Neçə illər bundan əvvəl qəribə bir hadisə baş verib. Deməli, Bakının Keşlə kəndində Hacıqulu adında bir kasıb kişi yaşayırmış. Tənəkəçilik eləyirmiş. Ətraf kəndlərin sakinləri də gəlib bu kişinin düzəltdiyi qabları alırlarmış. Bu kişinin düzəltdiyi əsas qabın adı a hərfi ilə başlayıb, elə həmin hərflə də bitərmiş. (İnsafən o qabın adı elə indinin özündə də dəyişməyib)
Nə isə bu kişinin bir çətən külfəti varmış. Və böyük oğlunun adı da Ağabala imiş. Özü də Ağabala çox fərasətli uşaqmış. Ona görə də günlərin bir günü Hacıqulu kişi oğlunu yanına salıb gətirir şəhərə ki, işə düzəltsin. Düzəldir də. Buxar dəyirmanında bir qəpik də almadan Ağabalanı işə götürürlər və uşaq başlayır işləyib atasına kömək eləməyə.
Ağabala bala-bala işləyir və altdan-altdan dəyirmanın işini də öyrənir. Həm də pul yığır. Üstündən neçə il keçəndən sonra dəyirmanı alır. Tənəkəçi Hacığulunun oğlu Ağabala olur “xozeyin” Ağabala. Və bir müddət keçəndən sonra dəyirmanlar kralına çevrilir. Necədi sizin üçün?
Bu qəribə hadisə XIX əsrin sonlarında baş verib. Bax belə. Belə məlum olur ki, sovet vaxtı yıxıb-sürüdüyümüz çarizm dövründə əməlli-başlı, lap elə “Evləri köndələn yar”da haqqında bəhs edilən əsatiri lift kimi işləyən sosial lift varmış. Və ən aşağı mərtəbədə həmin bu sosial liftə minən kasıb Ağabala yuxarı qatda milyonçu Ağabala kimi düşə bilərmiş.
Nə isə. O vaxt ola bilsin, “sosial lift” anlayışı yox idi, amma sosial liftin özü vardı. İndi isə tərsinədir bəlkə? Cavablandırmağa çətinlik çəkirəm, odur ki, susuram. Və istəyirəm balaca bir lətifə danışım.
Günlərin bir günü bir generalın (bu Rusiya lətifəsidir, özümə borc bilirəm bu məsələni qeyd edim) oğlu atasından soruşur ki, o (yəni oğul) general ola bilərmi? General (yəni ata) bu sualı birmənalı olaraq müsbət cavablandırır. Oğul (yəni general olmaq istəyən) ürəklənib bu dəfə marşal olmaq imkanlarını araşdırmaq istəyir. Söhbət bu yerə çatanda ata (yəni general) məyuscasına bildirir ki, deyilənə görə marşalın öz oğlu var.
Vəssalam.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı 2016; səh. 14-15)