Şuşada Azərbaycan SSR Elmlər Akademiyası Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialının açılması ideya olaraq 1980-cı ildə irəli sürülsədə, mənzildə əsaslı təmir-bərpa işlərinə yalnız 1987-ci ildən başlamaq mümkün olmuşdur.
Filialın ilk direktoru füzulişünas alim, filologiya elmləri namizədi, SSRİ Yazıçılar İttifaqının üzvü Namiq Babayev olub. O, muzeyə işgüzar gəncləri cəlb etmiş və filialda bacarıqlı bir kollektiv formalaşdıra bilmişdi. Elmi işçi Rəhman Baxşəliyev, kiçik elmi işçi Məhsəti Əhmədova, rəssam Eldar Tağıyev, muzeyin eksponatların axtarılması ilə əlahiddə şəkildə məşğul olan əməkdaşı Mahirə Tağıyeva va s.
Filologiya elmləri doktoru, professor, Qarabağ ədəbi mühitinin gözəl bilicisi Nazim Axundov kimi alim həmin gənclərlə çiyin-çiyinə çalışır, gənclərə öz köməyini əsirgəmirdi. Ermənistanın Azərbaycana təcavüzü, digər qonşularımızın daxildə törətdikləri münaqişələr və cətin bir dövrdə muzeyin ekspozisiya zalları əsaslı təmir olundu və istifadəyə verildi.
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları Qarabağ filialının tam qaydaya düşməsinə öz doğma işləri kimi baxmış və Şuşaya gəlməkdə lazımı köməklik göstərmişlər.
Qarabağ filialının gələcəkdə elmi-tədqiqat işləri aparması, XIX əsrdə Şuşada fəaliyyət göstərən şair və ədiblərin muzeydə əhatə olunması nəzərdə tutulmuşdu. Muzeydə lazımi materialların toplanması üçün Laçın, Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdam, Qubadlı, Beyləqan, Füzuli və bütün ətraf rayonların adamları ilə əlaqələr yaradıldı. Muzey yaranan gündən zəngin ədəbi materiallar, eksponatlar, yazıçı və şairlərlə əlaqədar şəxsi əşyalar, qədim kitab və əlyazmalar toplandı. Həmçinin Qarabağ ədəbi mühitini əks etdirmək üçün həm də qədim dövrlərə aid müxtəlif məişət əşyalarının toplanmasına cəhd göstərildi.
X.B. Natəvan adına Qarabağ Ədəbiyyatı Muzeyinin illik fəaliyyət planı tərtib olunur. Plana uyqun olaraq muzeyə yığılan bütün eksponatların elmi şərhinin və muzeydə əhatə olunacaq şair və yazıçıların elmi biblioqrafiyalarının hazırlanması işi davam etdirilir. Qarabağ tarixinin müəyyən dövrlərinin şahidi olmuş qocaman vətandaşların xatirələri, folklor nümunələri toplanılır. Muzeyin direktoru Namiq Babayev “Şuşa məclislərinin, şənliklərinin bəzəyi lətifələr”, “El ədəbiyyatının sorağıyla, bayatılarımız və musiqi” mövzularında, Rəhman Baxşəliyev “Qasım bəy Zakir yaradıcılığında folklor” və s. mövzularla mətbuatda müntəzəm cıxış edirlər. Həmçinin Şuşada yaşamış tarixi şəxsiyyətlər haqqında silsilə məqalələr dərc edilir.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru