“Şuşa İli”ndə dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayının məhz ölkəmizin vuran qəlbi, mədəniyyət paytaxtımız Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır. Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallıq göstərən insanlar onillərdən bəri xalqımızın haqq mübarizəsinin ən parlaq nəticəsi – Azərbaycanın mərd oğullarının dastan yazdığı doğma Şuşa şəhərində bir araya gəldilər.
Qurultayda iştirak üçün işğaldan azad edilmiş ərazilərdə Zəfər yolu ilə Şuşaya doğru irəlilədikcə hamı həyəcanlı idi. Yolboyu göz önündə ziddiyyətli mənzərələr canlanırdı. Bir tərəfdən 30 il boyunca erməni vandalizminin xarabazara çevirdiyi şəhər və kəndləri, məhv edilmiş infrastrukturu ürək ağrısı olmadan seyr etmək mümkün deyil, digər tərəfdən isə simurq quşu kimi külündən yenidən yaranan, bərpa edilən və dirçələn Qarabağda aparılan işlər fərəh doğurur. Bu gün Azərbaycan Qarabağda dünya urbanizasiya təcrübəsinin ən müasir modellərini yaradır, “ağıllı şəhər“ və “ağıllı kənd” layihələri həyata keçirir.
İşğaldan azad edilmiş bütün ərazilərdə aparılan quruculuq işləri, xüsusilə də Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı, yenidən qurulan infrastruktur, Şuşa şəhərində sürətlə həyata keçirilən bərpa işləri bir daha sübut edir ki, bu yerlər Azərbaycan xalqının əzəli torpağıdır. İndi bu ərazilərdə gündəlik həyat şəraitini təmin etmək, insanları öz ata-baba yurdlarına geri qaytarmaq üçün aparılan quruculuq işlərinin mümkün qədər tez başa çatdırılması istiqamətində ciddi səylər göstərilir. 30 il ərzində Azərbaycan ərazilərini talan edən, vandalizm aktları törədən və xalqımıza məxsus tarixi izləri silmək üçün dəridən-qabıqdan çıxan ermənilər bu torpağa “sevgisini” konkret “əməlləri” ilə nümayiş etdiriblər. Azərbaycan xalqı isə sübut edir ki, o, yaradıcı, sülhsevər və gələcəyə böyük ümidlərlə baxan xalqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin devizə çevrilən “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” cümləsinin ilyarımlıq qısa müddətdən sonra əməli olaraq sürətlə reallaşdığını görmək insanı fərəhləndirir.
Azərbaycan Prezidenti İlham Əliyev Qurultayın açılışında çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan postmüharibə dövrünə tam hazırdır və öz sülh gündəliyini təqdim edir. Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə biz bir daha xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq.
Azərbaycan Prezidentinin Qurultayda konseptual xarakter daşıyan nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. Azərbaycan xalqının əzmi, Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğa” çevrilməsi gələcəkdə Azərbaycana münasibətin istiqamətini müəyyən edir. Eyni zamanda, 30 illik həsrətə son qoyan 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb edir. Ona görə də Şuşa Qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayanır. Buraya bir tərəfdən tarixi Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəslə vətənpərvərlik hisslərinin aşılanması və Azərbaycan dilinin həftəsonu məktəbləri çərçivəsində tədrisinin təşkili, eləcə də şəbəkələşmə və müxtəlif səpkidə kampaniyaların hazırlanması kimi icmadaxili fəaliyyətlər daxildir. Digər tərəfdən isə yerli ictimaiyyət və beynəlxalq təşkilatlar, xüsusilə də siyasi və akademik dairələrlə yeni dövrün tələblərinə uyğun münasibətlərin qurulması ətrafında müzakirələr diqqət mərkəzində dayanır.
Əminliklə söyləmək olar ki, Azərbaycan mədəniyyətinin incisi olan Şuşada davam edən qurultay diaspor nümayəndələrinin Qarabağ torpağından aldıqları mənəvi güc və əhval-ruhiyyə ilə öz ölkələrində fəaliyyətlərini daha əzmlə qurmalarına təkan verəcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Şuşa