Bir müddət bundan qabaq Bayılda, sonra deyəsən həm də Əhmədli tərəfdə sürüşmə halları var idi. (Əslində müxtəlif səciyyəli sürüşmələrə hər yerdə rast gəlmək olar, burada söhbət torpaq sürüşmələrindən gedir.) Həmin bu sürüşmə halları ortaya çıxanda sürüşən ərazilərdəki binalar da sürüşürdü və yaxud elə vəziyyətə düşürdü ki, sürüşsəydi ondan yaxşı olardı. Bu təbiətin sürüşdürdüyü torpaqlar və binalardır.
İndi sürüşmə məsələsində yeni mərhələ başlamaq istəyir. Bu dəfə adamlar başlayıblar binaları sürüşdürməyə. Düzdür, hələlik heç bir bina sürüşdürülməyib. Amma sürüşdürülməlik bir bina var və bu rəhmətlik Hacınskinin indiki Füzuli küçəsindəki keçmiş mülküdür.
Çox maraqlı binadır bu mülk. Şamil Fətullayev-Fiqarov bu binanı Bakının “modern üslübünda ən yaxşı memarlıq abidələrindən biri” kimi dəyərləndirib. Bu binanın bircə çatışmayan cəhəti var. Vaxtında, yəni 1908-ci ildə rəhmətlik bu binanı lazım olduğu yerdə tikdirməyib. Və indi məcburiyyət yaranıb ki, modern üslübda tikilmiş binanı elə modern üsullarla da sürüşdürələr əsl yerinə. Yəni təqribən 15 metr arxaya.
Bina necə sürüşdürüləcək və onun sakinləri binanın təzə yerində özlərini necə hiss edəcəklər? Bu sualın cavabını biz bilmirik və ümid edirəm ki, bina sürüşdürənlər bunu bilirlər. Bilməsəydilər bu çətin işə girişməzdilər yəqin.
Daha bir sual da yaranır və mən bu sualın da cavabını bilmirəm.
Deməli, bu gün oxudum ki, Ayna Sultanova parkında təmir işləri başlanmalıdır. Bu işləri şərh edən bir məmur təmir zamanı yoldaş Sultanovanın heykəlinin yerinin dəyişə biləcəyini istisna etməyib. Həmin məmur deyib ki, ola bilər heykəl ya geri ya da irəli çəkilsin… Bildiniz? Bu məlumatı oxuyan kimi Hacınskinin sürüşdürülmə ərəfəsində olan binası yadıma düşdü və biixtiyar barmağımı dişlədim. Və öz-özümə sual verdim. Görəsən ola bilərmi ki, Bakıda indi də bina, heykəl və ola bilsin həm də körpü və s. kimi mühəndis qurğularının sürüşdürülməsi prosesinə start verilsin?
Oldu oldu da.
Özüm sınamamışam, amma deyirlər dəvə oynayanda qar yağar. Bəs binalar sürüşdürüləndə necə?
Gözləyək görək Hacınskinin mülkünün aqibəti necə olacaq
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı 2016; səh. 12-13)