Noyabrın 13-də Dövlət Gömrük Komitəsinin Vətən müharibəsində şəhid olan əməkdaşı Ülvi Hacıyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə İkinci Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, məzarı önünə tər güllər düzülüb, əklil qoyulub, Vətən uğrunda canından keçən qəhrəmanların ruhuna dualar oxunub.
Anım tədbiri Dövlət Himnimizin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Tədbirdə çıxış edən şəhidin anası Həmidə Qurbanova üçüncü ildir ki, Ülvinin doğum gününü onsuz qeyd etdiyini, lakin övladının cismən olmasa da ruhən onunla birlikdə olduğunu deyib: “Ülvi kimi mərd qorxmaz bir övladı itirmək, doğum gününü onsuz keçirmək mənim üçün çox ağırdır. Şəhidlik zirvəsinə ucalmaq onun arzusu idi. Ülvi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfli həyat və döyüş yolundan örnək alaraq onun kimi yüksək mərtəbəyə ucalmaq istəyirdi. Deyirdi ki, Mübarizin yolunu gedəcəyəm. 2020-ci ildə Vətən müharibəsi başlayanda karyerasını, işini, doğmalarını geridə qoyaraq könüllü ön cəbhəyə yollandı. Ülviyə o qədər bağlı idim ki, onun getməsini istəmirdim. Onu itirəcəyimdən qorxurdum. Lakin o, torpağı, Vətəni bizdən çox sevdi, məndən halallıq alıb ərazi bütövlüyümüzün bərpası uğrunda aparılan hərbi əməliyyatlara qoşuldu. Ülvi oktyabrın 19-da şəhidlik zirvəsini fəth etdi. Hazırda Mübariz İbrahimovla yanaşı məzarlıqda uyuyur. Mən onunla qürur duyuram. Şəhidlər hamımızın övladıdır, onları bir-birindən ayırmırıq. Mənim Ülvi kimi minlərlə oğlum var. Ülvi kimi qəhrəmanların sayəsində biz həsrətində olduğumuz torpaqlara və Zəfərə qovuşduq”.
Dövlət Gömrük Komitəsinin sədr müavini Bəhruz Quliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Xalq şairi Vahid Əziz və başqaları 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Şanlı Zəfərdən danışıb, bu müqəddəs amal uğrunda neçə-neçə igid döyüşçünün öz canından, qanından keçdiyini bildiriblər. Qeyd edilib ki, Vətən müharibəsi son 200 il ərzində xalqımıza qarşı yönəlmiş işğalçılıq siyasətinə son qoydu, Ülvi kimi cəngavərlərin sayəsində “ermənilərin döyüşkən xalq olduğu” haqqında uydurmaları məhv oldu. 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə Azərbaycan son iki əsrlik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı.
Çıxış edənlər şəhid ailələrinə, müharibə əlilləri və qazilərə göstərilən diqqət və qayğıdan danışıb, Vətənin dar günündə silaha sarılıb irəli atılanların döyüş yolunun gələcək nəsillərə örnək olduğunu diqqətə çatdırıblar. Torpaq uğrunda canından keçənlərin əziz xatirəsinin əbədiləşdirildiyi, müxtəlif tədbirlər, turnirlər vasitəsilə onların şərəfli həyat və döyüş yolunun gənc nəslə aşılandığı qeyd olunub.
Tədbir bədii hissə ilə davam edib, mahnı və şeirlər səsləndirilib.