Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlı cari vəziyyətə dair məlumat yayıb.
AZƏRTAC Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadla məlumatı təqdim edir:
“Bilirsiniz ki, Vətən müharibəsindən sonra Azərbaycan Respublikası 30 ilə yaxın müddət ərzində öz suveren ərazilərinin Ermənistanın qanunsuz hərbi işğalından irəli gələn müxtəlif beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib.
Əvvəlcədən qeyd etmək vacibdir ki, bu faktlara bir beynəlxalq məhkəmədə deyil, bir neçə beynəlxalq məhkəmədə baxılır, çünki bu faktlar bir beynəlxalq konvensiyanın deyil, bir neçə beynəlxalq konvensiyaların pozulmasını ehtiva edir və hər bir konvensiya üzrə xüsusi şikayət etmə proseduru mövcuddur. Hər bir məhkəmə yalnız konkret bir konvensiya çərçivəsində hüquq pozuntularına qiymət verməyə səlahiyyətlidir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
Belə ki, cari ilin yanvar ayında Azərbaycan Respublikası Ermənistana qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət vermişdir. Bu şikayətdə Azərbaycan vətəndaşlarının İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu sübut edən faktlar təsbit olunub. Şikayətdə həm Birinci Qarabağ müharibəsindən başlayan və davam edən, hərbi işğal dövründə başlayan və davam edən, eyni zamanda Vətən müharibəsi zamanı törədilmiş hüquq pozuntuları öz əksini tapır. Qeyd edilməlidir ki, bu hüquq pozuntularının əksəriyyəti, misal kimi, mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq cinayət hesab olunur.
Eyni zamanda, Ermənistan da Avropa Məhkəməsində Azərbaycana qarşı bəzi əsasız iddialarla çıxış edib və bu iddialar yalnız Vətən müharibəsi dövrünə aiddir.
Beynəlxalq Ədalət Məhkəməsi
Cari ilin sentyabr ayında Azərbaycan Respublikası BMT-nin 1965-ci il tarixli “İrqi ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi haqqında” beynəlxalq konvensiya əsasında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı uzun müddət ərzində etnik təmizləmə siyasətinin aparılması faktları ilə bağlı Haaqa şəhərində yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə də müraciət edib. Qeyd edim ki, bu məhkəmədə də Ermənistan Azərbaycana qarşı əsassız iddialar irəli sürüb.
Prosedura əsasən, məhkəmə prosesinin ilk mərhələsində hər tərəf məhkəmədən iddianın təmin etmə tədbiri kimi müəyyən təxirəsalınmaz məsələlərlə bağlı müvəqqəti xarakterli qərarların qəbul edilməsini xahiş edə bilər və həm Azərbaycan, həm də Ermənistan məhkəməyə bu barədə sentyabr ayında vəsatətlər vermişdir.
Cari ilin 14-19 oktyabr tarixlərində keçirilən dinləmələr iddiaların mahiyyəti ilə deyil, yalnız bu konkret vəsatətlərin baxılması ilə bağlı olmuşdur.
