Davamı (əvvəli bu linkdə http://1905.az/%c9%99sassiz-erm%c9%99ni-iddialari-v%c9%99-tarixi-faktlar)
Ankara və Yozqat bölgəsində fəaliyyət göstərən erməni terrorçu birləşmələri
Suallar və cavablar
Son vaxtlar qondarma erməni “soyqırımı” ilə bağlı avantüralar yenidən dünya gündəmindədir. Real tarixi faktları görməzdən gələrək, heç bir əsası olmayan saxta “dəlillərlə” beynəlxalq ictimaiyyətin mövqeyini çaşdırmağa yönələn bu kimi bədnam kampaniyalar çərçivəsində əsl həqiqətlərin daha geniş miqyasda təbliğinə zəruri ehtiyac yaranır. 2011-ci ildə Ankarada “Center for Strategic Research” tərəfindən ingilis dilində nəşr edilən “Armenian all egations and historical facts. Questions and answers” (“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar”) kitabı bu baxımdan erməni yalanlarına qarşı mübarizədə əsas vasitələrdən biri hesab oluna bilər.
Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər BAXŞƏLİYEVA tərəfindən Azərbaycan dilinə tərcümə olunan və dərci üçün müəyyən ixtisarla redaksiyamıza təqdim edilən bu kitab yalnız elmi ictimaiyyətə deyil, ümumilikdə hər bir azərbaycanlı üçün əsl tarixi gerçəkləri öyrənmək baxımından dəyərli istinad mənbəyi ola bilər. Onu müəyyən hissələrlə diqqətinizə təqdim edirik.
4-cü sual:
Doğrudanmı türklər 1890-cı ildən başlayaraq erməniləri məhv etməyə çalışırdı
“Erməni məsələsi” əsasən XIX əsrin ikinci yarısından başlamışdır. Burada Rus-Türk müharibəsini (1877-78) və bu məsələni Avropada problem kimi qabardan Berlin Konqresini (1878) qeyd etməliyik. Faktiki olaraq məsələnin kökünü aydınlaşdırmaq üçün 1820-ci ildə Rusiyanın etdiklərinə qayıtmaq lazımdır. Çar Rusiyası məhz bu zaman Mərkəzi Asiyadan öz böyük yeni imperiya ekspansiyasına başladı və bu prosesə Çin sərhədlərində və Sakit okean boyu əsas türk xanlıqları cəlb edildi. Həmin vaxt Rusiyanın imperiya ambisiyaları Cənuba, Osmanlı imperiyasına və açıq dənizlərə yol açmağa yönəlmişdi. Bu ambisiyanın əsas hissəsini Rusiya Osmanlı gücünün daxildən sarsıdılmasına, sultanın təbəələri olan xristianlara, əsasən ümumi ortodoks dinə mənsub olan yunanlara, Balkan slavyanlarına və ermənilərə şamil edirdi. Rus agentləri yunan üsyanını qızışdırır, Serbiya və Bolqarıstanda panslavizmi hərəkətə gətirdikləri zaman digərləri Qafqaza doğru hərəkət edərək, Eçmiədzində erməni qriqorian kilsəsinin katolikosuna Rusiya təsirini təmin etməyə çalışır, beləliklə də, əksər Osmanlı qriqorianlarına mənəvi dəstək olurdular. Rusiya İstanbul patriarxının qısqanclığından öz xeyrinə istifadə edirdi. Belə ki katolikos Nerses Aratarakes Rusiya ordusunu 1827-1828-ci illərdə İranla Qafqaz müharibəsində dəstəkləmək üçün 60 000 erməniyə başçılıq etdi. Bu hadisələr zamanı Qafqazda bir çox ərazi, həmçinin ermənilər yaşayan yerlər tutulur. Katolikosun dəstəyi ilə sərhəd boyu Şərqi Anadoluda rusların peyda olması onların Osmanlı erməniləri arasında nüfuzunu artırdı. Rusiyanın təzyiqi ilə İstanbulda 1844-cü ildən başlayaraq katolikosun adının gündəlik ibadətdə çəkilməsinə nail olunmuş, bu isə sonrakı illərdə Osmanlı ermənilərinin Rusiyaya meylini artırmışdı. Osmanlı ermənilərinin əksəriyyəti vəziyyətlərindən razı idi, bu da rus təbliğatına güclü təsir edirdi, ancaq