İyulun 29-da Şuşa şəhərində Türk dövlətlərin həmkarlar ittifaqlarının birgə yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası, Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (TÜRK-İŞ), Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının rəhbərləri və nümayəndələri iştirak ediblər.
AHİK-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, tədbirin Şuşa şəhərində keçirilməsinin öz rəmzi mənası var. “Bura xalqımız üçün müqəddəs və əziz məkandır. İşğal dövründə şəhərdəki yüzlərlə tarixi və mədəniyyət abidələri vandalizm aktları nəticəsində dağıdıldı. Siz də işğaldan azad edilmiş Şərqi Zəngəzurun və Qarabağın ərazisinə daxil olarkən ermənilərin törətdiyi vandalizm hərəkətlərinin izlərini gördünüz. Hazırda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqları və birbaşa nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş tikinti-quruculuq işləri davam etdirilir. Artıq Zəngilan və Laçın sakinlərinin 30 ildən sonra öz doğma yurdlarına qayıtması ilə Böyük Qayıdış planına start verilib. Bir sözlə, gözəl Qarabağımız, o cümlədən 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşa özünün intibah dövrünü yaşayır”, – deyə AHİK sədri vurğulayıb.
O, Türk dövlətləri arasındakı münasibətlərdən, əməkdaşlıq əlaqələrindən danışaraq qardaş ölkələrin bir-birinə yaxınlaşmasında Azərbaycanın rolunu qeyd edib. Bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə məhz Naxçıvan şəhərində yaradılıb. Azərbaycanın türkdilli ölkələrlə münasibətləri Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə” və Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”si ilə inkişaf etməkdədir. Qardaş ölkələrin təşkilatlanması, vahid gücə çevrilməsi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri və qətiyyəti sayəsində mümkün olub.
Türk dövlətlərinin həmkarlar ittifaqları arasında da münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyən Səttar Möhbalıyev, həmçinin Türk ölkələrinin həmkarlar ittifaqlarının təşkilatlanmasının əhəmiyyətindən də söz açıb.
TÜRK-İŞ-in sədri Ergün Atalay çıxışında Şuşanın gözəlliyinə heyran qaldığını deyib və şəhidlərimizə Uca Yaradandan rəhmət diləyib. Əlavə edib ki, Türk dövlətləri arasında keçirilən görüşlər və təşkil olunan qarşılıqlı səfərlər, həmçinin aparılan danışıqlar və imzalanan sənədlər imkan yardır ki, qardaş ölkələr həmrəy olsunlar, istənilən böhrana qarşı vahid mövqedən çıxış etsinlər. “Təbii ki, eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olmağımız bu birliyin təməl prinsipləridir. Ölkələrimizin həmkarlar ittifaqları səviyyəsində də əlaqələrimizi daha da genişləndirmək, əmək hüquqlarının qorunması istiqamətində səylərimizi birləşdirmək qarşımızda duran əsas vəzifələrdir”, – deyə Ergün Atalay bildirib.
Sonra Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Omor Arstanbekov və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Bəxtiyar Məhmətəliyev çıxışlar edərək Türk dövlətləri arasında münasibətlərin bütün sahələrdə dinamik inkişafından, o cümlədən həmkarlar ittifaqları arasında mövcud olan əlaqələrdən danışıblar.
Ardınca Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) yaradılması haqqında müqavilə imzalanıb.
Qeyd edək ki, TDHİT-nin yaradılmasında məqsəd işçilərin mənafeyinin və əmək hüquqlarının, həmkarlar ittifaqı hüquqlarının və fəaliyyət azadlığının, onun cəmiyyətdə yeri və rolunun səmərəli müdafiəsi üçün səyləri birləşdirməkdir.
Tədbir yekunlaşdıqdan sonra Şuşa şəhərini gəzən qonaqlara tarixi və mədəniyyət abidələrimizə ermənilərin vurduqları ziyan barədə məlumat verilib. Onlar, həmçinin şəhərdə həyata keçirilən yenidənqurma işləri ilə də tanış olublar.