük qənaət edir. Ənənəvi köhnə dirəklərlə müqayisədə elektrik enerjisinin sərfiyyatına təqribən 50 faiz, bəzi hallarda 70 faiz qənaət edir.
Tahir Məmmədov: Bəli, dediyinizi biz artıq reallıqda görürük.
X X X
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid Samir Kaçayevin valideynləri ilə görüşdülər.
Tahir Məmmədov: Cənab Prezident, gördüyünüz bu əsər Şamaxıda böyüyüb başa çatmış heykəltaraş Samir Kaçayevin əsəridir.
Prezident İlham Əliyev: Bəli, bilirəm.
Tahir Məmmədov: “Küləklə sovrulanlar” adlanır. Mehriban xanım, Sizin diqqət və qayğınızın nəticəsidir ki, bu əsər məhz Şamaxıda qoyuldu. Həm valideynləri, həm bizim hamımız üçün çox gözəl böyük bir hədiyyədir. Həm də turistlər üçün diqqətçəkən bir əsərdir.
Prezident İlham Əliyev: Nə yaxşı ki, burada da bu lövhə var. Buradan keçən görəcək, biləcək ki, müəllif kimdir.
Tahir Məmmədov: Bəli.
Samir Kaçayevin atası: Diqqətinizə görə minnətdarıq, çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun, siz sağ olun ki, Vətən üçün, dövlət üçün belə övlad yetişdirmisiniz. Qəhrəmancasına həlak olub, şəhadət zirvəsinə ucalıb və istedadlı bir gənc idi, vətənpərvər gənc idi. Siz sağ olun ki, belə övlad böyütmüsünüz, o da canını Vətən uğrunda fəda edib.
Samir Kaçayevin atası: Çox sağ olun.
Prezident İlham Əliyev: Təsəlli o ola bilər ki, qanı yerdə qalmayıb. O, Aprel döyüşləri zamanı həlak olmuşdur. Biz düşməndən onun və bütün digər şəhidlərimizin qanını aldıq. Torpaqlarımızı geri qaytardıq, böyük Zəfər əldə etdik və Aprel döyüşlərinin bu Zəfərdə də öz rolu var, öz payı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu da onun xatirəsinə özü tərəfindən yaradılmış bir əbədi abidə olacaq.
Birinci xanım Mehriban Əliyeva: Əsərin fonunda şəkil çəkdirək.
X X X
Xatirə şəkli çəkdirildi.
X X X
Samir Kaçayevin atası: Çox sağ olun.
Prezident İlham Əliyev: 22 yaşı var idi.
Samir Kaçayevin atası: Bəli, təzə tamam olmuşdu. Bir ay idi ki, 22 yaşı tamam olmuşdu. Magistraturaya qəbul olmuşdu. Dedim, oxu qurtar sonra. Dedi yox, gedim Vətənə borcumu verim. Ondan sonra davam edəcəyəm.
Mehriban xanım, Siz də çox sağ olun. Siz bizə ev tikdirmisiniz. Çox sağ olun. Çox minnətdarıq, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun.
Samir Kaçayevin ailə üzvü: Şəhidlərin xatirəsinə böyük ehtiram, şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərirsiniz, çox sağ olun.
Prezident İlham Əliyev: Şəhidlərin xatirəsi bizim üçün müqəddəsdir.
Şamaxı rayonunda indi işlər yaxşı gedir. Böyük quruculuq işləri aparılır. Bütün sahələrdə insanların rahatlığı üçün çalışırıq. Şəhidlərimiz də bax, bu gün üçün öz canlarını fəda etmişlər ki, xalqımız rahat yaşasın, sülh, təhlükəsizlik şəraitində yaşasın, öz doğma torpağına qayıtsın və artıq qayıdıbdır. Biz bir neçə gündən sonra tarixi Zəfərin birinci ildönümünü qeyd edəcəyik. Bütün şəhidlərimizin bu Zəfərdə böyük payı var, öz payı var hər bir şəhidin.
Birinci xanım Mehriban Əliyeva: Əsər də simvolikdir. Sanki şəhidlərin ruhları zirvəyə qalxır.
Prezident İlham Əliyev: Bəli, elədir.
Samir Kaçayevin ailə üzvü: Bu, onun son işlərindən biridir. Bu görüşə görə sağ olun.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
Birinci xanım Mehriban Əliyeva: Sağ olun.