Qafqaza mühacirət edənlər Osmanlı sabitliyinə və hakimiyyətinə qarşı yönələn Rusiyanın siyasətinə dəstək verdilər. Onların tərk etdiyi ərazilərdə Rusiyada və Şərqi Avropada təqiblərlə üzləşən və Osmanlı imperiyasına qayıdan müsəlman qaçqınlar yerləşmişdi. Bu, 1880 və 1890-cı illərdə durumları ilə razı olmayan erməni mühacirlərin Osmanlı imperiyasına qayıtmasına və ərazi mübahisələrinə səbəb olmuşdu. Rusiya Osmanlı xristianlarından istifadə etmək istəyən yeganə xarici dövlət deyildi. İngiltərə və Fransa ermənilərin çoxunu protestantlığa və katolikliyə keçirmək üçün missioner hərəkatları maliyyələşdirir, bu, İstanbulda 1830-cu ildə katolik kilsəsinin, 1848-ci ildə isə protestant kilsəsinin yaranmasına gətirib çıxarır. Bu hadisələr bilavasitə “erməni məsələsi”nin inkişafı ilə bağlı olmasa da, qriqorian kilsəsində narazılıqlara səbəb oldu və Rusiya bundan öz mənafeyi üçün istifadə etdi.
Digər tərəfdən, 1856-cı il islahatı böyük əhəmiyyət kəsb edirdi. Osmanlı dövlətindən dəstək alan kilsə və digər dini qurumlara hər birinə dinindən asılı olmayaraq eyni hüquqlar verilmişdi, bu isə nəticə etibarilə daxili nizamı təmin etməyə və müəyyən məqsədlərə çatmağa yönəlmişdi. Ermənilər razı olduğuna görə patriarx tərəfindən Erməni Millət Nizamnaməsi tərtib edilmiş və 29 mart 1862-cı ildə Osmanlı dövlətində qüvvəyə minmişdi. Xüsusi əhəmiyyət kəsb edən yeni nizamnaməyə görə, erməni milləti dövlətdə 140 üzvlə, o cümlədən İstanbul patriarxatının 20 nümayəndəsi, İstanbul icmasından 80, əyalətdən isə 40 nəfər təmsil olunurdu. İngiltərə və Fransa tərəfindən qəbul edilməsi tövsiyə olunan 1856-cı il islahat nizamnaməsi erməniləri dəstəkləyir və Rusiyada olan eyni etnik qrupun nümayəndələrinin maraqlarını müdafiə edirdi. Onların narahatlığı erməni sevgisindən çox öz imperialist maraqlarına əsaslanırdı. Ermənilərə Şərqi Anadoluda tarix boyu nəzarətlərində olmayan Qara dənizlə Aralıq dənizi arası böyük ərazi vəd edilmişdi.
Məhz bu şəraitdə Türk-Rus müharibəsi (1877-78) ermənilərin Rusiyanın köməyi və himayəsi ilə azadlıq haqqında olan arzularını canlandırdı. Müharibənin sonunda İstanbulun erməni patriarxı Nerses Variabedyan Eçmiədzin katolikosu vasitəsilə rus çarı ilə əlaqə quraraq rus qüvvələri tərəfindən zəbt edilmiş Anadolu ərazisini qaytarmamağı xahiş etdi. Müharibədən dərhal sonra patriarx o zaman İstanbulun yaxınlığında San Stefanoda yerləşən rus düşərgəsinə gedib rus komandanı, Böyük Knyaz Nikolaydan bütün Şərqi Anadolu ərazisinin Rusiyaya verilməsini və orada Bolqarıstandakı kimi muxtar erməni dövlətinin elan edilməsini xahiş etdi. Bu mümkün olmadıqda isə bu ərazilər Osmanlı imperiyasına qaytarılmalı və məsələ ermənilərin xeyrinə öz həllini tapmayana qədər rus ordusu buradan çıxarılmamalı, idarəetmə və inzibati vəzifələri icra edərək, ərazilərin idarəçiliyini təşkil etməli idi. Ruslar San Stefano anlaşmasının 16-cı maddəsi ilə razılaşdılar. Danışıqlar aparılan zaman rus ordusunda olan erməni zabitləri Osmanlı erməniləri arasında narazılığı qızışdıraraq, onları “Balkan xristianlarında olan azadlıq formasını” təmin etməyə çağırırdı. Rus ordusunun çıxarılmasından sonra bu bəyanat Şərqi Anadolu ermənilərinə çox güclü təsir etdi.
