Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin açılış mərasimi davam edir.
AZƏRTAC xəbər verir ki, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin açılış mərasimində maraqlı anlarla yadda qalıb.
Mərasimdə Xurşidbanu Natəvanın xəyali obrazı təqdim olunub. Səhnəcikdə fransalı yazıçı Aleksandr Düma ilə şahmat oynayan görkəmli şairə rəqibini məğlub edib.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov, Xalq yazıçısı Çingiz Abdullayev, idman ictimaiyyətinin nümayəndələri, turnirin iştirakçıları və media nümayəndələri iştirak edirlər.
Turnir iki kateqoriyada – kişilər və qadınlar arasında təşkil olunacaq. Doqquz ölkədən qatılacaq şahmatçılar rapid və blits üzrə yarışacaqlar. Həm kişilər, həm də qadınların yarışında qalib rapid və blits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək.
“Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.