Fransanın Ermənistandakı səfirinin hər hansı bir məsələ ilə bağlı şərh bildirmədən öncə öz ölkəsinə nəzər salması, bu və ya digər məsələlərin onun ölkəsində hansı şəkildə həyata keçirildiyinə diqqət yetirməsi yaxşı olardı. Tarixboyu çoxsaylı müharibələrdən keçən və bu müharibələrlə bağlı kompozisiyaları, səfirin dili ilə desək, “tamaşaları” müxtəlif muzeylərdə sərgiləyən Fransa səfiri bizə düşməndən götürülən qənimətlərlə necə davranacağımızımı deyəcək?!
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransanın Ermənistandakı səfirinin Bakıda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı şərhinə dair sualı cavablandırarkən deyib.
Leyla Abdullayeva bildirib ki, Fransa səfirlərinin Ermənistanın məğlubiyyətini “ləyaqətli məğlubiyyət” adlandırması da maraq doğurur. Bəlkə Fransa səfirinə görə, Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasəti də “ləyaqətli işğal” olub? Ləyaqətli davranan ölkə, ilk növbədə, qonşu ölkənin ərazilərinə iddia ilə çıxış edib, bu ərazilərin bir hissəsini uzun illər işğal altında saxlamaz, bir milyon insanın hüququnu kobudcasına pozmaz, mülki şəxslər də daxil olmaqla, insanları məqsədli şəkildə qətlə yetirməz. Ləyaqətli ölkə, hərbi əməliyyatların dayandırılmasına razılıq verdikdən sonra digər ölkə ərazilərinə terrorçu qrupu göndərməz və mina xəritələrini gizlətməklə insan həyatına təhlükə törətməz. Görünür, Fransa səfirinin ləyaqət anlayışı fərqlidir.
Uzun illərdir ki, vasitəçi rolunda çıxış edən bir ölkənin rəsmi nümayəndəsinin verdiyi şərhlərə daha məsuliyyətlə yanaşması gərəkdir.