Suallarımızı tərcüməçi Sevil xanm Gültən cavablandırdı.
– Sevil xanım, uzun illərdir tərcümə fəaliyyəti ilə məşğul olursunuz. İstər bədii tərcümə, istərsə də rəsmi sənədlərin tərcüməsi baxımından ingilis dilindən və ingilis dilinə tərcümə ilə bağlı ümumi vəziyyət, mənzərə qənaətbəxş sayıla bilərmi?
– Mənim tələbə olduğum vaxtlarda tərcüməçilər az idi. Bizə dərs deyən və kitab tərcümə edənlərdən yadımda Zeydulla Ağayev və İsmixan Rəhimov qalıb. Amma indi çox güman ki, İnternetin inkişafı ilə əlaqədar olaraq tərcüməçilərin sayı çoxalıb, onları birləşdirən mərkəz isə yoxdur. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılanda sevindim ki, ən azı tərcümə etdiyim kitabların çapına kömək olar və ya mən də hansısa əsəri tərcümə etmək imkanı qazanaram. Amma təəssüf ki, belə olmadı. Tərcüməçiləri birləşdirən mərkəzin olmaması tərcüməçilərin fəaliyyətində pərakəndəliyə səbəb olur. Mənə bəzən elə tərcümələr verirlər ki, müəllifi göstərmirlər, adı da yoxdur, məcburam ki, adını bilmədiyim bir müəllifin hekayəsini tərcümə edəm.
– Bu deyilənlərdən belə bir nəticə çıxarmaq olarmı ki, Siz ölkədə ingilis dilindən Azərbaycan dilinə və Azərbaycan dilindən ingilis dilinə tərcümə məsələsində vəziyyəti qənaətbəxş saymırsınız?
– Xeyr, qənaətbəxş sayıram. “Qanun” nəşriyyatında bir çox kitablar çap olunur. Mən “Qanun” nəşriyyatını tərcümə məktəbi kimi qəbul edirəm. “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bir dəfə mənə çap olunan kitabların sayını demişdi, çox heyrətlənmişdim. Əlbəttə, istənilən işdə nöqsan tutmaq olar, lakin məncə, “Qanun”da çap olunan kitabların tərcüməsini qənaətbəxş saymaq olar. Yaxud “Teas Press” nəşriyyatında ingiliscədən tərcümə edilmiş bir çox kitablar çap olunur. “Teas Press” nəşriyyat evi üçün mən təxminən 16-17 kitab tərcümə etmişəm. Adətən mən gündə 20 kitab səhifəsi tərcümə edirəm, lakin “Kapitan Korelinin mandolinası” kimi elə mürəkkəb kitablar olur ki, günə yalnız 2 səhifə tərcümə etmişəm. Düşünürəm ki, ən azı mənim kimi 5-10 nəfər tərcüməçi varsa, vəziyyəti qənaətbəxş hesab etmək olar. Rus dilindən, ingilis dilindən normal tərcümələr edən xeyli tərcüməçi var. Məncə, mərkəzləşmə olsaydı, tərcüməçilər eyni kitabı deyil, müxtəlif kitabları tərcümə edərdilər.
– Sizcə, bu normal deyilmi, əslində də axı elə belə olmalıdır. Bu nəşriyyatlar həm də bir-biri ilə rəqibdirlər.
– Düzdür, rəqibdilər. Amma məsələn, “Doktor Jivaqo”nu iki nəşriyyat tərcümə etdirib. Həm də biri o birisindən sonra. Əgər bu kitab “Qanun”da tərcümə edilib, nəşr olunubsa, başqa bir nəşriyyat onu yeni tərcümədə o vaxt nəşr etməlidir ki, digər tərcümə zəif olsun.
