“1905.az” portalının suallarını “Zəfər” kurslarının filial müdiri Samin Həsənov cavablandrır.
– Azərbaycan gəncinin hazırlıq səviyyəsi. Belə bir təsəvvür var ki, oxuyan Azərbaycan gəncini ancaq ali məktəbə daxil olmaq düşündürür. Ali məktəbə daxil olan kimi isə onların təhsil prosesinə münasibətləri dəyişir. Doğrudanmı Azərbaycan gənci yalnız ali mətəbə daxil olmağa çalışırlar?
– Təbii ki, bunu hamıya aid etmək olmaz. Hər il orta məktəbləri yüz minə yaxın insan bitirir. Bunlardan əlavə, əvvəlki illərdə də daxil ola bilməyən insanlar var. Əlbəttə, bunların yalnız 20-30 faizi ali məktəblərə daxil olurlar. Bu təxminən 25-30 min nəfər edir. Bunların da yalnız 10-15 min nəfərini oxumaq düşündürür. Məsələn, bizim kursa gələn hər 10 nəfərdən yalnız 2-3 nəfəri qarşısına məqsəd qoyur və çalışır. Başqa sözlə, bu insanlar öz hədəflərini bilirlər. Amma əksəriyyətin hədəfi yoxdur. Mən özüm hər ay kursumuzda keçirilən sınaqlarda hədəfləri müəyyənləşdirirəm ki, filankəs bu ay neçə bal yığıb, növbəti ay neçə bal yığmalıdır. Əksəriyyətin isə hədəfi yoxdur, “nə yığaram, yığaram”, prinsipi ilə yaşayırlar.
– Hədəf varsa da yalnız bal formasındadır, elə deyilmi?
– Mən həmişə abituriyentlərə təkrarlayıram: “Sən əvvəlcə lazımi bal yığmalı, sonra ixtisasını seçməlisən”. Proses özü belədir. Əgər 600 bal yığsan, universitetlər sənə, 200 bal yığsan, sən universitetlərə yalvaracaqsan. Keçid balları da aşağı olduğundan, əksər abituriyentlərin hədəfi keçid balını toplayıb, ali məktəbə daxil olmaqdır. Bunlar üçün gələcək də mürəkkəb olur, çünki ixtisas öyrənmək yox, diplom sahibi olmaq istəyirlər. Amma gələcəkdə seçdiyi ixtisas üzrə işləmək istəyən abituriyentlər də var.
– Siz, repetitor yanına, hazırlıq kurslarına getmədən, yüksək balla ali məktəblərə daxil olan abituriyentləri tanıyırsınızmı?
– Repetitorlar, hazırlıq kursları beynəlxalq təcrübədə də var. Bu gün 200 bal yığmaq üçün müəllim yanına getməyə ehtiyac yoxdur. Hər fənndən 5-6 düz cavab yazmaq kifayətdir. Amma yüksək məqsəd qoyulanda abituriyentlərin repetitor yanına, hazırlıq kurslarına getməsi lazımdır. İndi yalnız 11-ci sinifdə oxuyanlar deyil, 9-cu sinifdə oxuyanlar da hazırlığa gedirlər ki, gələcəkdə yüksək nəticələr əldə etsinlər. Bu baxımdan orta məktəb öz vəzifəsini yerinə yetirə bilmir. 9-cu sinif şagirdi repetitor yanına gedirsə, onun orta məktəbdən bir ümidi yoxdur demək.
– Orta məktəbə getməyənlər üçün cərimə tətbiqi işinizə təsir etdimi?
– Cərimələr daha çox orta məktəbə getməyənlərə tətbiq olunur. Bu proseslər daha çox rayonlarda özünü göstərir. Çünki rayonlardan Bakıya gəlib, oxumaq istəyənlər var. Yaxud öz uşağını məktəbə yox, hazırlığa göndərənlər də var. Ümumən bu fakt bizə cüzi şəkildə təsir etdi. 2-3 faiz. Bu da ancaq müəyyən vaxtlarda ola bilər. Amma iş prinsipimiz elə qurulub ki, bizə çox da təsir etmir. Məktəbdə dərslər səhər-səhər olur, bizdə isə hazırlıq günorta 3-dən sonra başlayır.
