Üzeyir Hacıbəyovun Şuşada ev-muzeyi 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Tarixi Muzeyinin, Mədəniyyət Nazirliyinin və Musiqi Fondunun dəstəyi ilə fəaliyyətə başlayıb. Muzeyə Mirkamal Ağamirov, Qumru Hacıyeva rəhbərlik ediblər. 1980-ci ildən indiyədək isə muzeyə Nəsibə Eyvazova rəhbərlik edir. Mustəqil qurum kimi fəaliyyət göstərən muzeyin sahəsi dörd otaqdan ibarət olub.
Qeyd edək ki, 1960-cı ildə M. Qazıyevin redaktorluğu ilə “Şuşada Üzeyir Hacibəyovun ev muzeyi” adlı buklet də çap olunub. Buklet Azərbaycan və rus dillərində nəşr edilmişdi.
1978-ci ildə Üzeyir Hacıbəyovun ev-muzeyi carı təmir edilir və həyətində isə bulaq komleksi istifadəyə verilir.
Muzey 1983-cü ilədək iki, sonradan isə altı nəfərlik ştat vahidi ilə – direktor, fond müdiri, elmi işçi, bərpaçı rəssam , nəzarətçi, gözətçi ilə fəaliyyət göstərib.
Şuşadakı ev muzeyində birnici otaqda Üzeyir bəyin həyatının ilk illərinə aid qiymətli materaillar – tələbəlik illərinə aid eksponatlar, habelə 1920-ci ilədək qohum və ailə üzvlərinin foto şəkilləri sərgilənirdi. Muzeyin ekpozisiyasında bəstəkarın ilk yaradıcılığına aid zəngin əşyalar – ilk əsərlərinin əlyazmaları qoyulmuşdu. İkinci, üçüncü və dördüncü otaqda bəstəkarın sovet dövrünə aid olan və çoşğun fəaliyyətini əhatə edən ekponatalar sərgilənirdi. Ikinci otaqda həmçinin dahi bəstəkarın heykəli də qoyulmuşdu. Həmin dövrdə muzeyin daha da abadlaşdırılması və yenidən qurulması planı da olmuşdur. Plana görə, muzey ikimərtəbəli olmalı və layihədə kinoteatr tikilməli idi. Bundan əlavə olaraq muzeyin eksponat fondunun zənginləışdirilməsi də planda var idi. Qeyd edək ki, Şuşada dahi Üzeyir bəyin evi olsa da, onun burada şəxsi əşyası az qalmışdı. Bəstəkar Bakıya köçərkən əşyalarının xeyli hissəsini özüylə Bakıya aparmışdı. Odur ki, Şuşada muzey yaradılarkən Bakıda olan ev əşyalarının Şuşa dövrünə aid olan qismi muzeyə qaytarılmışdı.
Xatırladaqki, işğaladək muzeyin 1700-ə yaxın eksponatı olub. İşğal zamanı muzey rəhbərliyinin fədakarlığı sayəsində Üzeyir bəyə aid edilən yalnız 136 şəxsi əşyası erməni işğalından azad edilərək hazırda Bakıda fəaliyyət göstərən ev muzeyinə gətirilmişdir. Min altı yüzə yaxın eksponat isə Ermənistan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş və sıradan çixarılmışdır. Şuşa şəhəri erməni işğalına məruz qalan zamandan etibarən muzey Üzeyir Hacıbəyovun Bakıdakı Ev Muzeyində fəaliyyətini davam etdirir.
Hazırda muzeyin direktoru vəzifəsində Nəsibə Eyvazova çalışır.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru