Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə zəng çalınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilanın Ağalı kəndində sentyabrın 15-də – Bilik günündə yeni məktəb binası istifadəyə verilib.
Açılış mərasimində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, elm və təhsil naziri Emin Əmrullayev, məktəbin kollektivi, Ağalı kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.
Çıxış edənlər yeni tədris ilinə işğaldan azad olunan Ağalı kəndində başlayan şagird və müəllimləri təbrik ediblər.
360 şagird yerlik ikimərtəbəli məktəbdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.