Lakin San Stefano danışıqları Rus-Türk müharibəsinin dayandırılması üçün son vasitə deyildi. İngilislər haqlı olaraq təkcə bu ərazilərdə Rusiyanın hegemonluğunun olmasından deyil, həmçinin Osmanlı imperiyasından gələn təhlükələrdən də ehtiyat edir, türklərin Fars körfəzinə və Hind okeanına çıxması və oradan Hindistanda olan ingilis əraziləri üçün də təhlükə yaratması ehtimalından çəkinirdilər. Kiprin ingilis işğalına dair Osmanlı razılığının əvəzində Şərqi Anadoluda Rusiya təhlükəsi mövcud idi. İngiltərə San Stefanoda bu məqsədlə keçirilən Berlin konqresinin maddələrini pozmaq üçün Avropada olan nüfuzundan istifadə etməyə razılaşdı. Nəticədə Rusiya Qars, Ərdəhan və Batum bölgələrindən başqa bütün Şərqi Anadolu ərazilərinin azad edilməsinə və 5 dövlətin ermənilərlə məskunlaşmış bölgələrdə imzaladığı “islahatlar” institutu ilə razılaşmağa məcbur olmuşdu. Bu zamandan İngiltərə problemlərin həllində “erməni məsələsi”ndən öz mənafeyinə uyğun istifadə etməyə başladı.
Erməni patriarxı Berlin konqresində iştirak etmək üçün nümayəndə heyəti göndərdi. Onlar alınan qərardan narazı qalıb İstanbula problemi “mübarizə və inqilab” vasitəsilə həll etmək əzmi ilə qayıtdılar. Rusiya da konqresdən öz məqsədinə çatmayaraq qayıtdı, Yunanıstan və Bolqarıstan İngiltərənin təsiri altında qaldı. Buna görə o, daha artıq güclə Şərqi Anadolu ərazisində nəzarəti saxlamağa çalışır və bu məqsədlə ermənilərdən siyasi alət kimi istifadə edirdi. Lakin bu məsələdə Rusiyanın arxasında erməniləri öz milli mənafeyinə uyğun istifadə etməyə çalışan İngiltərə dururdu. Ermənipərəst fikirləri ilə məşhur olan fransız yazıçısı Rene Pinonun sözlərinə görə, “Ermənistan İngiltərənin əlində Rusiya ekspansiyasına qarşı vasitə oldu”. Rusiya ya Britaniyanın təsiri altında, hər halda, ermənilər Osmanlılara qarşı öz imperiya ambisiyalarını irəli sürməyə başladılar.
