Noyabrın 21-də Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.
Dövlətimizin başçısı Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, inşasına bu ilin mayında başlanılan Mərkəzin binası ikimərtəbəlidir. Burada konfrans zalı, qrim, məşq, rejissor otaqları yaradılıb. Sinif otaqlarının hamısı zəruri avadanlıqla təchiz edilib. Tamaşaçı tutumu 400 nəfər olan konsert zalında müxtəlif mədəni tədbirlərin, o cümlədən muğam gecələrinin keçirilməsi üçün hər cür şərait var. Sinif otaqlarında isə muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.
Sumqayıt Bulvarı ərazisində yerləşən Muğam Mərkəzinin ətrafı abadlaşdırılıb.
Burada yaradılan şərait bir daha təsdiqləyir ki, xalqımızın ən qədim musiqisi olan muğamın yaşadılması, onun gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Xalqın ruhundan süzülən muğamın inkişafı ilə bağlı dövlətin nümayiş etdirdiyi konsepsiya onun təbliği və dünya xalqlarına çatdırılmasında da əhəmiyyətli rol oynayır.
Son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda muğamın təbliğinə dövlət səviyyəsində yüksək diqqət göstərilir. Bu baxımdan son dövrlərdə yaradılan Muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var. 2008-ci ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə Füzulidə, 2018-ci ildə Ağdamda inşa olunan Muğam mərkəzləri ölkəmizdə muğamın inkişafına mühüm töhfələr verib. Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində dövlət tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da tarixi töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESKO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf edib. Muğam UNESKO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb. Ötən illərdə Heydər Əliyev Fondu ilə Azərbaycan Televiziyasının birgə layihəsi əsasında “Muğam televiziya müsabiqələri”nin keçirilməsi bu əvəzsiz sənət nümunəsinin yaşadılması, xalqımızın qədim yaddaşından gələn muğamlarımızın qorunması istiqamətində mühüm hadisələr kimi tarixə düşüb.