1905.az portalının suallarını publika.az saytının redaktoru Zülfüqar Xeyirxəbər cavablandırır.
– Zülfüqar müəllim, imzanız kifayət qədər tanınıb. Neçə-neçə media ünvanında çalışmısınız. Əgər keçdiyiniz yola nəzər salmaq lazım gələrsə, media yolunuzu hansı mərhələlərə bölmək olar?
– Artıq 18 ildir mediadayam. Əgər bu müddəti mərhələlərə bölməli olsaq, üç mərhələyə bölərdim. Birinci: çap mətbuatı – qəzet və jurnal; ikinci: televiziya; üçüncü isə internet media kimi qruplaşdırardım. İlk olaraq 1997-ci ildə “Şərq” qəzetindən başlamışam. O vaxt şərqşünaslıq fakültəsində oxuyurdum. Yusif Nəzərliyə zəng edib soruşdum ki, qəzetiniz üçün bəzi yazılar yaza bilərəmmi? Cavab verdi ki, qonorar verə bilməyəcəyik, amma əməkdaşlıq edə bilərsən. Qardaşımgil Botanika bağının yaxınlığında yaşayırdılar. O vaxt Botanika bağından tez-tez meyitlər tapılırdı. Mən də bu hadisələr haqqında balaca xəbərlər yazırdım “Şərq” qəzetində. Hətta bu yazılarla əlaqədar maraqlı bir hadisə olmuşdu. Botanika bağından bir qızın kəsilmiş başı tapılmışdı. Bu hadisə haqqında xəbər yazmışdım və qəzetin manşetinə çıxarılmışdı. Altında da imzam qoyulmuşdu – Zülfüqar Xeyirxəbər. Səhərisi gün zəng ediblər redaksiyaya ki, kəsilmiş baş tapılıb, bəs bunun harası xeyirxəbərdir, insanları dolayırsınız?
Akif Aşırlı və Yusif Nəzərli məni jurnalistikaya həvəsləndirdilər. Özüm də görürdüm ki, bu, məndə alınır. 4-5 aydan sonra “Qanun” jurnalına o dövr üçün kifayət qədər yüksək maaşla işə dəvət edildim. Bir il orada xüsusi müxbir işlədikdən sonra, 1999-cu ildə həftədə 3 dəfə çıxan “Şərq” qəzetinə xüsusi müxbir götürüldüm. 2004-cü ildə insan alveri ilə bağlı layihə yazaraq Beynəlxalq jurnalist mərkəzinə göndərdim. Onlar isə həmin layihəni ABŞ Dövlət Departamentinə göndərmişdilər. Layihə ilə bağlı müsbət rəy gəldikdən və maliyyə ayrıldıqdan sonra, işdən ayrıldım və bu sahə ilə bağlı çalışdım. Həmin layihədən sonra Azərbaycanda insan alverinə qarşı milli fəaliyyət proqramı qəbul olundu. İsveçdə jurnalistika kursunda olduqdan sonra Mirşahin məni “Hesabat” jurnalına işə dəvət etdi. Yeni yaranmış “ANS-Press” portalının ilk redaktorlarından olmuşam. Elə həmin dövrdə də ANS-də televiziya təcrübəm başladı. “Doğruya doğru” verilişindı araşdırmaçı jurnalist, “Açıq Söhbət”verilişində isə prodüser-redaktor kimi fəaliyyət göstərdim. 2008-2010-cu illərdə “Reportyor” informasiya agentliyini təsis etmişəm. Fəxrlə deyə bilərəm ki, “Reportyor” o dövrdə yeganə müstəqil agentlik idi. Sonra yenidən ANS-ə qayıtmışam, 2013-2014-cü illərdə isə “Space” telekanalında “Hər gün” informasiya proqramında xüsusi müxbir kimi çalışmışam. Bir müddət də “Region” TV-də işlədikdən sonra “Publika.az” saytına redaktor işinə dəvət almışam.