İngiltərənin baş naziri Benjamin Disraeli və torilər Berlin konqresində Osmanlı ərazisinin bütövlüyünü Rusiya ekspansiyasına qarşı müdafiə etdi. Amma Vilyam Qlədstonun və liberalların 1880-ci ildə hakimiyyətə gəlişindən sonra İngiltərənin Osmanlılara qarşı siyasəti kəskin dəyişdi. O, Osmanlı imperiyasının maraqlarına zidd olmaqla bu ərazidə Ermənistan da daxil olmaqla kiçik dövlətlərin yaranmasını dəstəkləyirdi. Bu siyasətə uyğun olaraq İngiltərənin dövri mətbuatı Şərqi Anadolunu “Ermənistan” adlandırmağa başladı, xristian əhali ilə əlaqə qurmaq üçün ərazinin hər yerində İngiltərənin konsulluqları açıldı, Şərqə göndərilmiş protestant missionerlərin sayı artdı, yeni siyasətə təsir etmək üçün Londonda ingilis-erməni dostluq komitəsi yaradıldı. Rusiya və İngiltərənin ermənilərdən öz mənafeləri üçün bir alət kimi istifadə etmələri erməni və bir çox digər xarici mənbələrdə sənədləşdirilmişdir. Belə ki İstanbuldakı Fransa səfiri Pol Kambon 1894-cü ildə Qayd’Orseyə məlumat verirdi ki, “Qlədston erməniləri nizamla toplayaraq onlara kömək və komitənin təbliğatını vəd edir”. Edqar Qranvil deyirdi ki, “rusların çağırışından əvvəl Osmanlı ərazisində heç bir erməni hərəkatı olmamışdır. Günahsız insanlar çarın himayəsi altında “böyük Ermənistan” arzusuna görə ziyan çəkmişlər” və “Erməni hərəkatları Şərqi Anadolunu Rusiyaya birləşdirməyə çalışırdı”. “Hairenik” daşnak qəzeti 28 iyun 1918-ci il nömrəsində yazırdı ki, “Türkiyədə ermənilər arasında üsyan ruhunun qalxması Rusiya təbliğatının nəticəsi idi”. Erməni patriarxı Xoren Aşikyan “Ermənistan tarixi” kitabında yazırdı: “İngiltərənin xeyrinə təbliğat aparan və Britaniyanın nəzarəti altında avtonomiya arzulayan Türkiyənin müxtəlif yerlərinə çoxlu sayda protestant missioner səpələnmişdir. Onların məxfi planlarının həyata keçirilməsi üçün məktəblər açılmışdı”. Erməni dini lideri Qrant Vartaped yazırdı ki, “Osmanlı dövlətinin ərazisində protestant qurumların yaradılması və onların İngiltərə və Amerika tərəfindən müdafiə olunması göstərir ki, onlar Qərbin istənilən mənəvi, dini hisslərini axtardıqları sivilizasiyada istifadə etməkdən imtina etməyiblər”, hətta Eçmiədzin katolikosu V Gevork çar Rusiyasının aləti olaraq Anadolu ermənilərinə xəyanət etmişdir.
Bu siyasətin nəticəsində 1880-ci ildən başlayaraq Şərqi Anadoluda və Ərzurumun milli qvardiyasında erməni təşkilatları yaradılmışdır. Lakin bu təşkilatların az təsiri var idi, çünki Osmanlı imperiyasında ermənilər firavan yaşayırdı və Osmanlı idarəçiliyindən heç bir şikayətləri yox idi. Zamanla bu cəmiyyətlər fəaliyyətsizliyinə görə bağlandılar. Erməni millətçiləri “Hnçak” cəmiyyətinin mərkəzini 1887-ci ildə Osmanlı imperiyasından kənara, Cenevrəyə, Daşnak komitəsini isə 1890-cı ildə Tiflisə köçürdü və hər iki cəmiyyət öz əsas məqsədini Şərqi Anadolunun və osmanlı ermənilərinin Osmanlı dövlətinin təsirindən azad olunması kimi bəyan etdi.