– Bunlar rəqabətdə olan nəşriyyatlardır. Rəqabətsə tək bizim kitablarımızın görüntüsündə, kağızında, poliqrafiyasında və sairədə deyil, həm də tərcümənin keyfiyyətindədir. Tutaq ki, bir nəşriyyat Sizinlə saziş bağlayb, rəqib nəşriyyat isə başqa tərcüməçi ilə. Bu iki kitab tərcümə və nəşr edildikdən sonra satışa çıxır. Hansının yaxşı tərcümə olduğunu isə oxucunun özü müəyyənləşdirməlidir.
– Amma elə bir oxucu yoxdu axı ki, ikisini də alıb oxusun.
– Təbii. Amma tutaq ki, 5 nəfər bir kitabı alacaq, 10 nəfərsə rəqib nəşriyyatın kitabını. Və bir müddətdən sonra hansı kitab zamanın sınağından çıxacaqsa, o da qalacaq. Sizin dediyiniz mərkəzləşmə isə məncə, sovetizmin, yaxud planlı iqtisadiyyatmı təzahürü deyilmi?
-Xeyr. Planlı şəkildə demirəm. Tutaq ki, nəşriyyat mənə tərcümə verir. Tərcümə edib kitabı təqdim etdikdən sonra, qonorarımı iki hissəyə bölüb, verir. Yaxud elə nəşriyyat da var ki, kitabı tərcümə üçün götürən kimi avans verir. İşi bitirdikdən sonra isə pulun qalanını ödəyir. Amma bunu heç də bütün nəşriyyatlar etmir. Tərcüməçilərin fəaliyyəti mərkəzləşdirilsəydi, yaxşı tərcüməçilərin həmişə işi olardı və diletantlar da tərcümə prosesindən uzaqlaşdırılardılar. Azərbaycan ədəbiyyatını xaricdə təmsil edənlər də bu işin ciddiliyini anlayardılar. Bir başqa problem də müqavilə məsələsidir. Mənə Azərbaycan dilindən ingilis dilinə tərcümə üçün mətn verirlər, müqavilə bağlamağı təklif edirəm. Amma heç kim müqavilə bağlamaq istəmir. Bəzən elə olub ki, kitabı tərcümə etmişəm, vaxtım gedib, lakin vəd olunan məbləği ödəməyiblər. Yaxud da son dərəcə çətin bir hekayələr toplusunu nəşriyyatın sifarişi ilə tərcümə etmişəm, lakin hansısa bəhanələrlə kitabı qəbul etməyiblər. Beləcə bir aylıq əziyyətim hədər gedib. Müqavilə bağlasaydıq, haqqımı tələb etmək üçün əlimdə hüquqi sənəd olardı. Ona görə də tərcüməçiləri birləşdirən mərkəzin vacibliyini qeyd edirəm.
– Mənə elə gəlir ki, mərkəzdən daha çox, Yazıçılar Birliyinə, Jurnalistlər Birliyinə oxşar tərcüməçilər birliyindən söhbət getməlidir.
– Bəli. Mən fikirləşirəm ki, belə qurumun mövcudluğu çox vacibdir.
– Siz peşəkar tərcüməçiliklə 1978-ci ildən məşğulsunuz?
– 1978-ci ildə, tələbə vaxtı tərcüməçiliyə başlamışam. Mənə həm maddi, həm də mənəvi cəhətdən qiyməti İsmixan müəllim verib. 90 nəfərin içərisində məni “patok”un nümayəndəsi seçmişdi. 19 il müəllim işləmişəm, tərcüməçiliklə bir növ pərakəndə olaraq məşğul olmuşam. Universitetdə oxuyanda İsmixan müəllim bir kitab vermişdi oxumağa, oradan bir hekayəni tərcümə etmişdim. Məndən sonra bacım da həmin universitetdə oxuyurdu. Bacımın yanına gələndə İsmixan müəllimin yanına getdim, məni “Yazıçı” nəşriyyatına, Firuzə xanım Rzabəyovanın yanına göndərdi. Getdim, gördüm ki, “Dünya” tərcümə almanaxının 2-ci hissəsi çap olunub. Kitabdakı əsərlər tanınmış tərcüməçilər tərəfindən dilimizə çevrilmişdi. Aralarında 3 tələbənin də tərcüməsi var idi – Telman Nəzərli, Gülbəniz Qənbərova və mənim – Sevil Nuiriyevanın. İsmixan müəllim tərcümə etdiyim və yoxlamaq üçün ona verdiyim hekayəni nəşriyyata təqdim etmişdi. Heç vaxt çap olunmayan tələbənin birdən-birə təcrübəli tərcüməçilər, universitet müəllimləri ilə eyni almanaxda tərcüməsinin çap olunması o dövr üçün böyük hadisə idi. Üstəlik də tərcümə üçün mənə 240 manat da qanorar yazmışdılar. Həmin dövr üçün kiçik məbləğ deyildi.