– Orta statistik azərbaycanlı abituriyent Azərbaycan haqqında nə bilir? Azərbaycanın bu qədər problemləri var. Abituriyentlərin Vətən, Azərbaycan tarixi, Qarabağ problemi, qaçqın və məcburi köçkünlər, erməni məsələsi, soyqırımlara məruz qalmağımız, xalqımızın tarixi torpaqlarından deportasiyası və s. ilə bağlı bilgiləri necədir?
– Ümumiyyətlə, bütün abituriyentlərin əsas problemi az kitab oxumalarıdır. Onlar ancaq testlər üzərində işləməyi xoşlayırlar. Tarix də oxunmalı fənndir. Lakin abituriyentlər ancaq hazırlaşdığı qrup üzrə konspektləri oxuyub və testləri işarələməklə kifayətlənirlər. Azərbaycanın problemləri haqqında isə demək olar ki, heç nə oxumurlar.
– Başqa sözlə, bu problemlər onları maraqlandırmır?
– Biz belə hadisələr ərəfəsində elanlar verir, yazılar yazırıq və bu barədə məlumat verməyə çalışırıq. Amma təəssüf ki, bəzən şagirdlər 5-6 cümləlik elanı da oxumağa tənbəllik edirlər. Məsələn, nə yazıldığını soruşanda cavab verirlər ki, baxmayıblar. Şagirdlər telefon, planşet, kompüterə daha çox diqqət edirlər. Yazılmış 2-3 səhifəlik yazını oxumağa isə onların hövsələləri çatmır.
– Əvvəllər uzun müddət texniki fənn və ixtisaslara deyil, humanitar ixtisaslara meyl böyük idi. İndi bu tendensiya dəyişibmi?
– İndi birinci qrupa axın böyükdür. Amma bu o demək deyil ki, ölkəmizdə texniki fənnlərə maraq artıb. Sadəcə olaraq bu qrupda həm ixtisas çeşidlərinin sayı genişdir, həm də keçid balı azdır. Abitriyent bu gün ödənişli qaydada üçüncü qrup üzrə dövlət universitetinə düşmək üçün azı 350-400 bal toplamalıdır. Amma ödənişli birinci qrupa 200-250 bal kifayətdir. Hətta texniki fənlləri bilməyənlər birinci qrupa getmək istəyirlər. Nə fənni bilirlər, nə də hansı universitetdə hansı ixtisas olmağını. Üçüncü qrupa axın isə hüquqşünaslıq, beynəlxalq münasibətlər, tərcümə və s. kimi yüksək ixtisasların olması ilə əlaqədar idi. Amma üçüncü qrup yenə də öz aktuallığını qoruyur.
– Hər bir insanın hədəfləri olur. Neçə ildir bu sahə lə məşğulsunuz? Hədəfləriniz nədir?
– Statistik məlumatlara görə, Azərbaycanda 2,7 milyon nəfər gənc yaşayır. Bu da əhalinin 28,1 faizini təşkil edir. Bunların 15-20 faizi işsizdir. Onların da içində həm ali təhsilli, həm də orta təhsillilər var. Ümumən indi 158 min gənc ali məktəbdə təhsil alır. 60 minə yaxını orta ixtisas təhsil müəssisələrində oxuyur. Hər birinin də öz hədəfi var. Mən də təhsil sahəsində çalışdığımdan, ən yüksək hədəfləri qarşıma qoymuşam. Altı ildir bu sahədəyəm. İldən-ilə daha böyük uğurlar qazanırıq. Bu kollektivin əməyi, rəhbərliyin təhsil sahəsində strategiyası nəticəsində mümkün olub. Çalışırıq ki, abituriyentlər seçdiyi qrupu və ixtisası daha aydın dərk etsin. Bu sahədə abituriyent və valideynlərə dəstək oluruq.
– Sizə uğurlar arzulayırıq.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az