Erməni tədqiqatçısı Luis Nalbandyana görə “Hnçak” proqramında deyilirdi: “Təbliğat və terror xalqın “ruhunu yüksəltmək” üçün lazımdır. İnsanlar öz düşmənlərinə qarşı yönəlməli və onların cavab hərəkətlərindən “faydalanmalıdırlar”. Terror insanların müdafiə üsulu və “Hnçak” proqramına inam qazanmaq üçün istifadə olunmalıdır. Osmanlı hökumətinə qarşı terrordan istifadə edərək, partiya bu vasitə ilə rejimin nüfuzunu aşağı salırdı və dövlətin dağılmasına çalışırdı. Hökumət özü terrorçuluq taktikasının tək mərkəzi olmamalı idi. “Hnçak” üzvləri hökumətə işləyən erməni və türklərin çoxunu məhv etmək istəyirdi. Bütün terror aktlarının yerinə yetirilməsi üçün xüsusi fövqəladə komitələr yaradılmalı idi. Bunu təxirə salınmaz məqsədlərə çatmaq və üsyanın baş verməsi üçün Türkiyənin müharibəyə başı qarışdığı zamanı əlverişli hesab edirdilər”.
K.S.Papazyan daşnak cəmiyyəti haqqında yazırdı: “Daşnakın məqsədi Türk Ermənistanının Türkiyədən üsyan vasitəsilə siyasi və iqtisadi azadlıq əldə etməsinə yönəlməlidir, terror daşnakların siyasətdə istədiklərinə çatmaq üçün istifadə edilməlidir. 1892-ci ildə qəbul edilmiş proqramda oxuyuruq: “Erməni Üsyan Federasiyası (Daşnak) öz məqsədinə çatmaq üçün üsyan qrupları yaradır. 8-ci məcəllə dövlət işçilərinə qarşı terrorçuluğa, 11-ci məcəllə isə dövlət müəssisələrinin talan və məhv edilməsinə həsr olunmuşdur”.
“Daşnak”ın əsasını qoyanlardan və ideoloqlarından biri, doktor Cin Loris-Melikoff yazırdı: “Həqiqət bundan ibarətdir ki, partiyanı (“Daşnak” komitəsi), partiyanın maraqlarını xalqın və millətin maraqlarından üstün tutan oliqarxiya idarə edir. Əvvəlcə onlar burjuaziya və iri tacirlər arasında idi. Nəhayətdə onlar bütün vasitələrdən istifadə edərək rus üsyançılarından “vasitə məqsədə bəraət qazandırır” şüarını əxz edərək sonda terrora keçdilər”.
Həmin siyasət “Daşnaksütyun tarixi”ndə (Paris, 1932) öz əksini tapmışdır.
Beləliklə, erməni yazıçıları özləri boyunlarına aldılar ki, onların üsyan komitələrinin əsas məqsədi üsyanı yetişdirmək idi, mübarizə üsulu isə terror idi. Vaxtı itirməyərək onlar proqramı həyata keçirməyə başladılar. “Hnçak”ın köməyi ilə onlar planlarını Osmanlı imperiyasının mərkəzindən əvvəl onun əyalətlərində çözür və həyata keçirirdilər.
Birinci üsyan Ərzurumda 1890-cı ildə baş verdi. Elə həmin ildə narahatlıq Kumkapıdan sonra İstanbulda, daha sonra isə Kayseri, Yozqat, Corum və Mənzifonda 1892-93-cü illərdə, Sasunda isə 1894-cü ildə oldu. 1895-ci ildə Sablim limanında Zeytun qiyamı və erməni yürüşü baş verdi, 1896-cı ildə isə Van üsyanı baş verdi və İstanbulda Osmanlı bankı tutuldu. İkinci Sasun üsyanı 1903-cü ildə, Sultan II Əbdülhəmidə qarşı sui-qəsd 1905-ci ildə, Adana üsyanı 1909-cu ildə baş verdi. Bütün bu üsyanlar erməni üsyan komitələri tərəfindən Avropa və Amerikada türklər tərəfindən ermənilərin təqib edilməsi kimi qələmə verildi və xristian xalqlarının həmrəylik hisslərini xeyli oyatdı.
Bu təbliğatın qərb mətbuatında yayılmasında əsas rolu Anadoluya göndərilən missionerlər və konsul nümayəndələri oynadı. Bu, Qərb dövlətlərində ictimai fikri müsəlman, türklər və Osmanlı imperiyasının əleyhinə yönəltdi. Üsyan, qırğın və kütləvi qətliam törədən erməni üsyan komitələrinin mövcud olduğunu təsdiqləyən bir çox diplomat və yüksək rütbəli Qərb konsul nümayəndələri var idi.
