Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli prosesinin mahiyyəti və məzmunu Ermənistanın xarici işlər naziri tərəfindən yenə də qeyri-ciddi şəkildə təhrif edilib. Elə təəssürat yarınır ki, sanki Edvard Nalbandyanın ümumiyyətlə danışıqlar prosesində nədən söhbət getdiyindən xəbəri yoxdur.
Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın “Kommersant” qəzetinə müsahibəsini şərh edərkən bildirib.
Hikmət Hacıyev deyib: “Rəsmi Yerevanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli prosesinə guya sadiq olduğunu iddia edən Ermənistan xarici işlər naziri heç vaxt özündə cəsarət tapıb yenilənmiş Madrid prinsiplərinə istinad etmir. Bu da təsadüfi deyil.
Ermənistan rəsmisinin yaddaşını təzələmək istərdik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən altı bənddən ibarət olan yenilənmiş Madrid prinsipləri təqdim olunub. Münaqişənin mərhələli həlli üzrə yol xəritəsi rolunu oynayan yenilənmiş Madrid prinsiplərinin 1-ci bəndində işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması nəzərdə tutulur.
Məzmunsuz şablon ifadələr və ikinci dərəcəli texniki məsələlər əvəzinə Ermənistan xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və yenilənmiş Madrid prinsiplərinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması məsələsinə aydınlıq gətirməlidir. Lakin Azərbaycanın zəbt olunmuş ərazilərinin hərbi işğalını və status-kvonu hər vəchlə davam etdirməyə çalışan, işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma, iqtisadi və digər fəaliyyətlər həyata keçirən Ermənistanın əməlləri bir daha onu sübut edir ki, rəsmi Yerevanın məqsədi əslində sülh prosesi imitasiyası adı altında Azərbaycan ərazilərinin ilhaqıdır”.
Mətbuat katibi qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də özlərinin təklif etdiyi yenilənmiş Madrid prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməlidirlər. Yalnız bu zaman münaqişənin həllində irəliləyişə nail olmaq mümkündür.