Azərbaycan tərəfi bu mərhələdə əsasən 3 təcili məsələ üzrə hüquq pozuntularının bu günədək Ermənistan tərəfindən davam edildiyi barədə faktları məhkəməyə təqdim etmiş və məhkəmənin təcili müdaxiləsini xahiş etmişdir:
o Ermənistan tərəfindən bu Konvensiyanın tələbləri kobud surətdə pozularaq işğaldan azad edilmiş ərazilərimizdə mövcud olan minalara dair tam, müfəssəl və dəqiq məlumatların, o cümlədən mina xəritələrinin Azərbaycana verilməməsi (və ya qəsdən natamam məlumatların verilməsini) və bununla da məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasının məqsədli şəkildə qarşısının alınması, bunun da mahiyyət etibarilə etnik təmizləmənin davamı olduğuna görə məhkəmənin müdaxilə etməsi tərəfimizdən xahiş edilmişdir. Bilirsiniz ki, hərbi işğala son qoyulmasına baxmayaraq, ötən ilin noyabr ayından başlayaraq bugünədək bu minaların partlanması nəticəsində 160-dan çox soydaşımız həlak olub və ya ciddi xəsarət alıb, onların 65 mülki şəxsdir;
o Vətən müharibəsi zamanı işğalçı erməni ordusu tərəfindən beynəlxalq humanitar hüququn pozulması, o cümlədən mülki əhalinin hədəfə alması, hərbi əsirlərə işgəncələrin verilməsi və digər cinayətlərlə bağlı təqsirkar şəxslərə qarşı heç bir məsuliyyət tədbirlərinin görülməməsi, cinayətlərin törədilməsini sübut edən dəlillərin toplanmaması və ya hətta məhv edilməsi kimi halların qarşısının alınması üçün məhkəmənin müdaxilə etməsi tərəfimizdən xahiş edilmişdir;
o Ermənistanda revanşist yönümlü, hərbiləşdirilmiş qrupların Azərbaycana və Azərbaycanlılara qarşı zorakı xarakterli çağırışlar edərək azərbaycanlıları etnik zəmində hədəfə alır. Belə cəhdlər bu gün də sosial şəbəkə və mətbuatda davamlı şəkildə həyata keçirilir. Ermənistan dövlət olaraq bunun nəinki qarşısını almır, hətta onları birbaşa və dolayısı şəkildə dəstəkləyir və bununla da 1965-ci ili Konvensiyasının tələblərini pozur.
Qeyd edilməlidir ki, Ermənistan tərəfindən bu mərhələdə Azərbaycan qarşı irəli sürülən vəsatət əsasən Azərbaycanda saxlanılan, erməni əsilli şəxslərin qeyd şərtsiz azadlığa buraxılmasıdır. Bu tələb onunla əsaslandırır o şəxslər erməni əsilli olduğu üçün həbsdə saxlanılır. Məsələ ilə bağlı tərəfimizdən bu şəxslər tərəfindən Azərbaycanın suveren ərazisində hərbi və digər cinayətlərin törədilməsini sübut edən dəlillər məhkəməyə təqdim edilmiş, Azərbaycanın öz cinayət və cinayət prosessual qanunvericiliyi əsasında bu şəxslərin məsuliyyətə cəlb etməyə hüququnun olduğu, onların etnik erməni olduqlarına deyil, törədilmiş konkret cinayətlərə görə məsuliyyətə cəlb edildiyini sübut edən faktlar təqdim edilmişdir. Digər vəsatətlərdə isə bu şəxslərin hüquqlarının təmin edilməsi, erməni xalqına qarşı nifrət nitqinin qarşının alınması (bu kontekstdə Hərbi Qənimətlər Parkının dərhal bağlanması), Azərbaycan ərazisində yerləşən bəzi dini və mədəni abidələrin (hansıları ki, Ermənistan tərəfi erməni abidələri hesab edir) dağıdılmasının qarşısının alınması və sair bu kimi məsələlər qaldırılmışdır. Hər bir məsələ üzrə Azərbaycan tərəfi və ölkəmizi təmsil edən peşəkar vəkillər öz tutarlı cavablarını, dəlil və sübutlarını təqdim etmişdir.
Bu vəsatətlərlə bağlı məhkəmə qərarı adətən bir neçə həftə ərzində qəbul edilir. Bundan sonra məsələ mahiyyət mərhələsinə keçəcək və növbəti bir neçə il ərzində tərəflərin irəli sürdüyü iddiaların mahiyyətinə baxılacaq və müvafiq qərarlar qəbul ediləcəkdir.
Azərbaycanın Ermənistana qarşı hüquqi məsuliyyət tədbirləri bununla kifayətlənmir. Azərbaycan tərəfi Ermənistana bir sıra digər konvensiyalar üzrə dövlətlərarası şikayətlərin irəli sürməsini planlaşdırır.
Bilirsiniz ki, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın əraziləri hərbi işğala, vətəndaşları etnik təmizlənməyə məruz qalmış ölkədir. Azərbaycan haqlı tərəfdir və tərəfimizdən bu işlərin sistemli şəkildə davam etdirilməsi təmin ediləcək”.