1876-cı ildə İngiltərənin İstanbuldakı səfiri yazırdı ki, erməni patriarxı ona deyib: “Əgər üsyan Avropanın diqqətini cəlb etmək üçün lazımdırsa, bunu etmək çətin deyil”.
1894-cü il martın 28-də İngiltərənin İstanbuldakı səfiri Karri Xarici İşlər Nazirliyinə məlumat verirdi: “Üsyan komitələrinin məqsədi ümumi narazılığın yaradılmasına, xalqın və türk dövlətinin zorakılığa cavab verməsinə və xarici ölkələrin diqqətini ermənilərin “əzablarına” cəlb etməsinə və vəziyyəti düzəltmək üçün hərəkətə keçməsinə yönəlib”.
28 yanvar 1895-ci ildə Ərzurumdakı Britaniya konsulu Greyvs İstanbuldakı Britaniya səfirinə yazırdı: “İnqilabi komitələrin məqsədi böyük narazılıq yaradaraq türk hökumətini və xalqını zorakılığa vadar etmək və beləliklə də, xarici dövlətlərin diqqətini erməni xalqının dözülməz iztirablarına cəlb etmək və onları vəziyyəti düzəltməyə sövq etməkdir”. “Nyu York Herald”ın müxbiri Sidney Vitmana demişdi: “Əgər erməni inqilabçısı bu ölkəyə gəlməsəydi və erməni üsyanına cəlb edilməsəydi, bu qarşıdurmalar baş verərdimi? Əlbəttə ki, yox. Şübhə edirəm ki, heç olmasa bir erməni öldürülmüş olardı”.
İngiltərənin vitse-konsulu Vilyams 4 mart 1896-cı ildə Vandan yazırdı: “Daşnaklar və “Hnçak” üzvləri öz soydaşlarını terrora məruz qoyaraq, müsəlmanları oğurluq və ağılsız hərəkətlərlə hiddətləndirib və islahatları həyata keçirən bütün səyləri iflic ediblər. Anadoluda yer alan bütün cinayətlərin məsuliyyəti erməni inqilab komitələrinin üzərindədir”.
Mersindəki Britaniya vitse-konsulu Doti Vili 1909-cu ildə yazırdı: “Ermənilər xarici müdaxilə üçün işləyirlər”.
Rusiyanın Bitlis və Vandakı konsulu general Mayevski 1912-ci ildə məlumat verirdi: “1895 və 1896-cı illərdə erməni inqilab komitələri ermənilərlə yerli əhali arasında elə bir inamsızlıq yaratdı ki, bu, həmin ərazilərdə hər hansı islahatı mümkünsüzləşdirdi. Erməni keşişləri dini təhsilə diqqət yetirmək əvəzinə monastırın divarlarına hopmuş millətçi ideyaları yayırdılar və dini vəzifələri yerinə yetirmək əvəzinə xristianları müsəlmanlara qarşı qaldırmaq üçün əllərindən gələni edirdilər. 1895 və 1896-cı illərdə Türkiyənin bir neçə vilayətində baş verən üsyanlar nə erməni kəndlərində olan kasıblığın, nə də müsəlmanların onlara qarşı hərəkətlərinin nəticəsi idi. Faktiki olaraq bu kəndlilər qonşu kəndlərə nisbətən xeyli varlı və firavan yaşayırdılar. Doğrusu, erməni üsyanı üç səbəbdən baş verdi:
1. Onların artan siyasi yetkinlikləri;
2. Erməni icmasında millətçilik, azadlıq, müstəqillik ideyalarının yayılması;
3. Bu ideyaların erməni keşişləri vasitəsilə Qərb hökumətləri tərəfindən dəstəklənməsi”.
1912-ci ilin dekabr ayında başqa bir məruzədə Mayevski yazırdı: “Daşnak üsyançı komitəsi çalışırdı ki, elə bir situasiya yaransın ki, erməni və müsəlmanlar bir-birinə hücum etsin və bu yolla rusların müdaxiləsinə zəmin yaransın”.
