Ən asan iş təklif verməkdir. Bunu hamı bacarır. Özü də yaxşı olar ki, başın çıxmayan sahə ilə bağlı təklif verəsən. Ümumiyyətlə, əziz dostlar, öyrətmək olmasın, təklif verəndə əsas diqqəti təklifin özünə yox, səsinizin tembrinə, üzünüzün ifadəsinə və əlbəttə ki, baxışlarınıza yönəldin. Təcrübə göstərir ki, ağıllı görkəmlə verilən ən adi təklif, necə deyərlər elə-belə, işçi qaydada verilən ən əhəmiyyətli təklifə baxanda daha yaxşı qarşılanır. Və bir növ hörmətli olur.
Keçirəm təklifə. Təklifim toponimik xarakter daşıyır və olduqca faydalıdır. Bu təklifin əlaqədar qurumların diqqətini cəlb edəcəyinə əsla şübhə eləmirəm.
Təklif edirəm ki, Bakıdakı xarici ölkə səfirliklərinin yerləşdiyi küçələrin, prospektlərin adlarına yenidən baxaq. Məsələn, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyi Azadlıq prospektin- də yerləşir. Bu prospektin adını dəyişdirib “BMT-nin əməl olunmayan 822 saylı qətnaməsi prospekti” qoysaq necə olar?
Və yaxud Rusiya Federasiyasının ölkəmizdə fəaliyyət göstərən səfirliyinin ünvanına nəzər salaq. Bakıxa- nov, 17. İndi isə təsəvvür edin ki, küçənin adını dəyişmişik və Rusiya səfirliyi deyək ki, “1992-ci ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan şəhəri Laçın küçəsi”ndə yerləşir.
Siyahını davam etdirmək istəmirəm. Bakıda səfirliklər çoxdur. Düşünürəm ki, diplomatik missiyaların yerləşdiyi küçələrin adlarına yüngülvari əl gəzdirib Qarabağ problemimizi xarici diplomatların həm özlərinin, həm də rəhbərliklərinin yadına sala bilərik. Əminlik hissi ilə deyirəm ki, Vaşinqtondan, Dövlət Departamentindən kimsə Bakıdakı işçilərinə məktub yazası olsa, BMT-nin əməl olunmayan 822 saylı qətnaməsinin məhz nəyə həsr olunması ilə maraqlana bilər. Və yadına düşər ki, bu il həmin qətnamənin 20 yaşı tamam olub… Necə bilirsiniz?
Öz ayranının turşluq əmsalının böyüklüyü ilə barışmaq iqtidarında olmayanlar ölkəsinin layiqli və vətənpərvər övladı kimi əminəm ki, indicə səsləndirdi- yim təklifin həyata keçməsi bizə ancaq başucalığı gətirə bilər. Həm də ona görə ki, bu təklifi elmi cəhətdən əsaslandırmaq mümkündür. Axı ünvanın insan psixologoyasına təsiri danılmazdır. Məsələn, mən vaxtilə Kislotnaya (yəni Turşu) küçəsində yaşayırdım. Getsin o günlər gəlməsin. Sonralar küçəmizin adını “Babək prospekti”elədilər. Bilirsiniz nə yaxşı oldu?
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı 2016; səh. 18-19)