Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən Varşavada təşkil edilən konfransda iştirak ediblər. Onlar ayrı-ayrı mövzular üzrə aparılan müzakirələrdə fəallıq göstəriblər.
AZƏRTAC xəbər verir ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva dini tolerantlıq mövzusunda təşkil edilən müzakirələrdə çıxış edib.
O, Qafqaz Albaniyası dövründən başlayaraq indiki Azərbaycan ərazisində mövcud olmuş fərqli dinlərin tarixinə toxunub, bu dinlərin birgə fəaliyyətinin nəticəsi olan mədəni abidələrin bu gün də qorunduğunu xüsusi vurğulayaraq qeyd edib ki, keçdiyimiz tarix Azərbaycan mədəniyyət xəzinəsini bu dinlərə etiqad edən insanların yaratdığı çoxsaylı mədəni, dini abidələrlə, dəyərlərlə zənginləşdirib.
Ş.Nağıyeva deyib: “Bu gün Azərbaycanda erməni xalqı da daxil olmaqla iyirmiyə yaxın xalqın nümayəndəsi yaşayır. Onlar ölkənin ən gözəl guşələrində – müxtəlif ölkələrdən çoxsaylı turistlərin gəldiyi yerlərdə məskunlaşıblar. Turistlər onların mədəni dəyərləri, dini baxışları ilə maraqla tanış olur, mətbəx nümunələrindən dadırlar. Yəhudilərin İsraildən sonra kompakt yaşadığı ikinci yaşayış məntəqəsi Qubadakı “Qırmızı qəsəbə”dir. 300 ilə yaxındır yəhudilər burda, bizim torpaqlarda azad yaşayır”.
Ş.Nağıyeva bu xalqa dini tolerantlığın əcdadlarımızdan miras qaldığını xatırladaraq böyük Azərbaycan şairi Nizami Gəncəvinin hələ XII əsrdə yazdığı “Yeddi gözəl” əsərini nümunə göstərib. Şairin yeddi mədəniyyətdən, yeddi planetdən və yeddi dindən olan yeddi gözəl obrazını bir araya gətirməklə Azərbaycanda multikulturalizmin ilkin elementlərini yaratdığını diqqətə çatdırıb. Heç bir təhsili olmayan Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 150 il əvvəl kilsələrin bərpası və tikintisinə də xeyli maliyyə yardımı ayırdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Vatikanda Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası ilə əməkdaşlıq çərçivəsində Komodilya katakombalarının bərpasına maliyyə dəstəyi göstərib.
QHT sədri bildirib ki, indi Azərbaycanda məscidlərdən azan səsi eşidilən vaxtda həm də yaxınlıqdakı kilsələrin zəngi çalınır. Belə kilsələrdən biri Şəkidəki alban kilsələrinin anası kimi tanınan və dövlətin bərpa etdiyi Kiş kəndindəki ən qədim alban kilsəsidir.
Hətta işğaldan azad edilmiş Qarabağ torpaqlarında ermənilər tərəfindən bizim bütün mədəni və dini sərvətlərimizin dağıdılması belə insanların digər dinlərə olan hörmətini sarsıda bilməyib.
Ş.Nağıyeva Ermənistanla Azərbaycan arasında son toqquşmalar zamanı Azərbaycan hərbiçilərinin yaralı erməni əsgərinin yarasını sarımasına dair internet resurslarında geniş yayılmış görüntüdən də söhbət açıb, bunu tolerantlıq nümunəsi kimi tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Paytaxtımızda erməni kilsəsinin mövcudluğundan danışan natiq bildirib ki, Bakının mərkəzində erməni kilsəsi hələ də nəinki olduğu kimi saxlanıb, hətta Azərbaycan hökuməti tərəfindən təmir edilib. 2010-cu ildə dünya dini liderlərinin rəsmi görüşündən sonra Ermənistanın dini lideri katolikos II Qaregin kilsəni ziyarət edib.
O, daha sonra vicdan azadlığının Konstitusiyada təsbit olunmasından, “Dini etiqad azadlığı haqqında” qanundan söhbət açaraq qanunların verdiyi hüquq və azadlıqları vurğulayıb.
Ş.Nağıyeva axırda deyib: “Biz başa düşürük ki, mədəniyyət və dini qurumlarımız dünya mədəniyyət xəzinəsinin bir hissəsidir və biz onları gələcək nəsillər üçün qorumalıyıq. Mən beynəlxalq sülh quruculuğu üzrə qanunverici orqanlara müraciət edirəm ki, Cenevrə Konvensiyalarının, habelə Mədəni İrsin Mühafizəsi üzrə Haaqa Konvensiyasının tələblərini kobud şəkildə pozmaqla Azərbaycan torpaqlarında törətdiyi mədəni vandalizmə görə Ermənistanı mühakimə etsin”.