Nəhayət, daşnak ideoloqu Varandiyan etiraf edir ki, komitə “Avropanın müdaxiləsinə əmin olmaq istəyirdi”, Papaziyan isə qeyd edirdi ki, “…onların üsyanlarının məqsədi Avropa qüvvələrinin Osmanlının daxili işlərinə qarışmaq üçün zəmin yaratmaq idi.” Onların hər bir silahlı üsyanında erməni terrorçu komitələri həmişə Avropanın müdaxiləsinin dərhal olacağını təbliğ edirdilər. Hətta bu komitələrin üzvləri belə bu təbliğata bel bağlayırdılar. Faktiki olaraq İstanbulda Osmanlı bankı tutulan vaxt erməni terrorçu Armen Aknomi çarəsiz şəkildə Britaniya donanmasını gözlərkən özünə qəsd edir. Bununla da bilinir ki, erməni üsyanlarının təməli nə kasıblıq, istismar, nə də islahat istəyi idi, bu, sadəcə, erməni inqilab komitələrinin və erməni kilsəsinin Qərb qüvvələri və Rusiya ilə birlikdə Osmanlı imperiyasını parçalamaq istəyi idi.
Buna cavab olaraq belə situasiyalarda başqa dövlətlər nə edirdilərsə, Osmanlı da onu etdi və üsyançılara qarşı ordu göndərərək asayişi bərpa etdi, bununla da, tezliklə sabitlik əldə olundu, çünki erməni əhalisinin çox az hissəsi üsyançılara və üsyançı əhaliyə kömək edib dəstəkləyirdi.
Avropa mediası və əhalisi missioner və inqilabçı cəmiyyətlərin yaydığı yalan sayəsində qarışdı, hər Osmanlı əmr və sərəncamının yenilənməsi avtomatik olaraq xristianların “qətliamı” hesab olunurdu, belə ki minlərlə müsəlmanın qətlinə məhəl qoyulmur, amma xristianların müsəlmanlara qarşı iddiaları avtomatik olaraq qəbul edilirdi. Bir çox hallarda Avropa ölkələri nəinki Osmanlının yeniləşməsinin qarşısını almağa cəhd etdilər, hətta bir neçə terrorçunun Zeytun üsyanında, Osmanlı bankının tutulmasında, Sultan Əbdülhəmidin sui-qəsdində iştirak edənlər də daxil olmaqla azad olunmasını belə təmin etdilər. Bunların çoxu Avropadakı maliyyə dəstəkçiləri ilə birlikdə Osmanlıdan xaric edildilər, amma yenidən Osmanlı ərazilərinə qayıdıb öz terrorçu əməllərini davam etdirmək üçün saxta şəxsiyyət vəsiqələri və başqa sənədlər əldə etmələri uzun çəkmədi. Həm erməni üsyançılarının, həm də xəyalpərəst Avropa qüvvələrinin iddialarında bir əsas fakt vardı ki, onlar bunu inkar edə bilməzdilər. Ermənilərin adına çıxılan ərazilərin az bir hissəsində erməni əhali yaşayırdı, məhz “tarixi Ermənistan” (Ərzurum, Bitlis, Van, Elaziz, Diyarbəkir və Sivas) adlandırılan altı şərq ərazisi, “Erməni Kilikiyası” (Hələb və Adana) adlanan iki vilayət və nəhayət, Trabzon-Qara dəniz sahilinə çıxış onların ərazisi kimi iddia edilirdi. Qərb qüvvələri arasında erməni iddialarını dəstəkləyən Fransa Sarı Kitabı belə onların bu ərazilərdə azlıq təşkil etdiyini göstərirdi:
Cəmi əhali | Qriqorian erməni əhalisi | Ermənilərin bütün əhaliyə nisbətdə faizi | |
Ərzurum | 645.702 | 134.967 | 20,90 |
Bitlis | 398.625 | 131.390 | 32,96 |
Van | 430.000 | 80.798 | 18,79 |
Elaziz | 578.814 | 69.718 | 12,04 |
Diyarbəkir | 471.462 | 79.129 | 16,78 |
Sivas | 1.086.015 | 170.433 | 15,68 |
Adana | 403.539 | 97.450 | 24,14 |
Hələb | 995.758 | 37.999 | 3,81 |
Trabzon | 1.047.700 | 47.200 | 4,50 |
Hətta inanılmaz faktdır ki, ermənilər kənd əhalisinin üçdə birindən çox deyildilər. 1910-cu ilin Britaniya ensiklopediyasına əsasən ermənilər əyalət əhalisinin 15 faizini təşkil edirdi. Belə olduğu halda mümkün deyil ki, böyük xarici dəstəksiz onlar Osmanlı ərazisində müstəqillik əldə etməklə yanaşı, türk əhalini oradan çıxarmağı və əvəzinə erməni immiqrantları yerləşdirməyi tələb etsinlər.
