Ermənistanın baş nazirinin bölgənin azərbaycanlı əhalisinə etnik təmizləmə və soyqırımı da daxil olmaqla, ən ağır müharibə və insanlıq əleyhinə cinayətlərin törədilməsi yolu ilə Ermənistan tərəfindən yaradılmış qondarma rejimi “demokratik yolla seçilmiş hakimiyyət” adlandırması Ermənistan rəsmilərinin 30 ilə yaxın davam edən işğalçı siyasətdən və əməllərdən əl çəkmədiklərinin bariz nümunəsidir. Ermənistanın baş naziri Paşinyanın bu fikirləri, həmçinin onun “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanındığına” dair bəyanatına tamamilə ziddir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “Le Monde” qəzetinə müsahibəsində səsləndirdiyi iddialara dair şərhində deyilir.
Bildirilib ki, bölgədə Azərbaycana qarşı qeyri-qanuni fəaliyyətin aparılmasını çətinləşdirən Laçın sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılmasını tələb edən, təcavüzkar siyasəti və separatizmi dəstəkləyən Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycanın Laçında məntəqə təsis etməsi tamamilə beynəlxalq hüquq çərçivəsindədir. Bu addım Ermənistanın pozucu fəaliyyətinin qarşısını almaq məqsədilə atılıb və bu məntəqənin mövcudluğu müzakirə mövzusu deyil. Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın məlum tələbini 6 iyul tarixli qərarı ilə yekdilliklə rədd edərək bir daha təsdiqləyib ki, Azərbaycanın sərhəddə buraxılış məntəqəsi təsis etməsi tamamilə suveren və legitim bir qərardır.
Bununla yanaşı, Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq aktorlar, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən müsbət qarşılanmış Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə olunması təklifindən Ermənistan tərəfinin imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının reallığı əks etdirmədiyini göstərir. Bu, həmçinin Ermənistanın əsl niyyətinin vəziyyətdən siyasi şantaj məqsədilə sui-istifadə etmək olduğunu nümayiş etdirir. Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlərini davam etdirmək məqsədi güdür.
Ermənistanın baş nazirinin bölgədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətini, hər gün onlarla erməni sakinin məntəqədən hər iki istiqamətdə keçməsini və Azərbaycanın Ağdam-Xankəndi marşrutu daxil olmaqla, alternativlər irəli sürməsini gözardı edərək, “blokada” barədə məlumatlar yayması beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir.
Qeyd olunub ki, 30 il müddətində beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı davam etdirdiyi təcavüzə, etnik təmizləmə siyasətinə qarşı beynəlxalq təşkilatların xəbərdarlıqlarını, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini heçə sayan Ermənistanın Azərbaycana qarşı beynəlxalq səviyyədə tədbirlər görməyə çağırış etməsi absurddur və riyakarlıqdır.
Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə Ermənistan rəsmilərinin müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsi bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtdir.
“Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər hansı bir bəhanə ilə şərtləndirməsi qətiyyən qəbuledilməzdir, iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş səylərə zərbədir və bölgədə gərginliyin saxlanmasına xidmət edir. Ermənistan tərəfi nəhayət anlamalıdır ki, bölgədə sülh və sabitliyin bərpa edilməsinə törətdiyi maneçilik səyləri heç bir nəticə verməyəcək. Ermənistan tərəfini təxribatçı addımlara və bəyanatlara son verməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”, – deyə şərhdə diqqətə çatdırılıb.