“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində martın 26-da səkkiz rayonu təmsil edən şagirdlərdən ibarət qruplar Quba rayonunun görməli yerləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Ağdaş, Şirvan, Göyçay, Kəlbəcər, Xocalı, Ağdam, Xocavənd və Laçın rayonlarını təmsil edən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin Qubaya ekskursiyası dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başlayıb.
Qırmızı qəsəbədən sonra tur-aksiyanın iştirakçıları 1802-ci ildə tikilən və özünəməxsus memarlıq üslubuna malik Cümə məscidində olublar. Bildirilib ki, bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biri olub.
Sonra məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalçaların toxunması prosesini izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.
Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı tur-aksiyanın iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Məktəblilərin diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Qeyd edilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya etdilər. Daha sonra tur-aksiyanın iştirakçıları “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubunun fəaliyyəti ilə yaxından tanış olublar.
Tur aksiya iştirakçıları martın 27-də Xaçmaz rayonunun görməli yerlərinə səfər edəcəklər.