– Natiq müəllim, neçə illərdir ki, tamaşaçı ilə ünsiyyətdəsiniz. Heç şübhə yoxdur ki, tamaşaçı diqqəti aktyora stimul verən əsas şərtlərdən biridir. Bu gün Azərbaycan tamaşaçısının marağı daha çox nəyə yönəlib?
– Aktual sual üçün təşəkkür edirəm. Tamaşaçı zövqü çox dəyişib. Məncə sənətçi zövqsüz tamaşaçının səviyyəsinə düşməli deyil, onu öz səviyyəsinə qaldırmalıdır. Bilmirəm, bu televiziyanın, yoxsa başqa kütləvi informasiya vasitəsinin günahıdır, amma tamaşaçının zövqu çox korlanıb. Tamaşa zamanı zal boşdursa bu həm də teatrın günahıdır. Tamaşaçını həm qınamaq olur, həm olmur. Bəzən bu vaxt azlığından və maddi məhdudiyyətdən irəli gəlsə də əksər hallarda teatrların boş qalma səbəbi məhz marağa gedib çıxır. Teatr yaşayır. Amma əvvəlki tamaşaçı kütləsi yoxdur. Tamaşaçı oldu olmadı tamaşanı oynamaq lazımdır. Amma səhnə boş olanda avtomatik aktyorun əhvalı dəyişir. Ola bilər tamaşaçının zövqunün korlanmasında biz aktyorların və teatrların da rolu var.
– Belə çıxır ki, əksər hallarda tamaşaçını əyləncə və aşağı keyfiyyətli yumor maraqlandırır…
– Bayağı sənətçilərin məşhurlaşmasında televiziyanın günahı böyükdür. Onlar belə insanları efirə çıxarmasa, tamaşaçı da ondan xəbərsiz olar. Bu gün incəsənətdən anlayışı olmayan insanlar üzdədir, ömrünü sənətə sərf edən aktyorlar isə yoxdular. Dünən səhnəyə gələn insanlar birdən-birə məşhur aktyora çevrilməyə başlayır.
TOYUMDA ÇALĞI, MUSİQİ OLMADI
– Zaman-zaman yazarlar, jurnalistlər, bir sözlə qələm əhli Azərbaycanın məruz qaldığı soyqırımlar, işğal, təcavüz kimi mövzulara yazılarında yer ayırır, bunu mətbuatda işıqlandırmağa çalışırlar. Bəs, eyni mövzunu siz aktyorlar səhnələşdirmək, hansısa formada işıqlandırmaq barədə düşünürsünüz?
– Bilirsiniz, bizim ən mənfi cəhətimiz unutqanlığımızdır. Mənim toy günüm Xocalı soyqırımından az sonra oldu. Martın 1-i toy idi. Fevralın 28-i matəm elan elədilər. Bir vətəndaş kimi bu faciəyə çox sarsılmışdım. Neçə-neçə günahsız insanlar qətlə yetirilmişdi. Toyumda çalğı, musiqi olmadı. Arzum ürəyidə qalmışdı, xanımıma vağzalı çalınmadı, rəqs olmadı. Şəxsən mənim ailəmdə bu mövzu ildə bir neçə dəfə gündəmə gəlir. Sənət adamları ilə də bu mövzunu müzakirə edirik. İnsanları qrupa bölmək istəməzdim. Amma “mən öz başımın çarəsinə baxım, bilmədiyim işlərə qarışmayım” deyən insanların sayı çoxdur. Ona görə də bizim üçün çox lazımlı olan mözvular əksər hallarda gündəmdən kənarda qalır.
– Bəs, sizcə bu mövzunun işıqandırılması tamaşaçıya maraqlıdır?
– Yox. Biz bu haqda danışsaq deyəcəklər ki, bunlar nə danışır. Maraqlı deyil. Öz aramızda danışa bilərik, ictimailəşdirəndə deyirlər neynirik bu mövzunu. Çünki tamaşaçıya yüngül yumor lazımdır.
BAYAĞILIQ HƏDSİZ ÇOXALIB
– Əyləncənin, yumorun daxilində bizim tarixi həqiqətləri müəyyən çərçivədə təqdim etmək mümkün deyil?
– Tamaşalarımızda mövzu ilə bağlı fikrimizi düşünürəm ki, çatdıra bilirik. Məsələn, Xocalı haqqında tamaşa. Tamaşaçı gəlir, baxır, təsirlənir. Özü üçün nələrisə götürür. Amma eyni sözü televiziya haqqında demək olmur. Əgər veriliş canlı yaymlanırsa bəlkə də emosiyanı olduğu kimi çatdırmaq olar, sonradan montaj edilən süjetlərlə yox. Bayağılıq hədsiz çoxalıb. Yumor, satira təkcə gülmək üçün yox, həm də düşünmək üçündür. Hər kəs öz payını götürə bilməlidir.
– Yeni bir nəsil formalaşır. Yeni nəsil nümayəndələri ilə öz sözünü demiş sənətçilər arasında sözsüz ki, fərqlər var. Əsas fərq bəs, nədə hiss olunur?
– Müqayisə eləmək belə düzgün sayılmaz. Bu gün kölgədə qalan sənəkarlarımız hədsiz sayda çoxdur. İctimailəşdirəndə də ya pis olursan, ya da nəticəni görmək olmur. Bu gün əksəriyyətə dava maraqlıdır, sənət yox. Televiziyalar da bu işdə çox laqeyddirlər. Məsələn, mən dəfələrlə müxtəlif telekanallara layihə təklif etmişəm. Ancaq cavabsız qalıb. Çünki onlara bu lazım deyil.
– Bir az da gələck planlardan danışaq.
– Hazırda Şekspirin əsərinin məşqindən gəlirəm. Tamaşalarda, repertuarda varam. Televiziya verilişlərinə dəvət alıram. Düzdür, qonaq qismində iştirak etməyi sevmirəm. Aktyor öz işi ilə məşğul olmalıdır.
Yaxın gələcəkdə rejissor, aktyor Nicat Kazımovla bir iş birliyini gerçəkləşdirməyi düşünürəm. Repertuardan kənar. Bu yaxınlarda İstanbuldan gəlmişəm. Türk rejissor gəlmişdi, tamaşadan sonra mənimlə danışdı və filmə dəvət etdi. Çəkilişlərin bir hissəsi İstanbulda, bir hissəsi isə Azərbaycanda baş tutdu. Kino-komediya janrında bir filmdir. Filmin çəkilişləri hələ də davam edir. Bu ayın sonu isə başqa bir filmin çəkilişləri üçün Türkiyəyə yola düşəcəm. Layihələr çoxdur. Zamanla hər birini reallaşdırmağı düşünürük.
– Minnətdarıq, işlərinizdə uğurlar!
Fuad Babayev, Aynur Hüseynova
1905.az