Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov “Asiyada regional əməkdaşlığa pandemiyanın təsirlərindən istifadə” mövzusunda vebinarda çıxış edib.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir C.Bayramov çıxışında Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də çoxtərəfli səviyyədə fəal rol oynadığını qeyd edib. Diqqətə çatdırıb ki, bu günədək Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı edib. Bu vəsait Afrika, Latın Amerikası və Asiyanın köməyə ehtiyacı olan regional qrupları üçün nəzərdə tutulub. Azərbaycan, həmçinin ayrı-ayrı ölkələrə tibbi ləvazimatlar və avadanlıqlar göndərib.
Nazir Azərbaycanın koronavirusun yayılmasının qarşısını almaq istiqamətində gördüyü tədbirlər haqqında ətraflı məlumat verib, ölkəmizin Türk Şurası çərçivəsində fəal rolunu xüsusilə vurğulayıb. Qeyd edib ki, aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “COVID-19 pandemiyasına qarşı mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda Türk Şurasının növbədənkənar Zirvə toplantısı keçirilib. Pandemiya ilə mübarizədə dövlət başçıları səviyyəsində keçirilən ilk tədbir olan sammitdə bu sahədə əməkdaşlığı genişləndirmək, ümumi rifah naminə həmrəylik, təcrübə mübadiləsi və elmi, innovativ, texnoloji və tibbi potensialı tam səfərbər edərək səyləri birləşdirmək əzmi vurğulanıb.
Belə nümunələrdən birinin də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşü olduğunu bildirən C.Bayramov qeyd edib ki, dövlətimizin başçısı BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr olunmuş xüsusi iclasını çağırmaq təklifini irəli sürüb və bu təşəbbüs dünya ölkələri tərəfindən dəstəklənib.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etdiyini diqqətə çatdıran nazir deyib ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Buna baxmayaraq, Ermənistan bu qətnamələrə və beynəlxalq təşkilatların işğala və təcavüzə son qoyulmasını tələb edən sənədlərə məhəl qoymur.
Bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün səfərbər olduğu bir vaxtda, Ermənistan gərginliyi artırmaq üçün təxribata və diversiyaya əl atır. İyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törədib. Bu xain hücum nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu və bir mülki şəxs həlak olub.
Təxribatla bağlı beynəlxalq reaksiyadan danışan C.Bayramov qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və İslam Əməkdaşlıq Təşkilatı kimi aparıcı beynəlxalq təşkilatlar bəyanatlar yayıblar, Qoşulmama Hərəkatının Koordinasiya Bürosu isə onun 120 üzv dövlətinin dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin hücumunu sərt şəkildə pisləyən bir kommünike qəbul edib. Qardaş Türkiyəyə qətiyyətli həmrəylik nümayiş etdirdiyinə görə təşəkkürünü bildirən nazir COVID-19 pandemiyası ilə mübarizədə çoxtərəfli əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayaraq deyib ki, biz bu təhlükəli virusa yalnız birgə səylərlə qalib gələ bilərik.