– Ən əhəmiyyətli mərhələ hansıdır? Bilirik ki, hər bir mərhələnin öz yeri var və bütün müqayisələr qüsurludur…
– Hər üç mərhələ də mənim üçün əhəmiyyətlidir. Hər birinin öz yeri var. Onları bir-birindən ayırmağa çətinlik çəkirəm. Çap mətbuatının öz yeri, televiziyanın, internet medianın da öz yeri var. Hər birində də böyük həvəslə çalışmışam. Amma müqayisəli yanaşsaq, televiziyaya və çap mətbuatına üstünlük verərdim. Ona görə ki, siz iddia elədiyiniz kimi imzam kifayət qədər tanınıbsa, bu ikisinə borcluyam. Mənim imzam ilk dəfə “Şərq” qəzetində tanınıb. Bu baxımdan “Şərq” qəzetinin mənim media fəaliyyətimdə xüsusi yeri var. Mənə müsahibə götürməyi, informasiya, reportaj yazmağı öyrədən insanlar Akif Aşırlı və Yusif Nəzərli olub. Bu baxımdan “Şərq” qəzeti mənim üçün doğma məkandır. Daha bir maraqlı əhvalat da danışmaq istəyirəm. “Şərq” qəzetindən ilk dəfə idi ki, məni müsahibəyə göndərmişdilər. Müsahibə götürəcəyim adam isə BDU-nun jurnalistika fakültəsinin dekanı Akif Rüstəmov idi. Yusif Nəzərli mənə istiqamət verəndə belə bir əhvalat danışdı ki, həmin ali məktəbin kitabxanaçılıq fakültəsinin dekanı Akif Rüstəmov ailəsində yaranan problemlərlə əlaqədar içki aludəçisinə çevrilib və hazırda tüfeyli həyat tərzi sürür. Elmlər Akademiyası şəhərciyi yaxınlığında insanlardan pul dilənir. Müsahibədə də bu məsələləri qabartmağımı istədi. Mən isə elə başa düşdüm ki, o Akif Rüstəmov mənim müsahibə götürəcəyim Asif Rüstəmovdur, sadəcə olaraq indi köhnə vərdişlərindən əl çəkib və yenidən dekan işləyir. Elə BDU-nun dördüncü mərtəbəsində A.Rüstəmovla da müsahibəmə belə bir sualdan başladım: “Akif müəllim, siz nə üçün dilənirsiniz?” Düzü, sualı da qorxa-qorxa verdim. Düşündüm ki, ya məni döyəcək, ya da söyəcək. O, xeyli ürəkdən güldü və dedi ki, “oğul, o, mən deyiləm, yuxarıdakıdır”. Üzr istəyib, yanlış gəldiyimi söyləyəndə, dedi ki, otur, düz gəlmisən, Akif zəng etmişdi. Həmin şəxsin də geniş həyat hekəyətini danışdı və maraqlı bir reportaj alındı. Manşetə də “Dilən, professor, dilən” adı ilə çıxarılmışdı.
Amma deyim ki, mənim təkmilləşməm “Hesabat” jurnalında oldu. Araşdırma jurnalistikasını publisistikaya çevirə bilməyimə görə Mirşahin müəllimə borcluyam. Yazını maraqlı etmək, sözlə oynamaq, publisistik formada oxucuya təqdim etməyi ondan öyrənmişəm. Yəni jurnalist kimi formalaşmağımda, imzamın tanınmasında “Şərq” qəzeti və “Hesabat” jurnalının böyük rolu olub.
– Bir az TV-dən danışaq. Sizinlə bağlı internet materialları ilə tanış olanda rastıma “Milli Televiziya və Radio Şurası Elektron Mediaya Yardım Fondu ilə birgə KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Azərbaycan Media məkanında ədəbi dilin qorunması” layihəsi əsasında aparılmış monitorinqin nəticələri” adlı bir sənəd çıxdı. Orada yazılıb ki, 2013-cü ilin 21 sentyabrında Siz “Hər gün” proqramında demisiniz: “Elçin Eyvazov deyir ki, icbari sığortada qiymətlər mühərrikin həcminə görə müəyyən edilirsə, könüllü sığortada avtomobilin dəyərindən [dəyərinnən], sürücünün yaşından [yaşınnan] və təcrübəsindən [təcrübəsinnən] asılı olaraq dəyişir.” Belə bir şey olub doğrudan da? Yəni orfoepik qaydanı pozmusunuz efirdə?