– Hansı ildə olmuşdu bu hadisə?
-1985-ci ildə. Ondan sonra rayonda təyinatla 19 il müəllim işlədim. Bir dəfə 2002-ci ildə “Xəzər Universiteti”nin rektoru Hamlet İsaxanlını televiziyada verilişlərdən birində çıxışını gördüm, tərcümə ilə bağlı danışırdı. Götürüb, ona məktub yazdım. Qardaşım Hamlet müəllimlə görüşüb məktubumu ona vermişdi. Məktubda Azərbaycan dilindən ingilis dilinə , inigilis dindən-Azərbaycan dilinə tərcümələrim var idi. İndi burada Sizinlə oturub, söhbət edirəmsə, Hamlet müəllimə minnətdaram. Hamlet müəllim inanmayıb ki, bu tərcümələri edən adam kənddə yaşayır. 2003-cü ilin yanvarında Hamlet müəllim məni işə dəvət etdi, amma həyat yoldaşım rəhmətə getdiyinə görə imtina etməli oldum. 2003-cü ilin iyununda bu dəfə Hamlet İsaxanlı, Əfqan Abdullayevlə birlikdə rayona, evimizə gəldilər. Hətta anamdan da icazə aldılar. Dedilər ki, Sevilin yeri bura deyil. Beləcə “Xəzər Universiteti”ndə işləməyə başladım. 2004-cü ildən isə aktiv tərcümə ilə məşğulam. Yeri gəlmişkən, şifahi tərcümə ilə bağlı mənə tez-tez müraciət olunur, amma şifahi tərcüməyə marağım yoxdur.
– Peşəkar tərcüməçisiniz. Azərbaycan dilindən-ingilis dilinə, ingilis dilindən Azərbaycan dilinə tərcümə sahəsində gedən prosesləri optimallaşdırmaq üçün Sevil Gültənin resepti ilə tanış olmaq istərdik. Nə təklif edirsiniz?
– Əvvəllər tərcümə nəzəriyyəsi var idi. Mən kitabı tərcümə edirəm, amma müəllifin adı necə yazılmalıdır, bunu müəyyənləşdirmək çox çətindir. Əslində adi şey kimi görünür, amma hər zaman problem yaradır. Keçmişdəki tərcümə nəzəriyyəsində yazılırdı ki, əgər bizim əlifbamız müəllifin adını yazmağa imkan verirsə, o cür də yazılmalıdır. Mənim fikrimcə də, əlifba imkan verdiyi şəkildə yazılmalıdır. Ona görə də deyirəm ki, müasir tərcümə problemləri ilə bağlı vahid nəzəriyyə olmalıdır. Bir də görürsən ki, saytın adını tərcümə edib, ingiliscə yazıblar. Halbuki sayt adı tərcümə olunmamalıdır. Mən müxtəlif müəlliflərin əsərlərindəki ifadələri bir yerə toplamağı düşünürəm. Nəşriyyatların bir neçəsinə təklif etmişəm ki, 100 səhifəlik ifadələr lüğəti hazırlayıb, çap etdirə bilərəm və bu, bütün tərcüməçilərin işinə kömək edə bilərdi. Lakin hələlik bu sifarişi qəbul edən tapılmayıb.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az