Rusiya faktiki olaraq ermənilərdən öz məqsədi üçün istifadə edirdi. Osmanlı ərazisində ermənilərə müstəqillik verilməsi real ola bilməzdi. Qısa müddətdə bütün Qafqazı tutan ruslar erməni və gürcü kilsələrinin idarəsini ələ keçirmək üçün erməniləri rusifikasiyaya məruz qoymaq siyasəti güdürdülər. 1836-cı ilin Polijenia qanununa əsasən Eçmiədzin katolikosunun gücü və vəzifələri məhdudlaşdırıldı və onun təyinatı çara verildi. 1882-ci ildə Rusiya imperiyasında erməni qəzetləri və məktəbləri bağlandı və 1903-cü ildə dövlət erməni kilsəsi ilə birlikdə məktəb və müəssisələrin bütün gəlirlərini öz idarəsi altına aldı. Eyni zamanda, Rusiyanın xarici işlər naziri Labanov-Rostovski “ermənilərsiz Ermənistan” sloqanını qəbul etdi, bu sloqan bəzi erməni təbliğatçıları və həmin illərin yazıçıları tərəfindən Osmanlı idarəçiliyini xarakterizə etmək üçün istifadə olunurdu. Rusların ermənilərə təzyiqi çox ağır idi. Erməni tarixçisi özünün “Erməni hərəkat tarixi” kitabında qeyd edir ki, “Osmanlıdakı ermənilər adət, din, mədəniyyət və dil baxımından çar itaətində olan Rusiyadakı ermənilərə nisbətən daha azad yaşayırdılar”. Edqar Qranvilin yazdığına görə, “Osmanlı imperiyası ermənilərin ruslardan qorunması üçün yeganə sığınacaq idi”.
Rusların məqsədi müstəqil Ermənistan yaratmaq deyil, Birinci Dünya müharibəsində olduğu kimi, Şərqi Anadolunu almaq üçün ermənilərdən istifadə etmək idi. Osmanlı imperiyasını parçalamaq üçün Antanta ölkələri arasında gizli müqavilə imzalandı, muxtar və ya müstəqil şəkildə Ermənistana veriləcək ərazilər Ermənistanın iştirakı olmadan ruslar və fransızlar arasında bölündü. Həmin vaxt çar, Eçmiədzin katolikosunun “rusların erməni problemi yoxdur” etirazına qarşı cavab tədbiri gördü. Erməni yazıçısı Boryan belə tamamlayır: “Çar Rusiyası heç vaxt ermənilərin muxtariyyətini istəməyib. Bu səbəbdən bilinməlidir ki, Ermənistanın muxtariyyəti üçün çalışan ermənilər çarın agentləri olaraq, Şərqi Anadolunu Rusiyaya birləşdirmək istəyirdilər”.
Erməniləri illərlə aldadan ruslar nəticədə ermənilərə boş xəyallardan başqa heç nə verə bilmədilər.
(ardı var)
“Azərbaycan” qəzeti, 1 iyul 2016