– Siz deyənə qədər bundan xəbərim yox idi. Sizin göndərdiyiniz linkdə bu monitorinqin nəticələri ilə tanış oldum. Bir çoxları ilə müqayisədə özümü peşəkar jurnalist hesab edirəm, amma mükəmməl deyiləm. Ona görə də, ola bilsin qaydaları pozmuşam. Amma düzü, orada elə imzaların buraxdığı səhvlərlə tanış oldum ki, mənim etdiyim o qayda pozuntuları onlarınkı ilə müqayisədə toya getməlidir. Efirdə jarqonlar, ləhcələr… Həm də illərlə televiziya, efir təcrübəsi olan şəxslər tərəfindən.
– Necə oldu ki, daxili orqanlarınızı bağışlamaq qərarına gəldiniz?
– Mən bunu ictimailəşdirməmişəm və ictimailəşdirməkdən də uzağam. Avtomobil sahibi kimi hər gün yollarda baş verən qəzaların, müxtəlif insanların həlak olmalarının şahidi oluram. Açıq desəm, belə bir hadisənin nə vaxtsa, mənim də başıma gələ biləcəyini istisna etmirəm. Ona görə də öləndən sonra daxili orqanlarımın torpaqda çürüməsindənsə, kimə isə həyat verməsinin tərəfdarıyam. İnkişaf etmiş ölkələrdə öldükdən sonra daxili orqanların xəstə insanlara bağışlanması adi bir haldır. İstərdim ki, bizdə də belə olsun. Məncə, xəstə orqanları dəyişməyə möhtac olanların ümumi bir informasiya bazası yaradılmalıdır.
– Yenə qayıdaq media mövzusuna. Orta statistik Oxucunun , Dinləyicinin, Tamaşaçının bizim KİV-dən gözləntiləri hansılardır?
– Hesab edirəm ki, KİV-in əsas vəzifəsi xəbər verməkdir, əzilənin yanında olmaq, haqqı tapdananın haqqını qorumaqdır və sair. Əgər mediamız bunları eləyə bilsə, yəqin ondan artığını istəməzlər.
– Bizim KİV sadalananların hansı hissəsini necə deyərlər, təmin edə bilir?
– Hərəsini bir az… Çünki mediada peşəkarların sayı çox azdır. İndi mediada elə adamlar var ki, cümlə qura bilmirlər. Amma di gəl ki, mətbuatla bağlı hər hansı bir rəsmi ya qeyri-rəsmi tədbirlərdə yuxarı başda əyləşdirilirlər.
– Jurnalist olmaq istəyən gənclərə nəyi tövsiyə edərdiniz?
– Bizim nəslimizdə jurnalist olmayıb. Atam da məni şərqşünas kimi görmək istəyirdi. İş belə gətirdi ki, jurnalist oldum və artıq 20 ilə yaxındır ki, jurnalistika ilə məşğulam. Jurnalist olmaq istəyənlərə isə tövsiyəm odur ki, peşəsinə, qələminə hörmət etsinlər. Bu peşənin tələbləri ilə məşğul olsunlar. İndi jurnalistlərə əvvəlki hörmət yoxdur. Jurnalist görəndə insanlar elə düşünürlər ki, demək, həmin şəxs hansısa təmənna güdür. Elə media rəhbərləri var ki, xəbər gətirən jurnalistə deyil, pul gətirən jurnalistə üstünlük verirlər. Pulu isə yalnız bəsit şantaj və ya sırf dilənçilik etməklə gətirmək mümkündür. Belə insanlar jurnalistikanı nüfuzdan salırlar. Qərbdə jurnalistika biznes sahəsidir. Amma biznes kimlərisə şantaj etmək, şəxsi həyatı barəsində kompromat toplayıb, pul qoparmaq deyil.
-Sizə uğurlar arzulayırırq.
Fuad Babayev, Gündüz Nəsibov,
1905.az