Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələri və beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində səfərdə olublar.
AZƏRTAC xəbər verir ki, 60-a yaxın nümayəndə Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olub.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu səfərin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən təşkil edildiyini bildirib.
Diplomatlara məlumat verilib ki, Cocuq Mərcanlı Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə kəndidir. Bu kənd ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Lakin bu kəndə qayıtmaq mümkün deyildi. Çünki yaxınlıqdakı Lələtəpə adlanan ərazi işğal altında idi və o yüksəklikdən bu kənd daim Ermənistan ordusu tərəfindən atəşə tutulurdu. Ötən ilin aprel əməliyyatı zamanı Talış və Lələtəpə yüksəklikləri işğaldan azad edildi. Aprel döyüşləri Azərbaycan Ordusunun böyük qələbəsi, tariximizin şanlı səhifəsi oldu. Lələtəpənin işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti kəndin bərpası ilə bağlı Sərəncam imzaladı. İlkin olaraq 50 mənzilin və bir məktəbin inşası üçün vəsait ayrıldı. Ümumilikdə bu il bu kənddə 200 evdən ibarət qəsəbənin salınmasına başlanılacaq.
Baş nazirin müavini işğal altında qaldığı müddətdə ermənilərin Cocuq Mərcanlıda törətdikləri vəhşiliklər barədə də danışıb. Qeyd edib ki, bu kənd cəmi bir neçə ay erməni işğalı altında qalmasına baxmayaraq, yerlə-yeksan edilib: “Biz bilirik ki, işğal altında olan bütün rayonlarımız erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib. İndi siz də öz gözlərinizlə erməni vandalizminin şahidi olursunuz. Görürsünüz ki, dörd-beş ay ərzində kənd necə dağıdılıb. Bu kəndin əvvəlki sakinlərindən biri olan Oqtay Həziyev cəmi beş ay məcburi köçkünlük həyatı yaşayıb. Kənd işğaldan azad olunan kimi Oqtay Həziyev öz ailəsi ilə birlikdə buraya köçüb. Baxmayaraq ki, kənd daim erməni ordusu tərəfindən atəş altında saxlanılırdı”.
Əli Həsənov Cocuq Mərcanlıya bu cür səfərlərin təşkilinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra nümayəndə heyətinə ANAMA tərəfindən aparılan minatəmizləmə əməliyyatı barədə məlumat verilib. Qeyd edilib ki, artıq 13 gündür minatəmizləmə əməliyyatı aparılır. Əməliyyat 300 hektar ərazidə həyata keçirilir. Bu günədək 71 min kvadratmetr ərazi təmizlənib, 17 ev yoxlanılıb. Əməliyyat zamanı beş ədəd partlamamış hərbi sursat aşkar edilib.
Baş nazirin müavini qeyd edib ki, bu gündən artıq kənddə bərpa işlərinə başlanılıb. İşğaldan əvvəl kənddə 290 ailə yaşayıb. Təbii artım hesabına kəndin ailəsinin sayı indi 400-ə çatıb və onlar respublikanın müxtəlif regionlarında məskunlaşıblar. Artıq 250 ailə öz ərizəsi ilə kəndə qayıtmaqla bağlı müraciət edib.
Bildirilib ki, kəndin ərazisində tikinti, əkin və otlaq sahələri üçün torpaq bölgüsü aparılıb. Bölgüyə əsasən 400 ailənin burada məskunlaşması üçün tikinti yeri müəyyən edilib. Kənddə bütün infrastruktur yaradılacaq. Hətta əvvəlkindən də gözəl olacaq. Bütün bu işlərlə bağlı Prezident İlham Əliyev göstəriş verib. Burada uşaq bağçası, məktəb, tibb, mədəniyyət obyektləri inşa ediləcək. Təbii ki, su, qaz xətləri çəkiləcək.
Əli Həsənov məcburi köçkünlərin öz doğma torpaqlarına hər zaman bağlı olduqlarını bildirərək deyib: “Aprel döyüşlərindən sonra 250 ailə bu ərazilərə qayıtmaqla bağlı bizə ərizə ilə müraciət etdi. Azərbaycan Prezidenti də dərhal bu kəndin bərpası ilə bağlı Sərəncam verdi. Ermənistan prezidenti də görür ki, Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpasına başlanılır. Bu, Böyük Qayıdışın başlanğıcıdır. Azərbaycan və erməni xalqları tarixən birlikdə qonşuluq şəraitində yaşayıblar. Onlar arasında heç bir konflikt olmayıb. Bəzi beynəlxalq təşkilatlar münaqişənin həllindən sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı suallar verirlər, bəzən müəyyən konfliktlərin yaşanacağını deyirlər. Bunlar cəfəngiyatdır. Erməni xalqı da bu münaqişədən yorulub. Azərbaycan xalqı müharibə istəmir. Erməni ordusu işğal olunmuş əraziləri tərk edəndən sonra bu iki xalq yenə də mehriban şəraitdə yaşayacaq. Buna heç kimin şübhəsi olmasın. Bunu Serj Sarkisyan nə qədər tez başa düşsə, öz xalqına o qədər çox xeyir vermiş olacaq. Azərbaycan Prezidenti sülh danışıqları üçün imkanın tükənmədiyini düşünür. Hesab edirik ki, bu məsələnin həlli üçün beynəlxalq təşkilatlar, onların üzvləri Ermənistan rəhbərliyinə təzyiq göstərməlidirlər”.
Cocuq Mərcanlıdan məcburi köçkün düşmüş Atakişi Atakişiyev doğma kəndlərinin bərpasına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Dünyada sülhün, əmin-amanlığın bərqərar olmasını arzuladığını deyən məcburi köçkün Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının bəşəri cinayət olduğunu vurğulayıb.
Sonra nümayəndə heyəti Oqtay Həziyevin evində qonaq olub. Ev sahibi məcburi köçkünlük həyatı, Cocuq Mərcanlıya qayıdışı, buradakı kənd təsərrüfatı fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova səfərlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: “Cocuq Mərcanlı kəndinə səfər bizim üçün çox maraqlı oldu. Burada yaşayan ailəni görəndə Azərbaycan xalqının öz torpağını necə sevməsinin şahidi olduq. Bu, vətənpərvərlik ruhudur və biz bunu hiss etdik”.
Səfir tezliklə bu kəndə daha çox insanın köçməsini və burada çoxlu məktəb, uşaq bağçası tikilməsini arzuladığını bildirib.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Cocuq Mərcanlı kəndinə səfər etməyin nümunəvi addım olduğunu vurğulayıb. Diplomat Dağlıq Qarabağ münaqişəsinin nə dərəcədə ağır və çətin olduğunu gözləri ilə gördüklərini qeyd edib.
“Bizim Cocuq Mərcanlıya bu səfərimiz çox əhəmiyyətlidir. Xarici ölkələrin səfirləri öz gözləri ilə həqiqətləri görə bilirlər. Biri var münaqişə barədə sənədlərdən oxuyasan və ya deyilənləri eşidəsən, biri də var özün hər şeyin şahidi olasan. Buradakı insanları görəndə bir daha bu münaqişənin tezliklə həll olunmasının vacibliyini hiss edirsən”, – deyə diplomat vurğulayıb.
“Cocuq Mərcanlıda gördüklərim məndə çox böyük təəssürat yaratdı. Bu səfər önəmli səfərdir”.
Bu fikirləri isə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez deyib.
Səfir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün variantlar tapılmalıdır. ATƏT-in Minsk qrupunun üzvü olaraq Fransa münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.