Bugünədək standartlaşdırma üzrə 33 texniki komitə təsis edilib, son üç ildə 243 dövlət standartı qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov Milli Metrologiya Forumunda deyib.
O bildirib ki, 2024-2026-cı illər üzrə milli standartlaşdırma çərçivəsi təsdiq edilib: “Azərbaycan Standartlaşdırma İnstitutunun kalibrləmə və ölçmə imkanları genişlənərək 32-yə çatdırılıb, 12 yeni laboratoriyanın qurulması istiqamətində işlərə başlanılıb”.
Bu il bir neçə yeni etalon laboratoriyasının qurulmasına başlanılacağını deyən rəis müavini İlqar Həsənov bildirib ki, 39 mal kateqoriyası laboratoriyasının diaqnostik qiymətləndirilməsi aparılıb.
“Eyni zamanda, malların risk qruplarının təyin edilməsi meyarları təsdiqlənib, malların risk qrupları üzrə təsnifatı aparılıb və razılaşdırılması məqsədilə dövlət qurumlarına təqdim edilib. Bunlar texniki tənzimləmə infrastrukturunun yaradılması üçün lazım olan addımlardır. 2021-2023-cü illərdə 309 qurum akkreditasiyadan keçib. Ötən ilin sonuna 301 qurum qeydiyyata alınıb, laboratoriyaların səriştəliliyinin artırılması məqsədilə 25 təlim keçirilib”, – deyə İlqar Həsənov əlavə edib.