Fransa tərəfinin Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pisləyir və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla ölkəmiz əleyhinə apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik.
AZƏRTAC xəbər verir ki, bu sözlər Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Fransanın daxili işlər naziri Jeral Darmanənin mayın 16-da “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi iddialara dair şərhində yer alıb.
Ayxan Hacızadə bildirib ki, Jeral Darmanənin ölkəmizə qarşı və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının liderləri arasında iddia olunan münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edirik.
“Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı.
Bununla yanaşı, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarının etirazlarını dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir.
Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq”, – deyə A.Hacızadə vurğulayıb.